BƏƏ İrana 3 milyard dollar köçürməsi ilə bağlı məlumatları təkzib edib

2026/05/1779453637.jpg
Oxunub: 199     10:18     13 İyun 2026    
Birləşmiş Ərəb Əmirlikləri İranla bağlı yayılan milyardlarla dollarlıq maliyyə köçürməsi iddialarını qəti şəkildə rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, cümə günü BƏƏ-nin guya İrana ən azı 3 milyard dollar köçürdüyü barədə xəbərlər yayılıb.

BƏƏ Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu iddiaların tamamilə yalan və əsassız olduğunu bildirib.

Nazirlik vurğulayıb ki, İrana məxsus heç bir dondurulmuş vəsait BƏƏ ərazisi vasitəsilə dondurulmuş statusdan çıxarılmayıb, köçürülməyib və belə bir prosesə hər hansı yardım göstərilməyib.

Qurum həmçinin media nümayəndələrini daha dəqiq olmağa, yalnız rəsmi mənbələrə istinad etməyə və yoxlanılmamış məlumatların yayılmasından çəkinməyə çağırıb.

Bundan əvvəl “Reuters” agentliyi regional mənbələrə istinadən BƏƏ-nin İrana ümumilikdə 10 milyard dollar ayırmağa razılıq verdiyini yazmışdı. Həmin mənbəyə görə, digər iki rəsmi şəxs isə söhbətin təxminən 20 milyard dollarlıq paketdən getdiyini bildirib.

Məlumata əsasən, vəsaitin İranın BƏƏ ərazisinə raket və PUA hücumlarını dayandırması şərti ilə ödənilməsi nəzərdə tutulurdu.

Bundan əvvəl də BƏƏ rəsmilərinin İrana səfər etdiyi, bunun isə İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinin mümkün razılaşmaları müzakirə etmək üçün Əmirliklərə səfərindən sonra baş verdiyi barədə məlumatlar yayılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin