Paşinyan Karapetyandan təkzib və 12 milyon dram təzminat tələb edir

2026/06/1781163424.jpg
Oxunub: 202     11:28     11 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan iş adamı Samvel Karapetyana və “Güclü Ermənistan” partiyasına qarşı iki məhkəmə iddiası qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Hetq” nəşri məlumat yayıb.

Məlumata görə, Paşinyan böhtan hesab etdiyi məlumatların təkzib edilməsini və hər iddia üzrə 6 milyon dram məbləğində təzminat ödənilməsini tələb edir.

“Samvel Karapetyana qarşı qaldırılmış iddianın səbəbi onun 2026-cı il mayın 25-də verdiyi müsahibə olub. Karapetyan həmin müsahibədə Nikol Paşinyanın Kanadada evinin olduğunu iddia edib. Paşinyan isə bu məlumatın tamamilə yalan, böhtan xarakterli və həqiqətə uyğun olmadığını bildirib.

Baş nazir tələb edir ki, təkzib mətninin məhkəmə qərarında göstərilən formada ən azı 200 min abunəçisi olan üç media qurumunun “YouTube” kanalında canlı yayımla oxunması təmin edilsin. İddia ərizəsinə əsasən, təkzibin yerləşdirilməsi, dizaynı, şrift ölçüsü və yayımlanma vaxtı ilkin məlumatdan geri qalmamalıdır. Həmçinin təkzib mətnində əlavə şərh və ya izah verilməməli, yalnız məhkəmənin müəyyən etdiyi mətn səsləndirilməlidir”, - deyə nəşr qeyd edib.

Nəşr bildirib ki, əgər bu tələbi qeyd olunan media vasitələri ilə yerinə yetirmək mümkün olmazsa, təkzib “Güclü Ermənistan/Strong Armenia” “YouTube” kanalı vasitəsilə eyni qaydada yayımlanmalıdır.

“Paşinyan iddianı 2026-cı il iyunun 10-da təqdim edib. İş hakim Anuşavan Muşeqyana həvalə olunub, lakin hələ icraata qəbul edilməyib. Baş nazir eyni gündə “Güclü Ermənistan” partiyasına qarşı da ayrıca iddia qaldırıb. İddia ərizəsinə əsasən, partiya 2026-cı il mayın 27-də Paşinyanın Ermənistana 300 min azərbaycanlı gətirəcəyini təsdiqlədiyi barədə məlumat yayıb.

Paşinyan bu məlumatın da böhtan xarakterli, yalan və həqiqətə uyğun olmadığını bildirib. İddianın təmin ediləcəyi halda, təkzib “Güclü Ermənistan”ın “Facebook” səhifəsində hər kəs üçün görünən formada yayımlanmalı və ən azı iki il müddətində saxlanılmalıdır”, - deyə müəllif qeyd edib.

Nəşr yazıb ki, Paşinyan, həmçinin partiyadan böhtan nəticəsində vurulduğunu iddia etdiyi mənəvi ziyana görə 6 milyon dram təzminat tələb edir. “Bu iş hakim Armenuhi Badiryana həvalə olunub və icraata qəbul edilib-edilməməsi barədə qərar hələ verilməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin