10 Kilometr İddiası, 3 Kilometr Reallığı: Ermənistanın Çindən Aldığı GAM-102LR Sisteminin Görünməyən Tərəfləri (ANALİZ + FOTOLAR)

2026/06/photo-1781086485.jpg
Oxunub: 375     16:21     10 İyun 2026    
Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi silah satınalmaları silsiləsində İran istehsalı “Kavoş” radarından, “Sepehr 110” taktiki rabitə sistemlərindən, AD-08 “Majid” Hava Hücumundan Müdafiə (HHM) kompleksindən, Çin istehsalı “CH-4B Rainbow” zərbə-kəşfiyyat platforması və AR-2 lazer idarəolunan sursatından, ASN-301 “Vorot” anti-radar kamikadze tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) sonra ən son nümunə kimi Çin Xalq Respublikasının “Poly Technologies” (rəsmi adı ilə “Poly Defense”) şirkəti tərəfindən istehsal olunan GAM-102LR 5-ci nəsil tank əleyhinə idarəolunan raket sisteminin İrəvanın Respublika Meydanında keçirilən hərbi paradda “Nizak” (“Nizə”) yerli kod adı altında nümayiş etdirilməsi diqqəti çəkir. Bu hadisə həm Pekinin Cənubi Qafqaz hərbi-siyasi məkanına strateji nüfuz cəhdinin yeni bir təzahürü, həm də İrəvanın 2020-ci il sonrası yaşadığı doktrinal vakuumu çoxmənbəli silah satınalmaları ilə doldurma cəhdinin ən aktual nümunəsi kimi qiymətləndirilməlidir. GAM-102LR sistemi Pekinin müdafiə sənayesinin nisbətən yeni məhsuludur və beynəlxalq ixrac bazarına yalnız 2025-ci ildə təqdim edilib, beləliklə Ermənistanın bu kompleksi 2025-ci ilin sonu ilə 2026-cı ilin əvvəlləri arasındakı dövrdə əldə etməsi onu sistemin ilk xarici operatorlarından biri statusuna gətirib çıxarır. Lakin bu “ilk operator” statusu hərbi-strateji baxımdan həm üstünlük, həm də ciddi risk yaradır, çünki yeni texnologiyanın real döyüş mühitində tam sınaqdan keçməməsi və qlobal istifadə təcrübəsinin minimum olması sistemin daxili struktur zəifliklərinin yalnız kritik döyüş anlarında üzə çıxa biləcəyini nəzərdə tutur.

Sistemin texniki anatomiyasına və konseptual fəlsəfəsinə dərindən nəzər saldıqda, GAM-102LR platformasının formal olaraq müasir 5-cı nəsil Tank Əleyhinə İdarəolunan Raket (TƏİRK) standartlarına uyğun gələn bir sistem kimi mövqeləndiyi görünür. Pekinin “Poly Defense” şirkəti bu sistemi ABŞ istehsalı “Javelin” FGM-148, İsrail istehsalı “Spike” LR2/ER2 və Avropa istehsalı MMP sistemlərinə qarşı rəqib məhsul kimi formalaşdırıb. Sistemin rəsmi parametrləri (10 km-dən artıq atəş məsafəsi, 52 kq ümumi kompleks çəkisi, “atdım-unutdum” idarəetmə prinsipi, vizual və infraqırmızı ikiölçülü (dual-mode) elektro-optik axtarış başlığı, yuxarıdan zərbə endirmə trayektoriya rejimi, “insanın dövrədə aktiv iştirakı” (Man-in-the-Loop) funksiyası, atışdan sonrakı hədəf korreksiyası, tandem kumulyativ döyüş başlığı və alçaqdan uçan helikopter, həmçinin Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı ikiqat təyinatlı tətbiq qabiliyyəti ilk baxışda son dərəcə təsiredici görünə bilər və hətta müasir Qərb analoqları ilə bərabərlik üstünlüyü iddiası yarada bilər. Lakin bu rəqəmlər yalnız Çin tərəfindən elan edilmiş nominal göstəricilərdir və müstəqil beynəlxalq hərbi-texniki yoxlama proseslərindən keçməyib. Eyni zamanda sistemin praktiki döyüş tətbiqi tarixində toplanmış ilk təcrübə, yəni 2025-ci ilin dekabrında Kamboca-Tailand sərhəd münaqişəsində baş verən hadisə bu nominal göstəricilərin real döyüş mühitində nə dərəcədə reallaşa biləcəyi haqqında ciddi şübhələr yaradır.


