“Hraparak”: Paşinyanın komandasında bir neçə ssenari müzakirə olunur

2026/06/1781324634.jpg
Oxunub: 205     08:24     13 İyun 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasında seçkilərdən sonrakı siyasi vəziyyətlə bağlı müxtəlif ssenarilər müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, seçkilərdə əldə olunan nəticələrə baxmayaraq, hakim partiya daxilində narahatlıq mövcuddur.

“Mənbələrimiz bildirirlər ki, zahirdə müşahidə olunan qələbə əhval-ruhiyyəsinin əks tərəfində narahat “Vətəndaş Müqaviləsi” üzvləri dayanır. Onlar parlamentdə 3/5 çoxluq olmadan qarşıdakı beş ildə ölkənin necə idarə olunacağını təsəvvür etmirlər”, - deyə məqalədə qeyd olunub.

Nəşr yazır ki, hakimiyyət nümayəndələrini həm müxalifətin sərt mövqeyi, həm də mümkün idarəetmə böhranı narahat edir.

“Bu günlərdə hakim komandada ölkənin aşağı legitimlik şəraitində necə idarə olunacağı ilə bağlı bir neçə ssenari müzakirə edilir. Əvvəlcə “Çiçəklənən Ermənistan” Partiyasının səslərinin hesabına 3/5 çoxluq əldə etməyə çalışacaqları bildirilir. Bu baş tutmasa, müxalifət sıralarından deputatların öz tərəflərinə çəkilməsi variantı nəzərdən keçirilir”, - deyə nəşr yazıb.

Məqalədə daha sərt ssenarinin də müzakirə olunduğu iddia edilir.

“Ekstremal ssenarilərdən biri də budur ki, Nikol Paşinyan radikal müxalifətə qarşı təzyiqləri artıracaq, güclü müxalifətin dayaqlarını zəiflədəcək və müəyyən müddətdən sonra daha idarəolunan müxalifətlə növbədənkənar seçkilərə gedəcək. Məqsəd isə 65 deyil, 75 faiz nəticə əldə etməkdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin