Ermənistanın Yeni Zərbə Silahı: CH-4B + AR-2 Kompleksi Döyüş Reallığında Nə Qədər Effektivdir? (ANALİZ + FOTOLAR)

2026/06/c3e44-1781085091.jpg
Oxunub: 522     13:31     10 İyun 2026    
Cənubi Qafqaz hərbi-strateji məkanında son aylarda baş verən silahlanma dalğasının ən diqqət çəkən nümunələrindən biri də Ermənistan rəhbərliyinin Çin Xalq Respublikasından əldə etdiyi CH-4B zərbə-kəşfiyyat tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) üzərində AR-2 yüngül lazer idarəolunan raketlərinin nümayiş etdirilməsidir. Bu kombinasiyanın ictimaiyyətə bir kompleks paket şəklində təqdim edilməsi və paradda rəsmi statusla göstərilməsi İrəvanın hərbi doktrinasında “asimetrik zərbə qabiliyyəti” konsepsiyasını canlandırmaq və 2020-ci il sonrası yaşanan strateji çökmə hissini ictimai müstəvidə kompensasiya etmək cəhdinin bir hissəsidir. Lakin bu kompleksin (CH-4B platforması ilə AR-2 sursatının birgə tətbiqinin) hərbi-texniki müstəvidə dərin və obyektiv təhlili onun nə hərbi-strateji oyun dəyişdirici rolunu oynaya biləcəyini, nə də müasir döyüş mühitində ardıcıl uğur göstəriciləri təmin edə biləcəyini açıq şəkildə göstərir. Bu təhlilin diqqət mərkəzində məhz AR-2 raketinin və CH-4B + AR-2 konfiqurasiyasının daxili struktur zəiflikləri, qlobal döyüş təcrübəsindən çıxarılan dərslər və müasir əks-tədbir mühitindəki sağqalma ehtimalı dayanır, eyni zamanda yerüstü idarəetmə stansiyalarının strateji yerləşməsi, bu stansiyaların həssaslıq dərəcəsi və Çin texnologiyasının logistik təminat çərçivəsindəki məhdudiyyətləri də ayrıca müstəvidə təhlil edilir.

​Burada əvvəlcə bir konseptual aydınlaşdırma aparmaq lazımdır: Çin Aviasiya Sənayesi Korporasiyası (CASC) tərəfindən istehsal edilən AR-1 və AR-2 raketləri eyni texnoloji ailəyə aid olsalar da, fərqli taktiki məqsədlərə xidmət etmək üçün dizayn edilib. AR-1 45 kq çəkili, 10-11 kq döyüş başlığına və 1000 mm-dən artıq polad zireh nüfuzetmə qabiliyyətinə malik ağır Tank Əleyhinə İdarəolunan Raket (TƏİR) sinfindən olub, əsasən ağır tankların, beton sığınacaqların və möhkəmləndirilmiş hərbi istehkamların məhvi üçün nəzərdə tutulub. AR-2 isə onun yarı çəkili yüngülləşdirilmiş variantı olub cəmi 20 kq ümumi çəkiyə, 5 kq qəlpəli-zirehdələn döyüş başlığına və 8 km maksimum atış məsafəsinə malikdir. İrəvanın məhz AR-2 variantını seçməsi qərarı taktiki cəhətdən asanlıqla izah olunur: CH-4B platformasının qanadaltı faydalı yük tutumu (təxminən 250-345 kq) ilə nəzərdə tutulan rəsmi yük konfiqurasiyasında 4 ədəd AR-1 raketi əvəzinə 8 ədəd AR-2 raketi daşımaq imkanı yaranır, bu isə “çoxlu sayda kiçik hədəf vurma qabiliyyəti” prinsipinə uyğundur. Lakin bu seçim həm də tək bir hədəfə qarşı endirilən zərbənin gücünün ciddi şəkildə azalması ilə nəticələnir, yəni İrəvan kəmiyyət üstünlüyünü keyfiyyət baxımından məhdud zərbə gücü qarşılığında əldə edir, bu da əhəmiyyətli bir taktiki kompromis məsələsidir.