Burada Kamboca-Tailand sərhəd münaqişəsi nümunəsinə xüsusi diqqət yetirmək zəruridir, çünki bu hadisə GAM-102LR sisteminin qlobal döyüş tarixçəsinin praktiki olaraq vahid real nümunəsidir və bu nümunədə nümayiş etdirilən nəticələr Pekin müdafiə sənayesi üçün son dərəcə utancverici, sistemin gələcək operatorları üçün isə kritik xəbərdarlıq xarakteri daşıyır. 2025-ci ilin dekabrında Kamboca-Tailand sərhəd zonasında baş verən hərbi toqquşma zamanı Çin tərəfindən Kamboca Krallığı Silahlı Qüvvələrinə tədarük edilmiş GAM-102LR sistemləri “Hill 500” (500-cü Təpə) istiqamətindəki döyüşlərdə sınaqdan keçirilib. Lakin nəticə müasir hərbi tarixin ən ardıcıl uğursuzluq nümunələrindən biri olub: Kamboca əsgərləri Tailand qoşunlarının sürətli irəliləyişi zamanı bu mürəkkəb sistemi operativ rejimdə istifadə edə bilməyib, bir dənə də olsun raket atmadan bütöv atıcı qurğunu və yanına aid 5 ədəd raket konteynerini döyüş meydanında tərk edərək geri çəkiliblər.

Bu sistem sonradan Tailand Kral Ordusunun əlinə döyüş qəniməti statusunda keçib və beynəlxalq hərbi-analitik dövriyyəyə təfərrüatlı şəkildə daxil olub. Bu hadisənin analitik nəticələri çoxşaxəlidir: birinci və ən kritik nəticə, GAM-102LR sisteminin operativ tətbiqi üçün şəxsi heyətdən tələb olunan dərin texniki hazırlıq və təlim səviyyəsi son dərəcə yuxarıdır. Sistemin “atdım-unutdum” mexanizmi, elektro-optik kilidlənmə prosesi, “insanın dövrədə aktiv iştirakı” funksiyası, hədəf seçimi prioriteti və yuxarıdan zərbə trayektoriya parametrlərinin daxil edilməsi prosedurları yüksək templi döyüş şəraitində, yəni stres, vaxt təzyiqi və düşmənin intensiv atəşi altında operator üçün son dərəcə çətin və xətaya qarşı çox həssas əməliyyatlardır. İkinci nəticə, sistem üçün lazım olan kəşfiyyat və hədəf təyini infrastrukturunun (PUA dəstəyi, radar şəbəkəsi, koordinat ötürmə kanalları) Kamboca tərəfində mövcud olmaması, sistemin nominal 10 km-lik atəş məsafəsi üstünlüyünü praktiki olaraq dəyərsiz edib. Üçüncü nəticə, sistemin 52 kq ümumi çəkisi piyada hərəkətliliyini son dərəcə məhdudlaşdırır və operatorun intensiv atəş altında onu nəql edib mövqedən çıxarması praktiki olaraq qeyri-mümkündür.


Bu Kamboca uğursuzluğu nümunəsi Ermənistan üçün də birbaşa analitik mesaj daşıyır, çünki Ermənistan ordusunda Çin texnoloji ekosisteminə inteqrasiya təcrübəsi praktiki olaraq sıfır səviyyəsindədir. Ermənistan hərbi personalının bütün təlim doktrinası, ixtisaslaşma istiqaməti və operativ refleksləri sovet-rus hərbi məktəbinə əsaslanır. Halbuki GAM-102LR sisteminin texniki sənədləri Mandarin və qismən ingilis dilində hazırlanıb. Bu dil və doktrinal baryer kritik anlarda (nasazlıq diaqnostikası, proqram təminatı yeniləməsi, lokal təmir əməliyyatları və optik kilidlənmə alqoritmlərinin operator tərəfindən düzgün interpretasiyası prosesində) ardıcıl səhvlərə və operativ itkilərə yol açacaq. Sistemə tam yiyələnmək üçün Ermənistan şəxsi heyətinə ən azı 18-24 aylıq sistemli təlim proqramı tələb olunur ki, bu müddət ərzində Ermənistan paradlarda nümayiş etdirilən bu kompleksdən praktiki döyüş mənasında istifadə edə bilməyəcək. Hətta təlim prosesi tam həyata keçirilsə belə, Kamboca nümunəsindəki kimi yüksək templi real döyüş şəraitində 5-ci nəsil sistemin operativ tətbiqi son dərəcə çətin olacaq.

