Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda deyib.
Onun sözlərinə görə, ABŞ 30 ildən artıqdır ki, Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biridir: "Bu müddət ərzində ölkələrimiz əvvəlcə enerji sektorunda, hazırda isə getdikcə daha geniş şəkildə innovasiya, texnologiya və rəqəmsal transformasiya sahələrində möhkəm əməkdaşlıq təməli formalaşdırıblar. Ötən həftə keçirilən Azərbaycan–ABŞ İqtisadi Dialoqu qarşıda duran imkanların miqyasını bir daha nümayiş etdirdi. Enerji və kritik faydalı qazıntılar sahəsində davam edən əməkdaşlıqla yanaşı tərəflər yüksək məhsuldarlıqlı hesablama sistemləri, süni intellekt, bulud texnologiyaları, rəqəmsal infrastruktur və innovasiyalar istiqamətində yeni nəsil tərəfdaşlığa doğru irəliləyirlər. "Dell Technologies", "Oracle", "Microsoft", "Amazon" və digər aparıcı texnologiya şirkətləri ilə əməkdaşlığımız iki ölkə arasında münasibətlərin ənənəvi investisiya tərəfdaşlığından strateji texnoloji əməkdaşlıq mərhələsinə keçdiyini göstərir."
O qeyd edib ki, bu təşəbbüslər bir-birindən təcrid olunmuş layihələr deyil: "Onlar birlikdə daha yüksək məhsuldarlıq yaratmağa, daha yaxşı iş yerləri açmağa, investisiyaları cəlb etməyə və qlobal rəqabətqabiliyyətliliyi artırmağa qadir olan müasir rəqəmsal iqtisadiyyatın qurulma bloklarını formalaşdırır. Eyni zamanda, biz rəqəmsal transformasiyanın biznes üçün ölçüləbilən nəticələr verməsini təmin etməyə fokuslanmışıq. "Sənaye 4.0" təşəbbüsləri vasitəsilə Azərbaycan müəssisələri qabaqcıl texnologiyaları mənimsəyir, istehsal proseslərini müasirləşdirir və əməliyyat səmərəliliyini artırırlar. Məsələn, yaxınlarda "SOCAR Karbamid" zavodunun Dünya İqtisadi Forumu tərəfindən Azərbaycanın ilk rəqəmsal mayakı ("Digital Lighthouse") kimi tanınması, innovasiyanın sənaye performansına çevrilməsi zamanı nələrə nail olunacağını göstərən güclü bir sübutdur".
Ordu.az