Tramp Konqresi hərbi məqsədlər üçün 350 milyard dolların ayrılmasını təcili təsdiqləməyə çağırıb

2026/01/1769008045.jpg
Oxunub: 212     10:00     11 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Konqresdəki bütün respublikaçılara hərbi qurum üçün əlavə 350 milyard dollarlıq büdcə razılaşdırılması haqqında qanun layihəsini təcili şəkildə irəli sürmək və qəbul etmək çağırışı edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Mən Konqresdəki respublikaçıları hazırlanmaqda olan 350 milyard dollarlıq Recon 3.0 büdcə razılaşdırılması qanun layihəsini dərhal irəli aparmağa və qəbul etməyə qəti şəkildə çağırıram”, - deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, “Recon 3.0” layihəsi ABŞ-nin ümumi hərbi büdcəsini 1,5 trilyon dollara çatdırmaq üçün zəruri addımdır.

O vurğulayıb ki, bu vəsait Silahlı Qüvvələrin modernləşdirilməsi üçün lazımdır. Prezident bildirib ki, söhbət “Qızıl Qübbə” raketdən müdafiə qalxanı, “Qızıl Donanma” layihəsi, sursat ehtiyatlarının artırılması, həmçinin F-47 qırıcılarının, B-21 bombardmançılarının və pilotsuz uçuş aparatlarının istehsalının genişləndirilməsindən gedir.

Bundan əlavə, qanun layihəsinə “Amerikanı Xilas Edək Aktı” da daxildir. Tramp bu çərçivədə beş islahat təklif edir.

Seçki sahəsində seçicilərin fotoşəkilli şəxsiyyət vəsiqəsi təqdim etməsi və vətəndaşlığını təsdiqləməsi, həmçinin poçt vasitəsilə səsvermənin məhdudlaşdırılması nəzərdə tutulur.

Sosial sahədə isə kişilərin qadınların idman yarışlarında iştirakının qadağan olunması və yetkinlik yaşına çatmayan şəxslər üzərində cinsiyyət dəyişdirmə əməliyyatlarının tam qadağan edilməsi təklif olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Konqres  


Bizi "telegram"da izləyin