Ermənistan KİV-i: Sanksiyalar davam edir, alternativ tapılmır

2026/06/1781155551.jpg
Oxunub: 215     09:20     11 İyun 2026    
Rusiyanın erməni təsərrüfat subyektlərinə tətbiq etdiyi məhdudiyyətlərdən sonra alternativ ixrac bazarlarının tapılması barədə verilən vədlərə baxmayaraq, yeni bazarların Avrasiya İqtisadi Birliyini əvəz edə bilmədiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr xatırladıb ki, Rusiya bir aydan artıqdır Ermənistandan idxal olunan bir sıra kənd təsərrüfatı məhsulları və digər mallarla bağlı məhdudiyyətlər tətbiq edib.

“Seçki kampaniyasının son günlərində Nikol Paşinyan erməni güllərinin və tərəvəzlərinin ilk partiyalarının artıq yeni bazarlara, xüsusilə də Avropa İttifaqına üzv və ya ona inteqrasiya etməyə çalışan ölkələrə ixrac edildiyini açıqlamışdı.

Paşinyan yerli məhsulların satışında böhran yaranmayacağını və heç bir məhsulun satılmadan qalmayacağını bildirsə də, nəşrin əldə etdiyi məlumata görə, ixrac edilən məhsulların həcmi olduqca azdır və onları alternativ bazar kimi təqdim etmək mümkün deyil”, - deyə nəşr qeyd edib.

Vurğulanır ki, məhz bu səbəbdən hakimiyyət artıq bu mövzu barədə danışmır, ixrac olunan məhsulların siyahısını və həcmini də açıqlamır.

“Hakimiyyət dairələrində yaxın vaxtlarda kənd təsərrüfatı məhsullarının satışında ciddi problemlərin yaranacağından narahatlıq olduğu qeyd edilir. Rusiya sanksiyalarının iyunun 8-də başa çatacağı ilə bağlı səsləndirilən bəyanatların reallıqdan uzaq olduğu artıq aydın görünür”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin