Bu çərçivədə ilk növbədə 2025-ci il noyabrın ayında Türkiyə ilə Oman arasında “Dənizçilik sahəsində əməkdaşlığa dair saziş” və “Nəqliyyat, nəqliyyat dəhlizləri, rabitə və informasiya texnologiyaları sahələrində anlaşma memorandumu” imzalanıb. Bununla Türkiyə və Oman arasında multimodal daşımalar, avtomobil nəqliyyatı, liman idarəçiliyi və logistika dəhlizləri də daxil olmaqla geniş sahələr üzrə əməkdaşlıq rəsmiləşdirilib.
Bundan sonra regional strateji bağlantılılıq layihəsinin növbəti mərhələsinə keçilib. Türkiyə və Oman arasında yerləşən üç ölkə, yəni Suriya, İordaniya və Səudiyyə Ərəbistanı üzərindən yeni nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində addımlar atılıb. Bu çərçivədə 2026-cı il fevralın ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı nəqliyyat və logistika sahələrində mövcud əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub.
Daha sonra 2026-cı il aprel ayında Səudiyyə Ərəbistanı ilə əldə edilən razılaşma nəticəsində türk yük maşını sürücülərinin Körfəz ölkələrinə keçidini asanlaşdıran 15 günlük tranzit viza tətbiqi qüvvəyə minib. Həmin ay Türkiyə, Suriya və İordaniyanın nəqliyyat nazirləri arasında nəqliyyat əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb. Burada xüsusilə bu ölkələrin avtomobil yolları, dəmir yolları və dəniz nəqliyyatı imkanlarının inteqrasiyası və sinxronlaşdırılması, Əqəbə limanı vasitəsilə Qırmızı dənizə çıxışın təmin edilməsi və “Hicaz Dəmir Yolu”nun yenidən canlandırılması strateji hədəflər kimi müəyyənləşdirilib.
Nəhayət, 2026-cı il iyunun 9-da Türkiyə və Səudiyyə Ərəbistanının nəqliyyat nazirlərinin imzaladıqları “Dəmir yolu sektoru sahəsində əməkdaşlığa dair anlaşma memorandumu” və “Logistika xidmətləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu” ilə 2025-ci ildən etibarən sürət qazanan yeni dəhliz tikintisi prosesi konkret mərhələyə daxil olub.
Bu sazişlərin ortaq logistika mərkəzlərinin yaradılmasından tutmuş dəmir yolu sektorunda genişmiqyaslı əməkdaşlığa qədər müxtəlif istiqamətləri əhatə etdiyi görünür. Bundan əlavə, sözügedən sazişlər müasirləşdirilmiş və genişləndirilmiş Hicaz Dəmir Yolu Layihəsi kimi qiymətləndirilə bilən və sonrakı mərhələdə Omana qədər uzadıla biləcək geostrateji əhəmiyyətə malik Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı dəmir yolu xətti layihəsi üçün zəruri ortaq siyasi iradənin, institusional çərçivənin və texniki əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına da zəmin yaradır.
Ölkələrin infrastruktur işləri və mikro əsaslar
Bağlantılılıq layihələrinin həyata keçirilməsi yalnız geosiyasi qiymətləndirmələrdən deyil, həm də texniki infrastruktur xüsusiyyətləri, sosial-iqtisadi parametrlər və maliyyə ölçüləri kimi mühüm mikro əsaslardan asılıdır.
Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı dəmir yolu xətti layihəsinin həyata keçirilməsi baxımından mühüm üstünlüklərdən biri Türkiyədə Suriya sərhədinə qədər, Səudiyyə Ərəbistanında isə İordaniya sərhədinə qədər uzanan funksional dəmir yolu infrastrukturunun artıq mövcud olmasıdır.
Türkiyə 2026-cı il aprel ayında Suriya sərhədi boyunca uzanan 350 kilometrlik dəmir yolu xəttində yenidənqurma işlərini başa çatdırıb. Mövcud xəttin İraq sərhədinə qədər uzadılması ilə onun İnkişaf Yolu Layihəsi ilə inteqrasiyası da təmin olunacaq. Yəni Türkiyənin regional bağlantılılıq baxışında Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə İnkişaf Yolu bir-birini tamamlayan və inteqrasiya olunmuş şəbəkələr kimi nəzərdə tutulur. Səudiyyə Ərəbistanının dəmir yolu şəbəkəsi isə İordaniya sərhədində yerləşən Əl-Haditə bölgəsinə qədər uzanır.
Bu səbəbdən yeni dövrdə həyata keçirilməli olan əsas işlər İordaniya və Suriyada dəmir yolu infrastrukturunun yenidən qurulmasıdır. İordaniya həm şimal istiqamətində Suriya sərhədinə, həm də Əqəbə limanına doğru dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı planlara malikdir.
