Avstraliya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması missiyasında iştirak edəcək

2026/06/1781158702.jpg
Oxunub: 175     10:14     11 İyun 2026    
Avstraliya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərbi missiyaya qoşulacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliya və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirləri arasında keçirilən danışıqların yekunlarına dair birgə bəyanatda bildirilib.

Sənədə əsasən, Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus E-7A “Wedgetail” uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi Böyük Britaniya və Fransanın rəhbərliyi altında fəaliyyət göstərəcək çoxtərəfli hərbi missiyanın tərkibində xidmət aparacaq.

Bəyanatda vurğulanıb ki, əməliyyat yalnız müdafiə xarakteri daşıyacaq və əsas məqsəd Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi olacaq.

Böyük Britaniya isə missiyada iştirak üçün “Typhoon” qırıcılarını, HMS Dragon esminesini, potensial təhdidlərin aşkarlanması və müşayiəti üçün insansız dəniz platformalarını, eləcə də dəniz minalarının aşkarlanması avadanlıqlarını ayırmağı planlaşdırır.

Nazirlər həmçinin Hörmüz boğazında gəmiçilik azadlığının qorunması məqsədilə diplomatik, iqtisadi və hərbi səylərin əlaqələndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Birgə bəyanatda qeyd olunub ki, Yaxın Şərqdəki münaqişə və boğazın bağlanması qlobal iqtisadiyyata, enerji daşıyıcılarının tədarükünə və enerji təhlükəsizliyinə, xüsusilə də Sakit okean regionundakı həssas dövlətlərə mənfi təsir göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Hörmüz  


Bizi "telegram"da izləyin