“Joğovurd”: Parlament sədrini seçəcəklər, baş naziri və hökumətin tərkibini Nikol Paşinyan müəyyənləşdirəcək

2026/06/1781155514.jpg
Oxunub: 260     09:19     11 İyun 2026    
Ermənistanda seçkilərin yekun nəticələri hələ açıqlanmasa da, hakimiyyət dairələrində artıq nəticələrdən daha çox yeni parlamentin formalaşdırılması və hökumətin yenidən qurulması məsələləri müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, hakimiyyət 14 iyun tarixində seçkilərin rəsmi yekunlarının açıqlanacağını böyük əminliklə gözləyir və paralel olaraq 9-cu çağırış parlamentin fəaliyyətə başlaması ilə bağlı hesablamalar aparır. Bildirilir ki, 8-ci çağırış parlamentin səlahiyyət müddətinin son günü avqustun 2-nə təsadüf edəcək və Konstitusiyanın tələbinə uyğun olaraq həmin gün yeni parlamentin ilk iclası keçiriləcək.

“Hakimiyyət düşərgəsində artıq müxalifətin mandatlardan imtina etməyəcəyi və parlament fəaliyyətində iştirak edəcəyi ilə bağlı ciddi şübhələr qalmayıb. Bu proqnoz gerçəkləşərsə, siyasi mübarizənin əsas meydanı küçədən parlamentə keçəcək.

Məlumata görə, avqustun 2-də keçiriləcək iclasda sürətlə parlament sədri və sədr müavinləri seçiləcək, daimi komissiyaların sayı müəyyən ediləcək, daha sonra isə baş nazir seçkilərinə keçiləcək. Bundan sonra baş nazir yeni hökuməti formalaşdıracaq və müəyyən edilmiş müddətdə hökumətin fəaliyyət proqramını parlamentə təqdim edəcək”, - deyə müəllif qeyd edib.

Nəşr hesab edir ki, bu ssenarinin reallaşması hakimiyyətin artıq gözləmə deyil, növbəti siyasi mərhələ məntiqi ilə hərəkət etdiyini göstərir. Müxalifət üçün əsas sual isə parlamentə daxil olaraq daxildən mübarizə aparıb-aparmayacağı və ya son anda taktikasını dəyişib-dəyişməyəcəyidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin