ABŞ Ali Məhkəməsi Alabamada azot qazı ilə edamın icrasını dayandırıb

2026/06/1781292954.jpg
Oxunub: 215     23:34     12 İyun 2026    
ABŞ Ali Məhkəməsi Alabama ştatında azot qazı tətbiq edilməklə həyata keçirilməsi planlaşdırılan edam hökmünün icrasını dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, qərar aşağı instansiya məhkəmələrinin bu üsulu “ehtimal ki, Konstitusiyaya zidd” hesab etməsindən sonra Alabama hakimiyyətinin təcili şikayətinin rədd edilməsi nəticəsində qəbul olunub.

Ali Məhkəmənin qərarı imzasız və əsaslandırma təqdim edilmədən açıqlanıb ki, bu da təcili qərarlar zamanı tətbiq olunan adi praktikadır.

Qərara qarşı üç mühafizəkar hakim Klarens Tomas, Samuel Alito və Nil Qorsaç çıxış edib.

Bu qərar Alabama hakimiyyəti üçün ciddi zərbə hesab olunur. Ştat rəhbərliyi 49 yaşlı Cefri Linin edam hökmünü cümə axşamı yerli vaxtla saat 18:00-da icra etməyi planlaşdırırdı.

Qərarın azot hipoksiyası kimi tanınan bu edam üsulunun konstitusionluğu ilə bağlı gələcək məhkəmə çəkişmələrinə də təsir göstərə biləcəyi qeyd olunur.

Alabama bu üsulu 2024-cü ildə tətbiq edən ilk ştat olub. Əgər edam həyata keçirilsəydi, Li Alabamada bu üsulla edam olunan səkkizinci, ABŞ üzrə isə doqquzuncu məhbus olacaqdı.

Bildirilir ki, Ali Məhkəmənin belə gec mərhələdə müdaxilə etməsi nadir hallarda baş verir.

Adətən edamın dayandırılması ilə bağlı təcili müraciətlər məhbusların özləri tərəfindən edilir. Lakin bu halda qərar əvvəlcə federal apellyasiya məhkəməsi tərəfindən qəbul olunub və Alabama hakimiyyəti həmin qərarın ləğvinə nail olmaq üçün Ali Məhkəməyə müraciət edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ali-Məhkəmə  


Bizi "telegram"da izləyin