Haluk Görgün NATO Zirvəsi öncəsi mesaj verib: “Güclü Türkiyə müdafiə sənayesi daha güclü NATO deməkdir”

2026/06/1781289612.jpg
Oxunub: 207     22:39     12 İyun 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri professor doktor Haluk Görgün Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi Polşanın müdafiə nəşri olan “Defense24”ə verdiyi müsahibədə Türkiyənin müdafiə sənayesindəki transformasiyasını, ixrac strategiyasını və NATO daxilində artan rolunu dəyərləndirib.

Ordu.az xəbər verir ki, Görgün Türkiyənin artıq yalnız böyük hərbi müttəfiq deyil, həm də alyansın müdafiə imkanlarına töhfə verən mühüm sənaye və texnologiya aktoruna çevrildiyini vurğulayıb.

Onun sözlərinə görə, son iyirmi ildə Türkiyə müdafiə sənayesi xarici tədarükdən asılı modeldən öz sistemlərini layihələndirə, inkişaf etdirə, istehsal edə və ixrac edə bilən səviyyəyə yüksəlib.

“Texnoloji müstəqillik bizim üçün şüar deyil, strateji zərurətdir. Kritik texnologiyalara çıxışın təmin edilməsi, tədarük zəncirlərinin gücləndirilməsi və mühəndislik imkanlarımızın inkişaf etdirilməsi əsas prioritetlərimiz sırasındadır”, - deyə Görgün bildirib.

O qeyd edib ki, Türkiyənin məqsədi NATO-nun çəkindirmə və müdafiə mövqeyinə daha səmərəli töhfə verməkdir. Müdafiə ixracında yalnız satış göstəricilərinə deyil, uzunmüddətli və etibara əsaslanan tərəfdaşlıqlara üstünlük verildiyini vurğulayıb.

Haluk Görgün bildirib ki, Türkiyə müdafiə sənayesi hazırda dəniz platformalarından quru platformalarına, pilotlu və pilotsuz hava sistemlərindən radioelektron mübarizə həllərinə qədər geniş yerli imkanlara malikdir.

“Gücümüz müxtəlifliyimizdən qaynaqlanır. Müştərilərimizə yalnız məhsul deyil, inteqrasiya olunmuş həllər təqdim edə bilirik”, - deyə o qeyd edib.

Görgünün sözlərinə görə, Türkiyə təlim, texniki xidmət, modernizasiya, birgə istehsal və texnologiya paylaşımını da əhatə edən əməkdaşlıq modelləri təklif edir.

Son illərdəki münaqişələrin insansız sistemlərin döyüş meydanındakı rolunu köklü şəkildə dəyişdirdiyini bildirən Türkiyə MSK sədri qeyd edib ki, yeni nəsil Türkiyə insansız platformaları süni zəka, avtonomluq və şəbəkə mərkəzli əməliyyat konsepsiyası əsasında inkişaf etdirilir.

“Gələcəyin döyüş meydanı sistemlərin sistemi olacaq. İnsansız hava, quru və dəniz platformaları komanda-idarəetmə mərkəzləri, hava hücumundan müdafiə sistemləri, pilotlu platformalar və kosmik elementlərlə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir”, - deyə Görgün vurğulayıb.

O əlavə edib ki, Türkiyə müdafiə sənayesi yalnız platformalara deyil, mühərriklərə, sensorlara, sursatlara, rabitə sistemlərinə və texniki xidmət infrastrukturuna da investisiya yatırır.

Görgün yeni nəsil insansız sistemlərin KAAN ilə birlikdə müştərək əməliyyatlar yerinə yetirə biləcək şəkildə hazırlandığını da bildirib.

Müdafiə sahəsində yalnız alıcı-satıcı münasibətlərinin davamlı olmadığını vurğulayan Haluk Görgün Türkiyənin birgə istehsal və texnologiya transferi məsələlərində çevik yanaşma nümayiş etdirdiyini qeyd edib.

“Bir çox şeyi idxal etmək mümkündür, lakin təhlükəsizlik idxal edilə bilməz”, - deyə o bildirib.

Görgünün sözlərinə görə, Türkiyə tərəfdaş ölkələrin ehtiyaclarına uyğun olaraq birbaşa tədarük, yerli montaj, birgə istehsal, texnologiya transferi, texniki xidmət infrastrukturu, təlim və birgə AR-GE layihələri kimi müxtəlif əməkdaşlıq modelləri həyata keçirə bilir.

O, yaxın illərdə Türkiyənin müdafiə sənayesi yol xəritəsini formalaşdıracaq əsas layihələr sırasında KAAN, KIZILELMA, ANKA III, TB3 və təbəqəli hava hücumundan müdafiə sistemlərini göstərib.

Haluk Görgün qeyd edib ki, KAAN yalnız döyüş təyyarəsi layihəsi deyil, eyni zamanda qabaqcıl materiallar, avionik, sensorlar və proqram təminatı sahələrində yeni texnologiyaların inkişafına təkan verir.

TB3-ün qısa uçuş-enmə zolağına malik dəniz platformalarından əməliyyat həyata keçirmək qabiliyyəti ilə yeni konsepsiya təqdim etdiyini bildirən Görgün hava hücumundan müdafiə sistemlərinin isə son münaqişələrin göstərdiyi kimi artıq seçim deyil, zərurətə çevrildiyini vurğulayıb.

Ankarada keçiriləcək NATO Zirvəsinin müdafiə sənayesi əməkdaşlığı baxımından mühüm imkan yaratdığını bildirən Görgün Türkiyənin NATO-ya etibarlı, innovativ, döyüş şəraitində özünü sübut etmiş və qarşılıqlı fəaliyyət qabiliyyətinə malik həllər təqdim etməyə hazır olduğunu qeyd edib.

O vurğulayıb ki, Türkiyə insansız sistemlər, hava hücumundan müdafiə həlləri, komanda-idarəetmə sistemləri, təhlükəsiz rabitə, radioelektron mübarizə, dəniz sistemləri və kibertəhlükəsizlik sahələrində NATO-nun ehtiyaclarına mühüm töhfələr verə bilər.

“Türkiyə NATO müdafiə sənayesi ekosistemində daha çox məsuliyyət götürməyə hazırdır. Müttəfiqlərimizə mesajımız aydındır: Güclü Türkiyə müdafiə sənayesi daha güclü NATO deməkdir”, - deyə Görgün bildirib.

Müsahibənin sonunda beynəlxalq tərəfdaşlara da müraciət edən Türkiyə MSK sədri qeyd edib ki, müasir dövrdə təhlükəsizlik bölünməz xarakter daşıyır və regional böhranlar qlobal təsirlər yaradır.

Onun sözlərinə görə, Türkiyə diplomatiya, hərbi imkanlar və müdafiə sənayesi vasitəsilə daha sabit beynəlxalq təhlükəsizlik mühitinin formalaşmasına töhfə verməyə çalışır.

“Türkiyə yalnız məhsul təqdim etmir. Türkiyə təcrübə, təlim, logistik dəstək, texnologiya əməkdaşlığı və strateji tərəfdaşlıq təklif edir”, - deyə Haluk Görgün vurğulayıb.

O əlavə edib ki, Türkiyə müdafiə sənayesi bundan sonra da çəkindirməyə, qanuni təhlükəsizlik ehtiyaclarına, sülhə və sabitliyə xidmət etməyə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin