Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, mart ayında Fransada keçirilmiş yerli seçkilərə müdaxilə etməkdə şübhəli bilinən “BlackCore” şirkəti Nyu-York və Şotlandiyadakı seçki proseslərinə təsir göstərmək, eləcə də Anqola və Toqoda həyata keçirilən bəzi əməliyyatlarla əlaqəli ola bilər.
Ötən ay Reuters agentliyi Fransa hakimiyyətinin “BlackCore”u Fələstin tərəfdarı mövqeyi ilə tanınan radikal solçu “Əyilməz Fransa” partiyasından olan üç mer namizədinə qarşı onlayn qarayaxma kampaniyası təşkil etməkdə şübhəli bildiyini yazmışdı.
Cümə axşamı keçirilən mətbuat konfransında Fransanın Baş naziri Sebastyan Lekornyu ilə birlikdə çıxış edən Viginum rəhbəri Mark-Antuan Briyan texniki araşdırmalar nəticəsində “BlackCore”un izinə düşüldüyünü bildirib.
Daha sonra xidmət şirkətin müxtəlif ölkələrdə ehtimal edilən fəaliyyəti ilə bağlı ətraflı hesabat yayıb. Briyan qeyd edib ki, “bu fəaliyyət modeli yalnız Fransadakı yerli seçkilərlə məhdudlaşmayıb”.
Onun sözlərinə görə, araşdırma nəticələri göstərir ki, oxşar əməliyyatlar Anqolada, Toqoda, Şotlandiyadakı seçkilərdə və 2025-ci ildə Nyu-Yorkda keçirilmiş yerli seçkilərdə də həyata keçirilmiş ola bilər.
Bununla yanaşı, o vurğulayıb ki, bu fəaliyyətlərin konkret sifarişçisinin kim olduğu hələ müəyyən edilməyib.
“Araşdırmalarımız bu xarici rəqəmsal müdaxilənin arxasında duran sifarişçi və ya sifarişçiləri müəyyən etməyə imkan verməyib. Hətta belə sifarişçilərin ümumiyyətlə mövcud olub-olmadığı da məlum deyil”, - deyə Briyan bildirib.
Fransanın Baş naziri Sebastyan Lekornyu isə Parisin “BlackCore”un fəaliyyəti ilə bağlı İsraildən izahat istədiyini və mümkün qarayaxma kampaniyasının sifarişçilərinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq gözlədiyini açıqlayıb.
“Mən bir an belə şübhə etmirəm ki, əgər Fransanın özəl şirkəti Fransa ərazisindən İsrailin siyasi proseslərinə müdaxilə etsəydi, İsrail dərhal Fransa səfirini izahat vermək üçün çağırardı”, - deyə Lekornyu bildirib.
İsrailin Parisdəki səfirliyi Fransanın həqiqətən də sorğu göndərdiyini təsdiqləyib və əlavə məlumat əldə etdikdən sonra öz araşdırmasını aparacağını açıqlayıb.
Səfirliyin bəyanatında vurğulanıb ki, “istər ümummilli, istərsə də yerli səviyyədə İsrailin Fransa daxilindəki siyasi proseslərə müdaxilə etmək niyyəti yoxdur”.
Sevinc Əliyeva
Ordu.az