Moskvadan Vaşinqtona “nüvə” ultimatumu: Avropadakı ABŞ nüvə silahları geri çağırılsın!

2026/06/1781115826.jpg
Oxunub: 256     22:26     10 İyun 2026    
“ABŞ Avropadakı nüvə silahlarını çıxarmalı və onların yerləşdirilməsi üçün yaradılmış infrastrukturu açıqlamalıdır”. TASS agentliyinin yaydığı məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov bəyan edib. Rusiyalı diplomatın sözlərinə görə, “Rusiyanın ərazisində mülki və hərbi baxımdan ən mühüm infrastruktur obyektlərinin hədəfə alınması mümkün olduğu üçün Avropadakı Amerika nüvə silahları mahiyyət etibarilə strateji xarakter daşıyır”. Buna görə də Rusiya “onların Avropadan çıxarılaraq ABŞ-yə qaytarılmasında israr edir”.

TASS-ın dəqiqləşdirməsinə görə, daha əvvəl “Financial Times” yazmışdı ki, ABŞ və onun Avropadakı müttəfiqləri “Rusiya ilə həmsərhəd NATO üzvü olan ölkələrin ərazisində nüvə silahı daşımaq qabiliyyətinə malik Amerika təyyarələrinin yerləşdirilməsi imkanlarını müzakirə edirlər”. Digər məlumatlara görə, ABŞ və Avropa ölkələri bu perspektivi Rusiyanın “nüvə şantajına qarşı durmaq zərurəti” ilə əsaslandırıblar.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfirinin bəyanatı kifayət qədər narahatedici vəziyyətdə yayılıb. Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 9-da bildirib ki, Rusiya “Çernobıl Atom Elektrik Stansiyası yaxınlığındakı nüvə tullantıları anbarına pilotsuz uçuş aparatı zərbəsi endirib”. Zelenski deyib ki, “radiasiya səviyyəsində təhlükəli artım qeydə alınmayıb, lakin fon göstəricilərində dəyişiklik baş verib”. Ukrayna prezidentinin qiymətləndirməsinə görə, Rusiya “Avropaya nüvə təhdidi yaradıb”.

Həmin gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniya, Fransa və Almaniya liderlərinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması və təmas xəttinin sabitləşdirilməsi ilə bağlı təklifini “qətiyyən qəbuledilməz” adlandırıb.

Avropadan Amerika nüvə silahlarının çıxarılması tələbi göstərir ki, Rusiya taktiki nüvə döyüş başlıqlarından istifadə etmək məcburiyyətində qala biləcəyi variantı istisna etmir. Rusiyalı diplomatın ifadələrindən belə başa düşülür ki, Moskva ABŞ ilə birbaşa qarşıdurmadan yayınmağa çalışır.

İstisna deyil ki, nüvə silahından istifadə təhdidi ABŞ-ni yenidən vasitəçilik missiyasına qaytarmaq məqsədi daşıyır, lakin “üzünü qorumaq” üçün bu, nüvə supergücləri arasında “təhlükəsizlik təminatlarının mübadiləsi” kimi təqdim olunur.

Hər bir halda görünür ki, Rusiya müharibəni dayandırmaq niyyətində deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Vaşinqton   Nüvə-silahı  


Bizi "telegram"da izləyin