Ordu.az xəbər verir ki, bu barədə iyunun 11-də yayımlanan birgə bəyanatda bildirilib.
“Ərazilərimizdə insanları öldürmək, oğurlamaq, izləmək, qorxutmaq və ya başqa formada onlara hücum etmək cəhdləri milli suverenliyi və beynəlxalq normaları pozur. Bu fəaliyyətlər dərhal dayandırılmalıdır”, - deyə bəyanatda qeyd olunub.
İranı bu fəaliyyətləri dayandırmağa çağıran ölkələr arasında Almaniya, Albaniya, Avstraliya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Kanada, Çexiya, Danimarka, Estoniya, Fransa, Finlandiya, İrlandiya, Latviya, Litva, Niderland, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Portuqaliya, İsveç və ABŞ yer alıb.
Bəyanatda bildirilir ki, SEPAH-ın kəşfiyyat xidməti və onun xaricdə fəaliyyət göstərən “Əl-Qüds” bölməsi iranlı müxaliflərə, jurnalistlərə və yəhudi icmalarına qarşı “ölümcül sui-qəsdlər və zərərli fəaliyyətlər” həyata keçirir.
Ölkələr həmçinin Tehranı İranla əlaqəli olduğu bildirilən “Hərəkat Əshab əl-Yəmin əl-İslamiyyə” qruplaşması vasitəsilə Avropada hücumlar kampaniyası təşkil etməkdə ittiham ediblər.
Qeyd olunub ki, həmin qruplaşma daha əvvəl Böyük Britaniya, Belçika və Niderlandda yəhudi icmalarına hücumlar və sinaqoqların yandırılması hadisələrinə görə məsuliyyəti öz üzərinə götürüb.
Sevinc Əliyeva
Ordu.az