GAM-102LR sisteminin daxili struktur zəiflikləri də mühüm analitik diqqət tələb edir. Birinci və ən kritik zəiflik termal-iqlim həssaslığıdır: sistemin ön hissəsində yerləşən yüksək həssaslıqlı elektro-optik axtarış başlığı, yəni vizual gündüz kamerası və soyudulmuş infraqırmızı sensor matrisi istilik aşınmasına (termal deqradasiyaya) qarşı son dərəcə həssasdır. Sensor matrisi tipik olaraq civə-kadmium-tellurid (HgCdTe) və ya indium-antimonid (InSb) materiallarından hazırlanır. Bu materialların həssaslıq səviyyəsinin optimal işləyə bilməsi üçün -70°C ilə -90°C arasında sabit soyutma rejimi tələb olunur. Çin istehsalı sistemlərdə bu soyutma kompleksinin etibarlılığı Qərb analoqlarından əhəmiyyətli dərəcədə geri qalır. Yüksək temperatur, yüksək rütubət, eyni zamanda kəskin temperatur dəyişiklikləri şəraitində sensor matrisinin siqnal-küy nisbəti (SNR) sürətlə pisləşir, hədəfə kilidlənmə qabiliyyəti azalır və yalançı kilidlənmə hadisələri tezləşir. Cənubi Qafqaz iqliminin xüsusiyyətləri (Zəngəzur və Dərələyəz regionlarında yay aylarında +40°C-yə çatan istilik, qış aylarında -25°C-yə enən şaxta, dağlıq mövqelərdə yüksək rütubət və kəskin temperatur dəyişiklikləri) sistemin sensor kompleksini ardıcıl olaraq termal şoka məruz qoyacaq. Bu isə uzunmüddətli istismarda sensorların tədricən sıradan çıxmasına və zamanla operativ döyüş hazırlığı səviyyəsininin kəskin azalmasına səbəb olacaq.


İkinci kritik zəiflik xarici sensor-kəşfiyyat infrastrukturundan asılılıqdır. GAM-102LR sisteminin nominal 10 km atəş məsafəsi yalnız “görmə xəttindən kənar” (BLOS) rejimdə reallaşa bilər və bu rejim sistemin mütləq kəşfiyyat PUA-ları, radar şəbəkəsi və ya yerüstü kəşfiyyat postları ilə inteqrasiyalı işləməsini tələb edir. Bu kontekstdə Ermənistan ordusunun mövcud kəşfiyyat infrastrukturu son dərəcə məhduddur: sovet dövrü kəşfiyyat vasitələri köhnəlib, müasir kəşfiyyat-zərbə döngəsi infrastrukturu qurulmayıb, yeni alınmış CH-4B PUA platforması cəmi 3-6 ədəd sayda və mübahisəli operativ hazırlıqdadır. Real vaxt rejimində koordinat ötürmə kanalları kifayət qədər sürətli və etibarlı deyil. Bütün bu məhdudiyyətlər nəzərə alındıqda, GAM-102LR sisteminin 10 km-lik nominal atəş məsafəsi praktiki olaraq 3-4 km-lik vizual görünüş dairəsi həddinə qədər azalır ki, bu da müasir piyada-tank döyüş mühitinin standart parametrlərindən bir o qədər də fərqlənmir. Beləliklə, sistemin nominal performans üstünlüyü praktiki tətbiqdə əhəmiyyətli dərəcədə dəyər itirir.

Üçüncü zəiflik radioelektron mübarizəyə qarşı yüksək həssaslıqdır. GAM-102LR sistemi raketin uçuş zamanı operatorla simsiz məlumat ötürmə rabitə kanalı vasitəsilə əlaqə saxlayan “insanın dövrədə aktiv iştirakı” (Man-in-the-Loop) funksionallığına malikdir. Yəni raket buraxıldıqdan sonra operator real vaxt rejimində raketin optik görüntüsünü izləyir və lazım gəldikdə hədəfi dəyişdirə, korreksiya edə və ya atışdan imtina edə bilir. Bu funksionallıq nəzəri olaraq müasir döyüş mühitində zirehli texnikaların ovlanması üçün cazibədar bir üstünlük yaratsa da, eyni zamanda sistemin struktur zəifliyini ifadə edir.

