Süni zəka və kamikadze tipli PUA-lar: ABŞ-İsrail tərəfdaşlığının məqsədi nədir?

2026/06/Ekran-1781330079.jpg
Oxunub: 532     10:07     13 İyun 2026    
ABŞ-nin süni zəka və robototexnika şirkəti olan “Palladyne AI” İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti ilə əməkdaşlıq edərək sonuncunun “Harpy” və digər Pilotsuz Uçuş Aparatlarını (PUA) ABŞ müdafiə sənayesi üçün istehsal edəcək.

İsrailin dövlətə məxsus aparıcı aerokosmik şirkəti olan IAI və ABŞ-də yerləşən “embodied AI” texnologiyası üzrə fəaliyyət göstərən “Palladyne AI” ABŞ ordusu üçün “gəzən sursat”ların, başqa sözlə, kamikadze tipli PUA-ların istehsalı məqsədilə əməkdaşlığa başlayıb.

Eksklüziv razılaşmaya əsasən, “Palladyne AI” IAI tərəfindən hazırlanmış “Harpy”, “Harop” və “Mini-Harpy” pilotsuz uçuş sistemlərini ABŞ-nin əməliyyat tələblərinə uyğunlaşdıracaq, istehsal edəcək və bazara çıxaracaq. ABŞ şirkəti əsas komponentləri və alt sistemləri ölkə daxilində istehsal edəcək, həmçinin İsrail mənşəli bu sistemlərin ABŞ ərazisində yeganə istehsalçısı və inteqratoru olacaq.

Birgə açıqlamaya görə, IAI-nin “gəzən sursat” sistemləri düşmənin hava hücumundan müdafiə sistemlərini aşkar edib məhv etmək, eləcə də operatora əməliyyat və taktiki mühitlərdə uzaqmənzilli zərbə imkanları təmin etmək məqsədilə hazırlanıb.

“Palladyne AI” özünü doğrultmuş İsrail platformalarına yeni imkanlar qazandıra bilər

“Harpy” və “Harop” müəyyən mənada köhnə nəsil platformalar hesab edilə bilər. “Harpy” ilk dəfə 1980-ci illərin sonlarında düşmənin radar sistemlərini məhv etmək üçün nəzərdə tutulmuş “burax və unut” prinsipli anti-radar PUA-sı kimi hazırlanıb.

Bu sistem kamikadze tipli PUA-ların ilk nümunələrindən biri hesab olunur və sonradan daha böyük ölçülü “Harop”un yaradılmasına zəmin hazırlayıb. “Harop” anti-radar funksiyaları ilə yanaşı elektro-optik və infraqırmızı nişanalma imkanları ilə də təchiz edilib.

IAI 40 ildən artıqdır ki, dünyanın müxtəlif ölkələrinin ordularında istifadə olunan “gəzən sursat” sistemlərini inkişaf etdirməyə davam edir. Yeni əməkdaşlıq çərçivəsində “Palladyne AI” bu sistemləri ABŞ ordusunun əməliyyat tələblərinə uyğunlaşdırmaq üçün IAI ilə birlikdə çalışacaq. Bu addım Pentaqonun “gəzən sursat”lara yatırımlarını artırmağa çalışdığı dövrə təsadüf edir.

IAI İdarə Heyətinin sədri Baaz Levi bildirib: “ABŞ IAI üçün strateji bazardır və bu tərəfdaşlıq ABŞ müdafiə sektorunda uzunmüddətli iştirakımızın və sənaye əməkdaşlığımızın genişləndirilməsi istiqamətində mühüm addımdır. IAI-nin onilliklər ərzində formalaşmış əməliyyat təcrübəsini və döyüş şəraitində sınaqdan çıxmış “gəzən sursat” texnologiyalarını “Palladyne AI”nin ABŞ-də yerləşən istehsal imkanları ilə birləşdirərək bu sistemləri dəyişən əməliyyat tələblərinə uyğunlaşdırır və ABŞ-nin mövcud və gələcək ehtiyaclarını qarşılamağa hazırlayırıq”.

