Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilib.
Məlumata görə, raketlər Ərəb dənizində yerləşən ABŞ hərbi gəmilərindən buraxılıb.
Komandanlıq tərəfindən yayımlanan videogörüntülərdə hazırda Ərəb dənizində fəaliyyət göstərən USS “Michael Murphy” esminesindən raket buraxılışları əks olunub.
ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, hazırda CENTCOM-un sərəncamında 14 raketdaşıyan esmines var.
Silahlanma komplektasiyasından asılı olaraq bu gəmilərin hər biri ən azı 32 ədəd “Tomahawk” qanadlı raketi daşıya bilir. Həmin raketlərin uçuş məsafəsi 1600 kilometrə çatır.
ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, İran hədəflərinə qarşı əməliyyat zamanı 49 ədəd “Tomahawk” raketi buraxılıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün xüsusi təyinatlı qırıcılar da əməliyyata cəlb olunub.
Tramp qeyd edib ki, hədəflərdən bəziləri Fars körfəzinin İran sahil zonasında, digərləri isə Tehrandan təxminən 65 kilometr məsafədə yerləşib.
CENTCOM-un məlumatında bildirilir ki, əməliyyat zamanı ABŞ qüvvələri İranın müxtəlif bölgələrində yerləşən hərbi hava müşahidə vasitələrinə, rabitə sistemlərinə və hava hücumundan müdafiə obyektlərinə zərbələr endirib.
Açıqlamada qeyd olunur ki, ABŞ Dəniz Piyadaları Korpusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ABŞ hərbçiləri və regional sulardan keçən beynəlxalq ticarət gəmiləri üçün təhlükə hesab edilən İran hədəflərinə qarşı yüksək dəqiqlikli silahlardan istifadə edib.
Xatırladaq ki, cümə axşamına keçən gecə ABŞ hərbçiləri yenidən İrana qarşı hücumlara başlayıblar. CENTCOM bu əməliyyatların özünümüdafiə məqsədilə və İranın davam edən əsassız təcavüzünə cavab olaraq həyata keçirildiyini bildirib.
İran KİV-lərinin məlumatına görə, ölkənin altı bölgəsində güclü partlayışlar baş verib. Bundan sonra İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı və SEPAH Hörmüz boğazının bütün növ gəmilər üçün bağlandığını elan edib.
Sevinc Əliyeva
Ordu.az