ABŞ B-21 “Raider” proqramında sınaqları sürətləndirir

2026/06/1781331976.jpg
Oxunub: 231     10:28     13 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil strateji bombardmançı B-21 “Raider” proqramında sınaq proseslərini sürətləndirmək məqsədilə mühüm addım atıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

İlk dəfə olaraq əməliyyat sınaqları üzrə pilot inkişaf sınaqları aparan pilotla birlikdə B-21 “Raider”in kabinəsində yer alaraq uçuş həyata keçirib.

ABŞ Hərbi Hava Qüvvələri bildirib ki, bu addım yalnız proqram üçün deyil, gələcək hava platformalarının qiymətləndirilməsi metodologiyası baxımından da mühüm dəyişiklik hesab olunur.

Məlumata görə, uçuşda iştirak edən əməliyyat sınaq pilotu “Edvards” Hərbi Hava Bazasında yerləşən Hərbi Hava Qüvvələrinin Əməliyyat Sınaqları və Qiymətləndirmə Mərkəzinin tərkibində fəaliyyət göstərir.

Ənənəvi qaydalara görə, inkişaf və əməliyyat sınaqları ayrı-ayrı mərhələlərdə aparılır. Lakin B-21 proqramında bu iki proses paralel şəkildə həyata keçirilir.

Hərbi Hava Qüvvələrinin nümayəndələri hesab edirlər ki, bu yanaşma təyyarənin yalnız texniki göstəricilərini deyil, həm də real döyüş şəraitində effektivliyini daha erkən mərhələdə qiymətləndirməyə imkan verəcək.

ABŞ Müharibə Nazirliyinin strateji proqramlar üzrə rəsmisi, general Deyl Uayt bildirib ki, B-21 proqramında tətbiq olunan yanaşma yeni və daha çevik tədarük modelinin nümunəsidir.

Onun sözlərinə görə, müasir istehsal və sınaq imkanlarının təcili fəaliyyət prinsipi ilə birləşdirilməsi daha çevik və effektiv müdafiə layihələrinin həyata keçirilməsinə şərait yaradır.

Hazırda proqram ilkin uçuş sınaqlarını geridə qoyaraq kritik missiya sistemləri, sensorlar və silah inteqrasiyası mərhələsinə keçib. ABŞ Müharibə Nazirliyi B-21 “Raider”i ölkənin gələcək çəkindirmə qabiliyyətinin əsas elementlərindən biri hesab edir.

General Uayt vurğulayıb ki, B-21 “Raider”, “Sentinel” qitələrarası ballistik raket proqramı və F-47 döyüş təyyarəsi ABŞ-nin gələcək təhlükəsizlik strategiyasında həlledici rol oynayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-21   Raider  


Bizi "telegram"da izləyin