Pentaqondan Küveytə 2 milyardlıq hava qalxanı: İranın PUA hücumlarına qarşı süni zəkalı müdafiə dövrü

2026/06/34344-1781162119.jpg
Oxunub: 335     11:27     11 İyun 2026    
Davam edən İran münaqişəsi zamanı Küveyt dəfələrlə hücumlara məruz qalıb. Lakin Pentaqonun son qərarı göstərir ki, ölkə gələcəkdə baş verə biləcək yeni İran Pilotsuz Uçuş Aparatı (PUA) zərbələrinə hazırlaşır.

ABŞ İran tərəfindən həyata keçirilən bir sıra PUA hücumlarından sonra Küveytə təxminən 2 milyard dollar dəyərində PUA əleyhinə sistemlərin satışına icazə verib. ABŞ Dövlət Departamenti indiyədək təsdiqlənmiş ən iri PUA əleyhinə sistem sifarişlərindən birinə yaşıl işıq yandırıb. Paketə geniş çeşiddə avadanlıqlar daxildir.

2 milyard dollarlıq PUA əleyhinə silah paketi nədən ibarətdir?

Yaxın Şərqdə artan gərginlik fonunda Küveyt PUA əleyhinə sistemlər almaq üçün müraciət edib. Təklif olunan 1,98 milyard dollarlıq sifarişə aşağıdakılar daxildir:

- “Roadrunner-Munition” və “Anvil-Kinetic” insansız hava sistemləri,
- Buraxılış konteynerləri,
- “Lattice” komanda və idarəetmə sistemləri,
- Atəşə nəzarət sistemi ilə təchiz olunmuş uzaq mənzilli “Sentry Tower” qüllələri,
- “Long Range Sentry Tower-82 Mobile” mobil sistemləri,
- Uzadılmış mənzilli “Sentry Tower” qüllələri,
- Dəniz platformaları üçün “Maritime Sentry Tower” qüllələri,
- “Pulsar” radioelektron mübarizə sistemləri,
- “Menace” taktiki əməliyyat mərkəzləri,
- Elektrik generatorları,
- Nəşrlər, şəxsi heyətin təlimi və proqram təminatının hazırlanması da daxil olmaqla müxtəlif dəstək xidmətləri.


Əsas podratçı Kaliforniyada yerləşən ABŞ müdafiə startapı olan “Anduril Technologies” şirkətidir. PUA əleyhinə sistemlər və yardımçı avadanlıqlarla yanaşı, ABŞ ordusu və müvafiq müdafiə şirkətləri Küveyt Silahlı Qüvvələrinə mühəndislik, texniki və logistika dəstəyi də göstərəcək.

Satışın təsdiqlənməsindən sonra yayılan açıqlamada ABŞ Dövlət Departamenti bildirib: “Bu satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək. Çünki o, NATO üzvü olmayan əsas müttəfiqlərdən birinin təhlükəsizliyini gücləndirəcək. Küveyt Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi inkişaf baxımından mühüm rol oynayan ölkədir”.

Hər hansı xarici hərbi satış üçün ABŞ Dövlət Departamentinin icazəsi tələb olunur. Belə icazələr adətən qərarın xarici siyasət baxımından əsaslandırılmasını və alıcı tərəf üçün nəzərdə tutulan faydaları izah edir.

Dövlət Departamenti əlavə edib: “Təklif olunan satış Küveytin mövcud və gələcək təhdidlərə qarşı imkanlarını artıracaq. Bu, ona insansız hava sistemlərinə qarşı həm radioelektron, həm də kinetik məhvetmə imkanları qazandıracaq. Küveyt bu avadanlıq və xidmətləri öz hərbi polis qüvvələrinin tərkibinə inteqrasiya etməkdə çətinlik çəkməyəcək”.

Küveytin sifarişi birbaşa İran ətrafında davam edən müharibənin nəticəsidir. Fevralın sonu və martın əvvəlində ABŞ və İsrailin İrana endirdiyi zərbələrə cavab olaraq İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu qonşu ölkələrə, o cümlədən Küveytə qarşı raket və PUA hücumları həyata keçirib.

İranın kamikadze tipli PUA-ları bölgədə ciddi narahatlıq yaradıb və bir sıra yüksək əhəmiyyətli hərbi, iqtisadi və siyasi hədəflərə uğurlu zərbələr endirib. Təhdid o qədər yüksək qiymətləndirilir ki, qonşu Birləşmiş Ərəb Əmirlikləri hətta əsas neft və təbii qaz obyektlərinin ətrafında İran PUA-larına qarşı müəyyən müdafiə səviyyəsi təmin etmək məqsədilə əvvəlcədən “cope cage” adlandırılan qoruyucu konstruksiyalar quraşdırıb.

Kamikadze tipli PUA-lar və müharibənin iqtisadiyyatı

Birdəfəlik hücum üçün nəzərdə tutulmuş insansız hava sistemləri, başqa sözlə “gəzən sursat”lar və ya kamikadze tipli PUA-lar döyüş meydanını dəyişir. Əvvəllər yalnız məhdud sayda ölkə uzaq mənzilli zərbə imkanlarına malik idi. Bu gün isə demək olar ki, istənilən tərəf nisbətən yüksək dəqiqliklə və çox aşağı xərc hesabına hədəflərə zərbə endirə bilən kamikadze tipli PUA parkı yarada bilər.

Şübhəsiz ki, kamikadze tipli PUA-lar ballistik raketlər və ya qanadlı raketlərlə eyni səviyyədə deyil. Sonuncular daha sürətlidir, qat-qat böyük döyüş başlığı daşıyır, o cümlədən nüvə başlığı ilə təchiz oluna bilir və hədəfləri yüksək dəqiqliklə vurur. Lakin kamikadze tipli PUA-lar da ölümcül ola bilər. Bunun əsas səbəbi onların kiçik ölçüləri, aşağı xərci və kütləvi şəkildə istifadə oluna bilməsidir.

PUA sürülərinin iqtisadi məntiqi aydındır. Ballistik və qanadlı raketlərin dəyəri yüz minlərlə dollardan bir neçə milyon dollara qədər dəyişdiyi halda, standart uzaq mənzilli kamikadze tipli PUA-ların xərcı təxminən 35 min dollar ola bilər. Döyüş meydanında istifadə olunan bir çox PUA bundan da ucuzdur. Lakin onlar əsasən piyadalara qarşı yaxın mənzilli zərbələr üçün nəzərdə tutulur. İran münaqişəsi isə göstərib ki, bu sistemlər infrastruktur obyektlərinə qarşı da istifadə edilə bilər.

Müharibə ən çox döyüş meydanında görünür, lakin onun arxasında duran iqtisadi amillər də böyük əhəmiyyət daşıyır. Məhz iqtisadi baxımdan birdəfəlik hücum üçün nəzərdə tutulmuş insansız hava sistemləri öz dəyərinə görə son dərəcə səmərəli silah sistemi hesab olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Küveyt   İran   PUA  


Bizi "telegram"da izləyin