FCAS proqramının dağılmasından sonra Almaniya yeni altıncı nəsil döyüş təyyarəsi layihəsinə başlayır

2026/06/1781331795.jpg
Oxunub: 206     10:23     13 İyun 2026    
Fransa, Almaniya və İspaniyanın birgə həyata keçirdiyi FCAS proqramının dayandırılmasından sonra Almaniya yeni altıncı nəsil döyüş təyyarəsi layihəsi üzrə fəaliyyətə başlayıb.

Ordu.az xəbər verir ki, “Airbus”ın rəhbərliyi altında yaradılan və səkkiz müdafiə şirkətini birləşdirən “Team Gen 6” konsorsiumunun Almaniyanın paytaxtı Berlində rəsmi təqdimatı gözlənilir.

Konsorsiuma “Airbus”, MBDA, “Hensoldt”, “Diehl Defence”, “MTU Aero Engines”, “Liebherr”, “Autoflug” və “Rohde & Schwarz” daxildir.

Şirkətlərin hazırladığı birgə baxış sənədinin Almaniyanın müdafiə naziri Boris Pistoriusa təqdim edildiyi bildirilir. Sənəddə Almaniyanın gələcək altıncı nəsil döyüş təyyarəsi üzrə sənaye baxışı və inkişaf yol xəritəsi yer alıb.

Məlumata görə, konsorsium Almaniya hökumətindən layihə ilə bağlı müqavilələrin 2026-cı ilin ikinci yarısına qədər vaxtında təqdim olunmasını istəyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius “Team Gen 6” layihəsinin nəzərdən keçirilə biləcək variantlardan biri olduğunu bildirib.

Nazir qeyd edib ki, Berlin yalnız bu layihəyə fokuslanmır. Əlavə F-35 “Lightning II” döyüş təyyarələrinin alınması və ya digər döyüş təyyarəsi proqramlarına qoşulmaq kimi alternativlər də müzakirə olunur.

2017-ci ildə Fransa və Almaniya tərəfindən başladılan FCAS proqramına İspaniya 2019-cu ildə qoşulmuşdu. Layihə Avropanın gələcək hava döyüş imkanlarının əsas elementi hesab edilirdi.

Lakin tərəflər arasında liderlik və iş bölgüsü ilə bağlı fikir ayrılıqları layihəni çıxılmaz vəziyyətə salıb. Xüsusilə “Dassault Aviation”ın proqram üzərində nəzarəti artırmaq istəyi Almaniya tərəfinin narazılığına səbəb olub.

Aylarla davam edən danışıqlardan sonra Berlin və Paris bu həftə FCAS proqramının mövcud formatda davam etməyəcəyini rəsmən açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FCAS   Almaniya  


Bizi "telegram"da izləyin