​AR-2 raketinin texniki anatomiyasına dərindən baxdıqda, bu sursatın bir növ kritik konstruktiv xüsusiyyəti üzərində dayanmaq zəruridir. Raketin maksimum sürəti 735 km/saat (təxminən 0.6 Max – yəni səsdən aşağı sürətli rejimdə qalır), ətalətli naviqasiya sistemi (INS) ilə birgə işləyən yarımaktiv lazer tuşlama başlığı (SAL) və son trayektoriya (terminal) fazasında təxminən 1 metr dairəvi sapma ehtimalı (CEP) ilə təchiz edilib. İlk baxışdan bu göstəricilər müasir bir lazer idarəolunan sursat üçün qənaətbəxş görünə bilər, lakin müasir hərbi-texniki kontekstdə bu parametrlərin hər biri özünəməxsus problemləri ortaya çıxarır. Bu kateqoriya sursatların ən fundamental zəifliyi onların ya tam, ya da qismən “Nişan al və saxla” paradiqması üzərində qurulmasıdır, yəni daşıyıcı platforma (bu halda CH-4B PUA-sı) raketin uçuş müddəti boyunca hədəfi lazer şüası ilə davamlı işıqlandırmağa məcburdur. Burada raketin 8 km məsafəni qət etməsi üçün təxminən 35-40 saniyə tələb olunur, bu zaman intervalında daşıyıcı PUA hədəf üzərində sabit uçuş profili saxlamalı və lazer şüasını mütəmadi nişanda saxlamalıdır. Bu məcburiyyət CH-4B platformasının özünü müasir Hava Hücumundan Müdafiə (HHM) kompleksləri qarşısında praktiki olaraq sabit bir hədəfə çevirir, çünki sabit uçuş trayektoriyasında olan PUA-nın radar tərəfindən aşkar edilmə və kilidlənmə ehtimalı kəskin şəkildə artır, onun manevr edərək yayınma şansı isə minimuma enir.


​Müasir Qərb və regional hərbi sənayenin istehsal etdiyi analoji idarəolunan sursatlar (məsələn, İsrail istehsalı “Spike NLOS”, “Spike ER”, ABŞ istehsalı “Hellfire AGM-114R Romeo” və JAGM sursatları) “Atdım-utdum” prinsipi üzərində qurulub. Belə ki, raket atıldıqdan sonra daşıyıcı platforma dərhal döyüş zonasından çıxa, manevr edə və ya yeni hədəflərə yönələ bilər. AR-2 bu kritik texnoloji üstünlükdən tamamilə məhrumdur və bu, sursatın 2010-cu illərin ortalarına xas texnoloji səviyyədə qaldığını göstərən bariz bir göstəricidir. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, müasir Türkiyə istehsalı MAM-L və MAM-C idarəolunan sursatları da yarımaktiv lazer tuşlama başlığından istifadə etsə də, onların atış məsafəsi platformanın uçuş hündürlüyündən asılı olaraq 8-15 km (və daha çox) arasında dəyişir və daşıyıcı platforma (“Bayraktar TB2”, “Akıncı”) çoxsaylı yayınma manevri imkanlarına malikdir, halbuki CH-4B platforması özünün böyük qabaritləri və zəif manevr qabiliyyəti səbəbindən eyni dərəcədə çevik fəaliyyət göstərə bilmir.

