Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Su Komitəsi məlumat yayıb.
Məlumata görə, 2026-cı il iyunun 8-nə olan vəziyyətə əsasən Aparan su anbarında toplanan suyun həcmi 87,27 milyon kubmetrə çatıb ki, bu da son on ildə qeydə alınmış ən yüksək göstəricidir.
Qeyd olunur ki, bu il su anbarının yüksək səviyyədə dolması əlverişli iqlim şəraiti, bol yağıntılar və qar əriməsi nəticəsində formalaşan güclü su axınları ilə bağlıdır. Bu amillər su ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.
Ermənistanın Su Komitəsinin məlumatına əsasən, Aparan su anbarında əvvəlki rekord göstərici 2019-cu ildə qeydə alınıb. Həmin vaxt su ehtiyatlarının həcmi 61,93 milyon kubmetr təşkil edib. Cari ilin göstəricisi isə bu rəqəmdən təxminən 25,3 milyon kubmetr çoxdur.
Məlumatda bildirilir ki, 2016-2026-cı illər üzrə aparılan təhlil su anbarının doluluq səviyyəsində ciddi dəyişikliklərin olduğunu göstərir.
Ən aşağı maksimum göstərici 2023-cü ildə qeydə alınıb və həmin il su ehtiyatlarının həcmi 26,81 milyon kubmetr olub. 2024-cü ildə isə vəziyyət yaxşılaşaraq 52,86 milyon kubmetrə yüksəlib.
2025-ci ildə su anbarının maksimum doluluğu 45,98 milyon kubmetr təşkil edib. Bundan bir il sonra isə kəskin artım qeydə alınaraq göstərici 87,27 milyon kubmetrə çatıb.
Mütəxəssislərin fikrincə, 2026-cı ildə qeydə alınan bu göstərici qarşıdakı suvarma mövsümündə su təchizatının təmin olunmasına müsbət təsir göstərə bilər.
Son on ildə Aparan su anbarında qeydə alınmış maksimum doluluq göstəriciləri aşağıdakı kimidir:
2026-cı il - 87,27 milyon kubmetr (8 iyun tarixinə olan vəziyyətə görə)
2025-ci il - 45,98 milyon kubmetr
2024-cü il - 52,86 milyon kubmetr
2023-cü il - 26,81 milyon kubmetr
2022-ci il - 49,81 milyon kubmetr
2021-ci il - 44,98 milyon kubmetr
2020-ci il - 45,59 milyon kubmetr
2019-cu il - 61,93 milyon kubmetr
2018-ci il - 32,52 milyon kubmetr
2017-ci il - 44,93 milyon kubmetr
2016-cı il - 51,63 milyon kubmetr
Alpər Mövludoğlu
Ordu.az