Müasir radioelektron mübarizə (REM) sistemləri, o cümlədən hava-əsaslı radioelektron mübarizə vasitələri və Türkiyə istehsalı uzaq mənzilli strateji radioelektron mübarizə kompleksləri raketlə operator arasındakı məlumat ötürmə tezliklərini effektiv şəkildə qarışdıra və ya blokadaya ala bilər. Bu hücum nəticəsində “insanın dövrədə aktiv iştirakı” funksionallığı sıradan çıxır, raket avtonom rejimə keçməyə məcbur olur və son yönəlmə (terminal) mərhələsində hədəfin dəyişməsi və ya əks-tədbirlərin tətbiqi halında hədəfi itirir. Üstəlik, sistemin “atdım-unutdum” rejimi yalnız ilkin hədəf kilidlənməsinin sabit qalması şərti ilə effektiv işləyir. Əgər kilidlənmə uçuş zamanı pozulsa, raket yenidən kilidlənmə yarada bilmir və uçuş trayektoriyasından çıxır. Çin istehsalı şifrələmə protokolları müasir Qərb standartları ilə müqayisədə geridə qalır və açıq mənbələrə görə AES-128 və ya bənzər orta səviyyəli alqoritmlərə əsaslanır ki, bu da müasir radioelektron mübarizə kompleksləri tərəfindən nisbətən qısa vaxtda sındırıla bilər.


Dördüncü zəiflik, sistemin ağır çəkisi və hərəkətlilik məhdudiyyətidir. 52 kq ümumi kompleks çəkisi (komanda-atış modulu, üçayaqlı dəzgah və bir ədəd raket borusu daxil olmaqla) müasir piyada hərəkətliliyi standartları ilə müqayisədə son dərəcə ağırdır. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, ABŞ istehsalı “Javelin” FGM-148 sisteminin ümumi çəkisi cəmi 22 kq, İsrail istehsalı “Spike” LR sistemi təxminən 26 kq həddindədir. Bu çəki fərqi piyada qoşunlarının dağlıq və çətin relyefdə sürətli manevr etmə qabiliyyətini son dərəcə məhdudlaşdırır. Cənubi Qafqaz coğrafiyasının, xüsusilə Zəngəzur, Dərələyəz, Göyçə və Tavus regionlarının yüksək hündürlüklü dağlıq relyefi nəzərə alındıqda, 52 kq-lıq kompleksi piyada olaraq nəql etmək praktiki olaraq qeyri-mümkündür.

Məhz bu fundamental məhdudiyyət səbəbindən Ermənistan rəhbərliyi paradda nümayiş etdirilən “Nizak” kompleksini klassik üçayaqlı konfiqurasiyasında deyil, yüngül zirehli yolsuzluq avtomobillərinin, yəni pikap tipli platformaların üzərinə inteqrasiya olunmuş şəkildə təqdim edib. Hər pikap platformasında bir ədəd atıcı qurğu yerləşir və ona nəzarət edən atıcı heyət (təxminən 2-3 nəfərlik komanda) yer alır. Bu yanaşma Ermənistan ordusunun çoxsaylı yüngül mobil atəş nöqtələri yaratmaq və geniş cəbhə xəttində bu nöqtələri paylamaq taktikası ilə uyğunlaşır, eyni zamanda dağlıq və çətin relyefdə pusqu taktikalarının icrasını asanlaşdırır. Lakin bu mobil platforma yanaşması özü ilə bərabər kritik bir kompromis gətirir.

Mobil platforma seçiminin strateji nəticələrinə dərindən baxdıqda bir neçə kritik müşahidə formalaşır. Birinci müşahidə, pikap tipli yüngül zirehli platformalar yalnız minimum səviyyədə zireh qoruması təmin edir və hətta kiçik çaplı (5.56×45 mm və ya 7.62×54 mm) silahların atəşindən, qəlpə yağışından və improvizə edilmiş partlayıcı qurğulardan belə tam qoruna bilmir. Bu, platformanı müasir cəbhə xəttinin intensiv atəş mühitində son dərəcə həssas edir. İkinci müşahidə, pikap platformasının yüksək akustik və istilik imzası onu müasir kəşfiyyat sistemləri üçün asan hədəfə çevirir. Müasir infraqırmızı sensorlar və sintezləşdirilmiş aperturalı radar (SAR) sistemləri tərəfindən pikap kompleksi 5-10 km məsafədən aydın aşkarlana bilir. Üçüncü müşahidə, pikap platformasının yol keçə bilməyəcəyi və ya hərəkət sürətinin əhəmiyyətli dərəcədə azalacağı sıldırım dağlıq relyefdə (xüsusilə Zəngəzur regionunun yüksək dağlıq massivlərində) “Nizak” kompleksinin operativ tətbiq qabiliyyəti son dərəcə məhdudlaşdırılır. Dördüncü müşahidə, mobil pikap platformasının üzərində GAM-102LR sisteminin yerləşdirilməsi, atıcı qurğunun stabilizasiyası, optik nişangahın titrəmədən qorunması və elektron komponentlərin vibrasiya təsirindən təcrid olunması baxımından ciddi mühəndislik problemləri yaradır. Pikap şassisinin yolda hərəkəti zamanı yaranan vibrasiya optik-elektron sensorların kilidlənmə dəqiqliyini azaldır və zamanla onların kalibrləmə parametrlərini pozur.


