Komitə sədri: "Strateji layihələri maliyyələşdirmək üçün böyük resurslara ehtiyac qalır"

2026/06/1781258728.jpg
Oxunub: 171     13:37     12 İyun 2026    
Azərbaycanda strateji layihələrin maliyyələşdirilməsi üçün böyük resurslara ehtiyac qalır.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin icra edildiyi 2025-ci ildə beynəlxalq miqyasda geosiyasi gərginliklər, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, enerji bazarlarındakı dəyişkənlik, dünya ticarətində zəifləmə meylləri və maliyyə bazarlarında risklərin artması davam edib: "Bu tendensiyaların cari ildə də müşahidə olunması Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın təmin edilməsini xüsusi aktuallıq kəsb edən məsələlər sırasına çıxarır. Dövlət borcunun səviyyəsi maliyyə təhlükəsizliyi meyarlarına uyğun olsa da, borca xidmət xərclərinin qısa müddətdə yüksək templə artması gələcəkdə büdcə üzərində əlavə fiskal yük formalaşdıra biləcək risk amillərindən biri kimi qiymətləndirilir".

"Eyni zamanda, strateji təşəbbüslərini əsasən daxili maliyyə resursları hesabına reallaşdıran Azərbaycanda Böyük Qayıdış Proqramının icrası, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, iri infrastruktur layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, nəqliyyat-logistika potensialının gücləndirilməsi və yeni iqtisadi artım mənbələrinin formalaşdırılması uzunmüddətli dövrdə əhəmiyyətli maliyyə resursları tələb edir. Bu baxımdan, dövlət maliyyəsinin səmərəli idarə olunması və fiskal ehtiyatların qorunması strateji əhəmiyyət daşıyır", - deyə deputat əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azər-Əmiraslanov   Azərbaycan  


Bizi "telegram"da izləyin