“Palladyne AI” “embodied AI” adlandırılan texnologiya üzrə ixtisaslaşıb. Bu anlayış süni zəka sahəsində diqqətlə izlənilən yeni istiqamətlərdən biri hesab olunur və texnologiyada fundamental dəyişiklik kimi qiymətləndirilir.

Ənənəvi süni zəka əsasən bulud sistemlərində və ya ekranlarda fəaliyyət göstərir və fiziki dünya ilə birbaşa qarşılıqlı əlaqə qura bilmir. “Embodied AI” isə süni zəkanı fiziki platformaya inteqrasiya edir. Bu platformalara avtonom nəqliyyat vasitələri də daxil ola bilər.

Belə sistemlər kameralar, sensorlar və icraedici mexanizmlərdən istifadə edərək “etməklə öyrənir”, nəticədə onların daşıyıcısı sürtünmə, cazibə qüvvəsi və digər gözlənilməz real mühit şərtlərinə uyğunlaşa bilir.

“Palladyne AI” hazırda PUA-lar üçün xüsusi hazırlanmış “ağıllı uçuş proqram təminatı” üzərində də işləyir. Bu proqram təminatı PUA-lara GPS siqnallarının olmadığı və ya ciddi şəkildə məhdudlaşdırıldığı mühitlərdə hədəfləri izləməyə və naviqasiya etməyə imkan verir.

“Palladyne AI”nin prezidenti və baş icraçı direktoru Ben Vulf bildirib: “ABŞ müdafiə sənayesi bazasına hazırda döyüş şəraitində özünü sübut etmiş “gəzən sursat” imkanları lazımdır. IAI sistemləri onilliklər ərzində real döyüş şəraitində sınaqdan çıxarılıb.

Bu əməkdaşlığı fərqləndirən əsas məqam odur ki, IAI sistemlərini “Palladyne AI”nin ABŞ-dəki mühəndislik və istehsal imkanları ilə birləşdirərək həmin imkanları ABŞ Müharibə Nazirliyinə tamamilə yeni proqram hazırlamaqdan daha sürətli şəkildə təqdim edə bilərik. Biz bu texnoloji bazanı 2025-ci ildə yaratmışıq. Bu tərəfdaşlıq həmin imkanların nəyə qadir olduğunu göstərən ilk böyük sübutdur”.

İsrailin “Harpy” PUA-ları haqqında

İstifadəyə verilmə tarixi: 1994-cü il (mütəmadi olaraq modernləşdirilir)
İstehsal sayı: məlum deyil (minlərlə)
Uzunluğu: 2,7 metr
Qanad açılımı: 2,1 metr
Çəkisi: 135 kiloqram
Mühərrik: 38 at gücünə malik bir ədəd UEL AR731 “Wankel” tipli rotorlu mühərrik
Maksimal sürəti: saatda 185 kilometr
Mənzili: 200 kilometr
Uçuş hündürlüyü: təxminən 4572 metr (əsasən aşağı hündürlüklərdə fəaliyyət göstərir)
Döyüş yükü: 32 kiloqramlıq yüksək partlayış qabiliyyətli döyüş başlığı


Tam ölçülü “Harpy”nin törəməsi olan İsrailin “Mini-Harpy” PUA-sı daha kiçik ölçülərə malikdir və daha yüngül partlayıcı yük daşıyır. Bununla yanaşı, o, aşağı səs səviyyəsinə malik elektrik mühərriki ilə təchiz edilib ki, bu da mübahisəli və təhlükəli ərazilərdə daha gizli fəaliyyət göstərməsinə imkan verir.

Əsas anti-radar PUA-sı radar tezliklərini aşkar etmək və düşmənin zenit-raket komplekslərini və radar mövqelərini məhv etmək üçün optimallaşdırılıb. “Harpy NG” (Yeni Nəsil) versiyası isə aşağı tezlikli müasir radar sistemlərini aşkarlaya bilən təkmilləşdirilmiş radiofrekans axtarış başlığı ilə təchiz olunub. Bundan əlavə, onun uçuş mənzili artırılıb və təxminən 9 saat havada qalmaq imkanına malikdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   ABŞ   İsrail   Süni-zəka  


Bizi "telegram"da izləyin