PUA müharibəsindən robot müharibəsinə: İQP-lər döyüşü dəyişdirir

2026/02/dfd45-1771315756.jpg
Oxunub: 306     17:48     10 İyun 2026    
Həm Rusiya, həm də Ukrayna şərqi Ukraynada missiyalar üçün getdikcə daha çox silahlı insansız quru platformalarından, “Terminator” robotlarını xatırladan sistemlərdən istifadə edir.

Ukraynadakı davam edən müharibə bu ayın sonunda beşinci ilinə qədəm qoyarkən, az adam pilotsuz uçuş sistemlərinin münaqişədə oynayacağı rolu əvvəlcədən proqnozlaşdıra bilmişdi. Pilotsuz uçuş aparatları tankların məhv edilməsində, karvanların vurulmasında və ön mövqelərin hədəfə alınmasında son dərəcə effektiv olduğunu sübut edib. Eyni zamanda, Ukrayna Qara dənizdə Rusiyanın hərbi gəmilərini və sualtı qayıqlarını uğurla hədəfə almaq üçün insansız dəniz platformalarından (USV) və insansız sualtı platformlardan (UUV) istifadə edib.

Həm Rusiya, həm də Ukrayna pilotsuz və hətta yarımavtonom sistemlərdən istifadəni davam etdirir. Lakin “Jamestown Foundation” analitik mərkəzinin yeni araşdırmasına görə, Kiyev insansız quru platformalarının (UGV) tətbiqində öncül ola bilər. Bu platformalar “kəşfiyyat, logistika, atəş dəstəyi və ön cəbhədə ölümcül “məhv zonaları”nda özünü partladan hücumlar” həyata keçirə bilir. Araşdırmada qeyd olunur ki, UGV-lər “Ukrayna itkilərini azalda” və “koordinasiyalı, çoxmühitli robot müharibəsi vasitəsilə taktikanı dəyişdirə” bilər.

Dronlar şərqi Ukraynada “məhv zonaları” yaradır

“Jamestown”un nəticələri oktyabr ayında “Forbes” nəşrində dərc olunan materialı izləyir. Həmin yazıda qeyd olunurdu ki, Ukraynada cəbhə xətləri çox vaxt 25 kilometr dərinliyində dron nəzarət zonasından ibarət ölümcül “məhv zonası” ilə ayrılır. Bu vəziyyət Birinci Dünya müharibəsi zamanı səngərlər arasında yerləşən təhlükəli “kimsəsiz ərazi”ni xatırladır.

Həmin zonada insan patrulların yerinə indi UGV-lər yerləşdirilir və onlar, xüsusilə düşmən nəzarətində olan şəhərlər ətrafında kəşfiyyat və yoxlama aparır.

“Forbes” üçün yazan Vikram Mittal bildirib: “Dronlar bu şəhərləri müdafiə edən əsgərlərə qarşı o qədər də effektiv deyil, lakin ora daxil olmağa çalışan təchizat nəqliyyat vasitələrini hədəfə almaqda çox təsirlidirlər”.

Ukrayna canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi üçün UGV-lər “yüksək riskli” missiyalarda piyada qoşunlarını əvəz edə bilir. Vaşinqtonda yerləşən analitik mərkəzin məlumatına görə, insansız sistemlər həm də “davamlı atəş gücü, mühəndis dəstəyi və radioelektron mübarizəyə qarşı dayanıqlıq” təmin edir.

UGV-lər müasir “Terminator”lardır

UGV-ləri elmi-fantastik film seriyasındakı “The Terminator” filmindəki uydurma “Terminator”larla müqayisə etmək mümkündür, ancaq onlar avstriyalı idmançıya yox, daha çox kiçik tanklara bənzəyir. Əsas prinsiplər eynidir: UGV-lər yorulmur, üşümür, acmır, əmr verilmədikcə geri çəkilmir və uzun müddət cəbhədə qala bilir. Bu platformalar pulemyotlar, qumbaraatanlar və digər yüngül silahlarla təchiz edilə bilər. 12,7 mm-lik uzaqdan idarə olunan “Browning M2” ağır pulemyotu ilə silahlandırılmış “DevDroid TW” 12.7 tipli bir UGV-nin 45 gün ərzində ön mövqedə xidmət etdiyi bildirilir.

UGV-lər həmçinin partlayıcı maddələrlə yüklənərək istehkam və bunkerləri məhv etmək üçün birtərəfli “intihar” missiyalarına göndərilə bilər. “Ratel-S” adlı model 40 kiloqrama qədər güclü partlayıcı daşıya bilir, tankların və körpülərin altına gizlicə yerləşdirilə bilir.

UGV-lər bəzən hücumun ön dəstəsində iştirak edir. “Jamestown” hesabatında “The Kyiv Independent” nəşrinə istinadən qeyd olunur: “UGV-lər hücum zamanı ilk zərbəni endirərək və Rusiya istehkamlarını məhv edərək Ukrayna itkilərini azaldır. Onlar ən çirkli və ən təhlükəli işi görür”.

Piyada qoşunlarına əlavə olaraq, UGV-lər logistika və tibbi təxliyə üçün də istifadə olunur, bir səfərdə bir neçə yaralını daşıya bilir. Onlar təchizatın çatdırılması, yaralıların çıxarılması, mina təmizlənməsi və mülki şəxslərin xilas edilməsini təmin edir.

Kiyev Qərbdən tanklar, təyyarələr, artilleriya və milyonlarla sursat alsa da, dron sahəsində artıq kifayət qədər özünütəminetmə səviyyəsinə nail olub. Ötən il “The Economist” yazırdı ki, Ukrayna ordusunun istifadə etdiyi UGV-lərin 99 faizi ölkə daxilində təxminən 40 şirkət tərəfindən istehsal olunur. 200-dən çox model tətbiq edilib və əlavə modellər hazırlanmaqdadır.

Rusiya da yüksək itkiləri azaltmaq üçün öz UGV-lərini tətbiq etməyə başlayıb. Bu sistemlərə müxtəlif yüngül silahlarla və ya mina yerləşdirmə avadanlığı ilə təchiz oluna bilən modul quruluşlu, elektriklə işləyən “Courier” adlı UGV daxildir. Onun piyada bölmələrlə yanaşı fəaliyyət göstərdüyü müşahidə edilib.

Maşınların yüksəlişinə doğru gedirikmi?

Artıq bir neçə “drona qarşı dron” qarşılaşması qeydə alınıb və bunun artacağı gözlənilir. Hazırda bu, faktiki olaraq uzaqdan idarə olunan “robot müharibələri” deməkdir.

Əsas narahatlıq isə daha yüksək avtonomluq və süni zəkanın nə demək olacağıdır, çünki bu istiqamətdə inkişaf qaçılmaz görünür.

Maşınların üsyan edib niyə bir-birini yox, insanları hədəfə aldıqlarını soruşacağı mərhələyə hələ çatmamışıq. Lakin bu məsələ real narahatlıq doğurur. Maşınların yüksəlişinin Donbas bölgəsində dağıdılmış bir kənddə başlayacağını az adam təsəvvür edərdi, amma bunu zaman göstərəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   UGV  


Bizi "telegram"da izləyin