Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində artıq dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, ölüm hadisəsinin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Rəsmi məlumata əsasən, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Aramais Merujan Gevorqyanın meyiti iyunun 2-də gecə saat 00:10 radələrində aşkar edilib. Hadisənin başvermə səbəbləri və digər halların dəqiqləşdirilməsi məqsədilə istintaq tədbirləri həyata keçirilir.
“İş üzrə həbs olunan şəxslərlə bağlı əlavə məlumat hələlik açıqlanmayıb. Hüquq-mühafizə orqanları hadisənin bütün iştirakçılarını və mümkün məsul şəxsləri müəyyənləşdirməyə çalışır. Ölən hərbçinin müəyyən sağlamlıq problemləri olub. Buna baxmayaraq, o, hərbi xidmətə yararlı hesab edilərək ordu sıralarına çağırılıb”, - deyə nəşr qeyd edib.
Nəşr diqqəti həm də bu məqama yönəldərək qeyd edir ki, hərbçinin sağlamlıq vəziyyəti və onun xidmətə yararlı sayılması ilə bağlı qərarın hansı əsaslarla verildiyi istintaqın araşdırdığı məsələlərdən biri ola bilər. Hadisə Ermənistan cəmiyyətində geniş rezonans doğurub və istintaqın nəticələri ilə bağlı ictimai maraq davam edir.
Alpər Mövludoğlu
Ordu.az