Sistemin yuxarıdan zərbə endirmə trayektoriya rejimi müasir tank müdafiə doktrinasında nəzəri olaraq əhəmiyyətli bir üstünlük sayılır, çünki müasir tankların ən zəif zireh qatı məhz üst hissədə yerləşir. Tipik olaraq frontal zireh 600-900 mm homogen yayılmış polad zireh ekvivalentində qoruma təmin etdiyi halda, üst zireh cəmi 30-80 mm həddindədir. Lakin müasir tank istehsalçıları bu zəifliyi nəzərə alaraq aktiv müdafiə sistemlərinin (APS) inteqrasiyasına ciddi maliyyə resursları yatırıb. İsrail istehsalı “Trophy” və “Iron Fist”, ABŞ-nin aktiv qorunma layihələri, Rusiya istehsalı “Arena-M” və Türkiyə istehsalı AKKOR aktiv müdafiə sistemi – bütün bu sistemlər millimetrlik dalğa radar sensor şəbəkəsi vasitəsilə yaxınlaşan idarəolunan raketləri 360 dərəcəlik əhatə zonasında avtomatik aşkarlayır. Onlar mikrosaniyə dəqiqliyi ilə önləyici kumulyativ element və ya kinetik məhvedici atışı ilə raketi platformaya çatmamış havada məhv edir. Müasir aktiv müdafiə sistemləri yuxarıdan zərbə rejimində uçan raketləri xüsusi olaraq nəzərə alaraq dizayn olunub və üst yarımkürədə əhatə zonasına xüsusi diqqət yetirilir. GAM-102LR raketinin son yönəlmə mərhələsindəki sürəti açıq mənbələrə görə təxminən 280-320 m/saniyə həddindədir ki, bu da müasir aktiv müdafiə sistemləri üçün son dərəcə əlverişli önləmə parametrləridir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu müdafiə sistemləri 1500-2000 m/saniyə sürətli kinetik məhvediciləri belə effektiv şəkildə önləyə bilir. Beləliklə, GAM-102LR raketinin aktiv müdafiə sistemləri qarşısında məhv olma ehtimalı 75-90% həddində qiymətləndirilə bilər.

Sistemin əleyhinə müasir döyüş mühitində mövcud olan əks-tədbir kompleksinə geniş baxış apardıqda, GAM-102LR raketinin real döyüş şəraitində uğurla hədəfə çatma ehtimalının son dərəcə məhdud olacağı aydın görünür. Birinci təbəqədə lazer xəbərdarlıq sistemləri və ümumi kombinəedilmiş sensor xəbərdarlıq paketləri yer alır. Müasir tanklar və zirehli texnika platformaları yalnız lazer şüalarına deyil, eyni zamanda radio-tezlik xəbərdarlıq sensorlarına, millimetrlik dalğa detektorlarına və infraqırmızı yaxınlaşma sensorlarına malikdir. Bu kompleks GAM-102LR kimi yaxınlaşan idarəolunan raketi son mərhələdə saniyələr əvvəl aşkarlamağa imkan verir. İkinci təbəqədə çoxspektrli aerozol və duman pərdəsi kompleksləri (məsələn, AKKOR və oxşar sistemlər) yer alır. Bu sistemlər tank ətrafında saniyələr içində qrafit-metal tərkibli kompozit aerozol pərdəsi yaradır, görünən işıq diapazonunu, yaxın infraqırmızı diapazonu (1-3 mikrometr) və orta infraqırmızı diapazonu (3-5 mikrometr) eyni vaxtda blokadaya alır. Bu pərdə GAM-102LR sisteminin görüntülü infraqırmızı (IIR) ikiölçülü optik-elektron axtarış başlığının son mərhələdəki kilidlənməsini pozur və raketin trayektoriyadan çıxmasına səbəb olur.

Üçüncü təbəqədə yuxarıda qeyd edilən aktiv müdafiə sistemləri (APS) yer alır. Dördüncü təbəqədə radioelektron mübarizə (REM) sistemləri raketin “insanın dövrədə aktiv iştirakı” məlumat ötürmə kanalını qarışdırır və operator nəzarətini pozur. Beşinci təbəqədə (və bu, ayrıca strateji əhəmiyyət daşıyır) raket buraxılmazdan əvvəl daşıyıcı pikap platformasının özünə qarşı rəqib hava hücumundan müdafiəsinin susdurulması tipli qabaqlayıcı hücum strategiyası yer alır. Müasir kəşfiyyat-zərbə döngəsi bu pikap platformalarını orta hündürlüklü kəşfiyyat PUA-ları, sintezləşdirilmiş aperturalı radar (SAR) sistemləri və hətta elektromaqnit şüalanma monitorinqi vasitəsilə aşkarlayır, sonra isə koordinatları artilleriya və ya “gəzən sursat” platformalarına ötürərək dərhal neytrallaşdırır.


GAM-102LR sisteminin əleyhinə olan texniki müdafiə kompleksindən başqa, müasir döyüş doktrinası baxımından bir başqa kritik amil də diqqəti çəkir. Ermənistanın mobil pikap platformaları konfiqurasiyası onu artıq sınaqdan keçmiş bir asimetriyaya məhkum edir. Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu İsrail istehsalı “Spike” NLOS sisteminin atəş məsafəsi 25-50 km arasında dəyişir. Yəni GAM-102LR sisteminin nominal 10 km-lik atəş məsafəsindən 2.5-5 dəfə üstündür. Bundan əlavə, “Spike” NLOS sistemi fiber-optik kabel idarəetməsindən istifadə edir ki, bu da sistemi radioelektron mübarizədən tamamilə qoruyur. Yəni hətta ən güclü radioelektron mübarizə (REM) kompleksləri belə fiber-optik kabel rabitəsini qarışdıra və ya blokadaya ala bilmir.

Üstəlik, “Spike” NLOS atışdan sonra hədəf korreksiyası konsepsiyası üzərində qurulub və son yönəlmə mərhələsində operator hədəfi dəyişdirə, raketi yeni hədəfə yönləndirə və ya atışdan imtina edib raketi boş əraziyə istiqamətləndirə bilər. “Spike” NLOS 44 günlük Vətən Müharibəsində öz döyüş effektivliyini tam şəkildə təsdiq edib və bu, sistemin real döyüş şəraitində təsdiqlənmiş sistem statusunun tam ifadəsidir. Halbuki GAM-102LR yalnız Kamboca uğursuzluq nümunəsi ilə tanınır. Bu asimetriya İrəvanın “Nizak” satınalmasının nə hərbi-strateji oyun dəyişdirici rolunu oynaya, nə də cəbhə xəttində bərabərlik üstünlüyü yarada bilmədiyini açıq şəkildə göstərir.

Sistemin yerli kod adı altında (“Nizak”) təqdim edilməsinin doktrinal və psixoloji mənası ayrıca analitik diqqət tələb edir. İlk və ən aşkar səbəb diplomatik-siyasi mənşədir: Pekin Cənubi Qafqaz münaqişəsi kontekstində rəsmən neytral mövqe nümayiş etdirmək siyasətini həyata keçirir və “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Cənubi Qafqaz seqmentinin uğuru üçün Azərbaycan-Çin münasibətlərinin sabitliyini qoruyub saxlamaq prioritetinə malikdir. Orijinal Çin kod adı GAM-102LR yerinə yerli kod adı olan “Nizak” ifadəsinin istifadə edilməsi İrəvanın diplomatik səviyyədə Pekini birbaşa silah tədarükü ilə eyniləşdirməmək və beynəlxalq diplomatik təzyiqlərdən qorumaq cəhdidir. Bu, eyni zamanda Pekinin də xeyrinədir. Çünki rəsmi səviyyədə Çin tərəfi GAM-102LR sisteminin Ermənistana satışını birbaşa təsdiqləmir, lakin açıq mənbəli kəşfiyyat (OSINT) analizləri və beynəlxalq hərbi-analitik dövriyyə bu satınalmanın faktiki həqiqətini açıq şəkildə təsdiqləyir.


