İkinci Dünya müharibəsinin başa çatmasından sonra, 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində İtaliya ordusu ABŞ istehsalı olan “Bell 47” və “Sikorsky H-19” kimi helikopterləri silahlanmaya qəbul etmişdi. İlk rotorqanadlı aparatlardan nəqliyyat, əlaqələndirmə, axtarış və xilasetmə tapşırıqları üçün istifadə olunurdu. Daha sonra isə İtaliyanın aviasiya sənayesi helikopterlərin yerli istehsalına başladı.
Bu səylər nəticəsində formalaşan və hazırda “Leonardo S.p.A.” şirkəti ətrafında cəmləşən İtaliya aviasiya sənayesi yeni nəsil döyüş helikopterinin ixracatçısına çevrilmək ərəfəsindədir. Söhbət AW249 “Fenice” (Feniks) helikopterindən gedir.
Bu həftə keçirilən “ILA Berlin” Aviaşousunda AW249 döyüş helikopteri İtaliya xaricində ilk dəfə ictimai uçuş nümayişi həyata keçirib. Daha əvvəl o, 2024-cü ildə Parisdə keçirilən “Eurosatory” sərgisində nümayiş etdirilmişdi. Bu barədə beynəlxalq hərbi təhlil şirkəti “Janes” məlumat yayıb. İki mühərrikli və iki nəfərlik ekipaja malik hücum helikopteri İtaliya Silahlı Qüvvələrinin ehtiyacları üçün hazırlanıb. Lakin “Leonardo” şirkətinin qlobal bazarda da imkanlar axtardığı aydın görünür.
AW249 “Fenice” helikopteri haqqında
İstifadəyə qəbul edildiyi il: 2025
İstehsal sayı: məlum deyil (ən azı 4 ədəd)
Uzunluğu: 17,63 metr
Rotor diametri: 14,60 metr
Maksimal uçuş çəkisi: 8300 kiloqram
Mühərrik: hər biri 2503 at gücünə malik iki ədəd “General Electric” CT7-8E6 turbin mühərriki
Maksimal sürəti: saatda 287 kilometr
Maksimal uçuş məsafəsi: yükdən asılı olaraq 550-740 kilometr
Praktiki uçuş hündürlüyü: 6000 metr (əsasən daha aşağı hündürlüklərdə fəaliyyət göstərir)
Silahlanma:
- Burun hissəsində yerləşdirilmiş bir ədəd TM197B tipli 20 mm çaplı üç lüləli “Gatling” topu,
- Qarışıq sursatlar üçün altı asqı nöqtəsi,
- 2800 kiloqrama qədər döyüş yükü.
Ekipaj: 2 nəfər (pilot və silah sistemləri zabiti)
“Janes”in məlumatına görə, AW249 “Fenice” 2000 kiloqrama qədər sursat daşıya bilir. Bunlara altı asqı nöqtəsində yerləşdirilə bilən “Rafael Spike” raketləri, digər “hava-yer” və “hava-hava” raketləri, idarəolunmayan və idarəolunan raketlər, eləcə də xarici yanacaq çənləri daxildir.
Helikopter ballistik təsirlərə davamlı özünü möhürləyən yanacaq çənləri, gücləndirilmiş qəza davamlı konstruksiya və zirehli ekipaj oturacaqları ilə təchiz olunub. “Fenice” radar və infraqırmızı diapazonda aşkarlanmanı azaltmağa yönəlmiş texnologiyalara malikdir. Müdafiə sistemlərinə rəqəmsal radar xəbərdarlıq qəbuledicisi (RWR), raket və lazer xəbərdarlıq sistemləri (M/LWS), həmçinin birbaşa infraqırmızı əks-tədbir sistemi (DIRCM) daxildir.
Bundan əlavə, helikopter dipol əks etdiricilər və istilik tələləri buraxan qurğularla təchiz edilib.
AW249-un sensor kompleksinə qabaqcıl LIDAR sistemi, relyef və maneələrin aşkarlanması üçün mikrodalğalı radar, eləcə də müasir döyüş meydanının üçölçülü görüntüsünü təqdim edə bilən inteqrasiya olunmuş dəbilqəyə quraşdırılan göstəricilər daxildir. Helikopter gələcək tələblər nəzərə alınaraq hazırlanıb və pilotlu-pilotsuz birgə fəaliyyət konsepsiyasını tam dəstəkləyir. Bu isə onun hava PUA-ları kimi avtonom platformalarla birgə işləməsinə və əməliyyatları koordinasiya etməsinə imkan verir.
“Fenice” hələ də planlaşdırıldığı kimi xidmətə qəbul olunacaqmı?
“Leonardo” hazırda sertifikatlaşdırma prosesini gələn ildən başlayacaq təhvil proqramından əvvəl tamamlamağa çalışır. Romanın rəsmi planına əsasən, 1990-cı illərdə silahlanmaya qəbul edilmiş köhnəlmiş A129 “Mangusta” helikopterlərini əvəz etmək üçün ilkin mərhələdə 48 ədəd AW249 alınmalıdır.
Lakin hər kəs AW249-un əfsanəvi Feniks quşu kimi yenidən yüksələcəyinə inanmır. Analitik Brandon Vayxert ötən il yazdığı məqalədə belə qeyd etmişdi: “İtaliyanın niyyəti düzgündür, lakin görünür ki, o, uğursuzluğa məhkum edilmiş helikopter sistemini satın alır. Roma hər şeyi planlaşdırdığı kimi həyata keçirsə belə, İtaliyanın müdafiə sənayesi bazasının ciddi problemlərlə üzləşdiyi fakt olaraq qalır”.
Proqramla bağlı texniki çətinlikləri nəzərə alan Vayxert hesab edir ki, Roma bir neçə helikopterdən artıq istehsal etmək üçün “çox böyük çətinlikləri” aradan qaldırmalı olacaq.
Lakin ən azı bu həftə ərzində “Leonardo” və xüsusilə AW249 “ILA Berlin” Aviaşousunun səmasında uğurla uçuşlar həyata keçirərək İtaliyanın “Fenice” proqramına sadiq olduğunu nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az