Suriyada isə ölkə üzrə dəmir yolu infrastrukturunun vətəndaş müharibəsindən zərər görməsi ilə yanaşı, müəyyən texniki problemlər də mövcuddur. Dəməşqdən İordaniyaya qədər uzanan Hicaz Dəmir Yolunun rels eni (1050 mm) ilə Dəməşqdən şimaldakı standart dəmir yolu şəbəkəsinin rels eni (1435 mm) fərqlidir. Suriyanın dəmir yolu şəbəkəsi əsasən ölkənin Lazkiyə və Tartus limanları ilə Dəməşq və Hələb kimi iqtisadi mərkəzləri arasında əlaqə yaratmaq üçün qurulub və hazırda məhdud xidmət göstərir. Buna görə də ölkə üzrə dəmir yolu infrastrukturunun funksional vəziyyətə gətirilməsi ilə yanaşı, Dəməşqdən cənuba və şimala doğru uzanan xətlərdə rels eninin standartlaşdırılması da təmin edilməlidir.
Bütün bu işlərin həyata keçirilməsi üçün güclü siyasi iradə və əlverişli regional şəraitlə yanaşı, maliyyə resurslarına da ehtiyac var. Türkiyə və Səudiyyə Ərəbistanı xüsusilə Suriyada dəmir yolu və avtomobil yolu infrastrukturunun yenidən qurulması məqsədilə ortaq maliyyələşdirmə mexanizmi yarada bilər.
Lakin burada vurğulanmalı olan daha bir mühüm məqam var. Hörmüz boğazının bağlanması ehtimalı və “Ədən körfəzi-Bab əl-Məndəb boğazı-Qırmızı dəniz” marşrutuna yönəlmiş təhdidlərin davam etməsi Körfəz ölkələri üçün alternativ nəqliyyat və enerji dəhlizlərinin əhəmiyyətini ortaya qoyub.
Məsələn, Səudiyyə Ərəbistanının şərqdə yerləşən Əbqaiq neft obyektlərini Qırmızı dəniz sahilindəki Yənbu terminalı ilə birləşdirən, 1200 kilometr uzunluğa və gündəlik 7 milyon barel ötürmə qabiliyyətinə malik Şərq-Qərb Neft Kəməri alternativ marşrutların strateji əhəmiyyətini nümayiş etdirib. Bu nümunə yalnız enerji təchizatının təhlükəsizliyi baxımından deyil, həm də gübrə, neft-kimya məhsulları, tikinti materialları və ərzaq məhsulları kimi qeyri-enerji mallarının ticarətində alternativ nəqliyyat dəhlizlərinin vacibliyini göstərib.
Bütün bunları nəzərə alaraq, Körfəz ölkələrinin hazırda təxminən 5 trilyon dollar dəyərində aktivləri idarə edən suveren sərvət fondlarının 2030-cu ilə qədər olan kritik dövrdə regional nəqliyyat və infrastruktur layihələrinin maliyyələşdirilməsinə daha çox üstünlük verəcəyi gözlənilə bilər.
Yeni dövrün prioritetləri və meyilləri
Yeni dövrdə Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı (Oman) dəmir yolu xətti layihəsinin Suriya və İordaniya hissələrində dəmir yolu infrastrukturunun qurulmasına yönəlmiş işlərin sürətlənəcəyi gözlənilir. Bununla yanaşı, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında Suriya, İordaniya və İraq üzərindən müntəzəm avtomobil yolu əlaqəsinin təmin edilməsi üçün, xüsusilə Suriyada magistral yol infrastrukturunun yaxşılaşdırılmasına yönəlmiş işlər sürətləndirilə bilər.
Sərhəd-keçid məntəqələrində keçid prosedurlarının rəqəmsal həllər və sadələşdirilmiş prosedurlar vasitəsilə sürətləndirilməsi də prioritet istiqamətlər sırasında ola bilər.
Türkiyə-Səudiyyə Ərəbistanı Dəhlizi daxilində inteqrasiya və sinxronlaşdırma ilə yanaşı, Türkiyənin mərkəzi aktor kimi iştirak etdiyi İnkişaf Yolu, Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur Dəhlizi kimi nəqliyyat dəhlizlərinin bir-birini tamamlayan xarakterinin ön plana çıxarılması da mühüm əhəmiyyət daşıyır.
Bütün bunların problemsiz şəkildə həyata keçirilməsinin əsas şərtləri isə regional bağlantılılıq arxitekturası ilə regional təhlükəsizlik arxitekturasının eyni vaxtda qurulması və 2030-cu ilə qədər olan kritik dövrdə dəhlizlərin tərkib hissəsi olan ölkələrin daxili siyasi və sosial-iqtisadi sabitliyinin qorunmasıdır.
Sevinc Əliyeva
Ordu.az