İkinci səbəb daxili siyasi-psixoloji məqsədlərlə bağlıdır: Ermənistan 2020-ci il sonrası yaşadığı doktrinal-strateji çökmə hissini daxili auditoriyaya qarşı kompensasiya etmək üçün xarici silahları “milliləşdirilmiş” və “yerli istehsala uyğunlaşdırılmış” şəkildə təqdim edir. “Nizak”, yəni “Nizə” sözü erməni hərbi-tarixi mifologiyasında simvolik məna daşıyır və daxili auditoriyaya “milli müdafiə qabiliyyətinin canlanması” mesajını çatdırmaq məqsədi güdür. Üçüncü səbəb texniki-konfiqurasiya baxımındandır: Ermənistan tərəfi raketləri Çindən atıcı konteyner formatında aldığı və daha sonra yerli istehsal pikap şassilərinə mobil platforma kimi inteqrasiya etdiyi üçün bütöv kompleksi tək vahid bir kod adı altında qruplaşdırmağı seçib. Bu, müasir hərbi satınalma təcrübəsində standart praktikadır və silah sisteminin mahiyyətini dəyişdirmir, sistem yenə də Çin istehsalı 5-ci nəsil TƏİRK kompleksindən ibarətdir, sadəcə yerli adlandırma çətirinə yığılıb.

Strateji səviyyədə qiymətləndirildikdə, GAM-102LR/“Nizak” satınalması İrəvanın çoxmənbəli silah diversifikasiya doktrinasının bir hissəsidir. Ermənistan rəhbərliyi son iki il ərzində Rusiya tərəfindən hərbi tədarükün praktiki olaraq dayandırılması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindən kənarlaşdırılması nəticəsində yaranan hərbi-strateji boşluğu doldurmaq üçün üç istiqamətli silah satınalma siyasəti yürüdür: Hindistandan (“Pinaka” yaylım atəşli reaktiv sistemləri, “Akash-1S” hava hücumundan müdafiə), Fransadan (“Caesar” haubitsaları, “Mistral 3” yaxın mənzilli HHM sistemləri), İrandan (“Kavoş” radarı, “Sepehr 110” taktiki rabitə sistemləri, AD-08 “Majid” hava hücumundan müdafiə sistemi) və Çindən (CH-4B PUA, ASN-301 radiolokasiya əleyhinə “gəzən sursat” sistemləri və GAM-102LR TƏİRK).

Bu çoxmənbəli yanaşma nəzəri olaraq risk diversifikasiyası və operativ çevikliyə imkan versə də, real hərbi-strateji müstəvidə ciddi inteqrasiya problemləri yaradır. Hindistan, Fransa, İran və Çin istehsalı sistemlərin vahid komanda, idarəetmə, kompüter, kəşfiyyat və nəzarət (C4ISR) arxitekturasına inteqrasiyası tamamilə fərqli rabitə protokolları, fərqli şifrələmə standartları, fərqli hədəf təyinetmə alqoritmləri və fərqli komanda zənciri qaydaları ilə müşayiət olunur. Bu çoxvektorlu silah arsenalının vahid doktrinal uzlaşma (bütövlük) ilə tətbiq edilməsi praktiki olaraq qeyri-mümkündür. Hər mənbə üzrə ayrıca logistik dəstək zənciri, ayrıca şəxsi heyət təlimi və ayrıca operativ doktrina formalaşdırmaq tələb edir. Bütün bu inteqrasiya yükü Ermənistan ordusunun mövcud institusional potensialından qat-qat üstündür və nəticədə hər bir silah sistemi öz real potensialının yalnız 20-30%-i həddində reallaşa bilir.

Pekinin Cənubi Qafqaz hərbi-siyasi məkanına GAM-102LR satışı vasitəsilə nüfuz cəhdi geopolitik baxımdan bir neçə mühüm məqamı işıqlandırır. Çin Xalq Respublikası son illərdə müdafiə sənayesi ixracında nisbətən aqressiv siyasət yürüdür və Mərkəzi Asiya, Cənubi Qafqaz, Şimali Afrika və Yaxın Şərq regionlarında ABŞ-İsrail-Türkiyə istehsalı sistemlərə rəqib məhsullar təklif edir. Lakin Pekinin Ermənistana satışları (ASN-301, CH-4B və GAM-102LR) simvolik-iqtisadi səviyyədə əhəmiyyətli olsa da, uzunmüddətli strateji öhdəlik baxımından son dərəcə məhdud xarakter daşıyır. Pekin Azərbaycan və Türkiyə ilə “Bir Kəmər, Bir Yol” çərçivəsində qurulan kompleks iqtisadi əməkdaşlığı (Orta Dəhliz layihəsi, Xəzər keçidi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çin-Avropa yük axını) heç bir halda riskə atmaq istəmir. Bu o deməkdir ki, kritik hərbi gərginlik anlarında və ya regional böhran şəraitində Çin tərəfi Ermənistana texniki dəstək, ehtiyat hissə tədarükü və ya proqram təminatı yeniləməsi prioritetini azalda, hətta tamamilə dayandıra bilər. Bu kontekstdə İraq, İordaniya və Yəmənin Çin istehsalı silah sistemləri ilə yaşadığı təcrübə, yəni 1-3 il ərzində operativ döyüş hazırlığı səviyyəsinin çökməsi Ermənistan üçün də qaçılmaz bir ssenari kimi qiymətləndirilməlidir.


Beləliklə, Çin Xalq Respublikasının “Poly Technologies” şirkəti tərəfindən istehsal edilən GAM-102LR 5-ci nəsil tank əleyhinə idarəolunan raket sisteminin Ermənistan ordusunda “Nizak” yerli kod adı altında qəbul edilməsi formal nümayiş səviyyəsində İrəvanın hərbi yenilənmə cəhdinin bir hissəsi kimi təqdim edilsə də, real hərbi-strateji baxımdan ciddi praktik məhdudiyyətlərlə müşayiət olunan, qlobal döyüş tarixçəsində Kamboca uğursuzluq nümunəsi ilə tanınan və müasir əks-tədbir mühitində son dərəcə həssas olan ikinci dərəcəli bir sistemdir.

Sistemin termal-iqlim həssaslığı, xarici sensor infrastrukturundan asılılığı, radioelektron mübarizəyə qarşı zəifliyi, 52 kq-lıq ağır çəkisi və piyada hərəkətliliyi məhdudiyyəti, yuxarıdan zərbə endirmə rejiminin müasir aktiv müdafiə sistemləri (APS) qarşısında neytrallaşdırılma ehtimalı, mobil pikap platformasının yüksək kəşfiyyat imzası və minimal zireh qoruması, eyni zamanda 5-ci nəsil sistemin operativ tətbiqi üçün tələb olunan dərin şəxsi heyət hazırlığı və Ermənistan ordusunda Çin texnoloji ekosistemi ilə inteqrasiya təcrübəsinin sıfıra yaxın olması – bütün bu amillər birlikdə “Nizak” kompleksinin Cənubi Qafqaz hərbi balansında ciddi dəyişiklik yarada bilməyəcəyini göstərir.

Kamboca nümunəsindəki kimi yüksək templi real döyüş şəraitində mürəkkəb sistemin operativ tətbiqinin Ermənistan şəxsi heyəti üçün son dərəcə çətin olacağı və müasir çoxtəbəqəli tank müdafiə kompleksinin (lazer xəbərdarlıq sistemləri + çoxspektrli aerozol pərdə + aktiv müdafiə sistemləri + radioelektron mübarizə + rəqib hava hücumundan müdafiəsinin susdurulması tipli qabaqlayıcı hücum strategiyası) effektiv tətbiqi şəraitində raketin uğurla hədəfə çatma ehtimalının praktiki olaraq 10-15% həddinə enəcəyini açıq şəkildə nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu satınalmadan əsas hədəfləri, yəni daxili siyasi auditoriyaya hərbi yenilənmə mesajının çatdırılması, çoxmənbəli silah diversifikasiya doktrinasının davamı və Pekinlə hərbi-strateji yaxınlaşmanın möhkəmləndirilməsi (konsolidasiyası) simvolik səviyyədə qismən reallaşa bilər, lakin praktiki döyüş tətbiqi baxımından GAM-102LR/“Nizak” kompleksi Ermənistan ordusunun arsenalında ardıcıl operativ effektivlik göstərmək qabiliyyətinə malik deyil. Müasir hərb tarixinin ardıcıl təsdiq etdiyi həqiqət budur ki, silah sistemləri yalnız öz nominal performans göstəriciləri ilə deyil, eyni zamanda onların inteqrasiya edildiyi doktrinal uzlaşma (bütövlük), logistik dayanıqlıq, şəxsi heyət hazırlığı və ümumi hərbi arxitekturanın struktur bütövlüyü ilə qiymətləndirilir. Bu meyarların hər biri üzrə Ermənistanın “Nizak” satınalması bir taktiki güclənmə deyil, sadəcə ardıcıl olmayan və ölçülən operativ nəticələr verə bilməyəcək simvolik konfiqurasiya addımıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Çin   GAM-102LR  


Bizi "telegram"da izləyin