​AR-2 raketinin lazer yönləndirmə sisteminin atmosfer şəraitinə qarşı yüksək həssaslığı sursatın bəlkə də ən kritik təbii zəifliyini təşkil edir. Yarımaktiv lazer tuşlama başlığı 1.06 mikrometr dalğa uzunluqlu Neodim-Yattrium-Alüminium Qranat (Nd:YAG) lazer şüası üzərində kilidlənərək işləyir və bu dalğa diapazonu atmosfer rütubətinə, su buxarına, aerozol hissəciklərinə, toza, dumana və tüstüyə son dərəcə yüksək zəifləmə (atenuasiya) səviyyəsi göstərir. Fizika baxımından qeyd edək ki, sıx dumanda lazer şüasının zəifləmə əmsalı tipik halda kilometrə 50-100 desibel (dB/km) arasında dəyişir. Bu o deməkdir ki, hətta 1-2 km məsafədən belə hədəf üzərindəki lazer enerji sıxlığı raketin tuşlama başlığının həssaslıq həddinin altına düşür. Cənubi Qafqaz iqlimi statistik baxımdan ildə təxminən 80-120 gün ərzində aşağı görünüş şəraitinə (vizual görünüş 5 km-dən az) malikdir, xüsusilə qış aylarında Zəngəzur və Dərələyəz regionlarındakı dağ silsilələrində ilboyu duman, bulud, qar və tez-tez gücünü artıran küləklər AR-2 sursatının operativ tətbiq pəncərəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan əlavə, müasir döyüş meydanlarında tüstü-aerozol pərdəsi sistemləri standart taktiki vasitələrə çevrilib və Azərbaycan Silahlı Qüvvələri bu cür vasitələrlə həm tank və zirehli texnikanı, həm də sabit obyektləri lazer hücumlarından yüksək effektivliklə qoruya bilir. Müasir tüstü bombaları yalnız klassik tüstü deyil, həm də qrafit hissəcikləri, məxsusi metal tozları və çoxspektrli (multispektral) aerozol qarışıqlarından ibarətdir ki, bunlar lazerin nəinki vizual diapazonunu, eyni zamanda yaxın infraqırmızı diapazonunu da tamamilə bloklayır.


​Raketin döyüş başlığının funksional dar spektri ilə bağlı bir başqa fundamental zəiflik də diqqət çəkir. 5 kq qəlpəli-zirehdələn yük yalnız yüngül zirehli hədəflərə – piyada döyüş maşınlarına (BMP-1, BMP-2 sinfindəki), zirehli transportyorlara (BTR-70, BTR-80), hərbi pikaplara, açıq mövqedə olan canlı qüvvəyə və mobil HHM komplekslərinin daşıyıcı platformalarına qarşı effektiv ola bilər. Müasir əsas döyüş tankları (T-90S, T-90M və regional olaraq tətbiq edilə biləcək digər zirehli platformalar) frontal müstəvidə ən azı 600-900 mm yayılmış monolit polad zireh (RHA) ekvivalentinə, dinamik mühafizə sistemlərinə (ERA) və müasir aktiv qoruma sistemlərinə (APS) malikdir. AR-2-nin 5 kq-lıq yüngül döyüş başlığı bu cür çoxtəbəqəli qorunmuş hədəflərin frontal zirehini deşmək qabiliyyətindən tamamilə məhrumdur və yalnız üst hissədən – tankın qüllə damı tərəfindən hücum edildikdə (yuxarıdan zərbə profili) məhdud təsir göstərə bilər. Lakin yuxarıdan hücum profilinin reallaşdırılması üçün raketin xüsusi parabolik trayektoriya ilə uçması və sonra dik bucaq altında endirilməsi tələb olunur ki, bu da AR-2-nin nisbətən bəsit ətalətli-lazer naviqasiya alqoritmlərinin texniki imkanlarından kənardadır.

CH-4B + AR-2 kompleksinin müasir HHM mühitində sağqalma təhlili aparıldıqda daha kritik bir mənzərə ilə qarşılaşırıq. Yuxarıda qeyd edildiyi kimi, raketin atış pəncərəsi ərzində daşıyıcı PUA-nın sabit uçuş profilində qalması məcburiyyəti CH-4B platformasının özünün böyük radara görünmə sahəsi (RGS – təxminən 1.5-2.5 m²), aşağı kreyser sürəti (160-200 km/saat) və zəif manevr qabiliyyəti ilə birgə nəzərdən keçirildikdə, onu müasir orta və qısamənzilli HHM kompleksləri üçün son dərəcə asan bir hədəfə çevirir. Hər bir atış əməliyyatı zamanı PUA hədəfdən maksimum 8 km məsafədə yerləşməlidir, bu isə onu daşınan zenit-raket komplekslərinin (DZRK), məsələn, “Stinger” FIM-92 versiyasının (atış məsafəsi 4.8-8 km), İsveç istehsalı RBS-70 NG (8 km), Fransa istehsalı “Mistral 3” (7 km) və müasir mobil kompleks olan “Pantsir-S1”in (atış məsafəsi 20 km, lakin reaksiya vaxtı cəmi 5-10 saniyə) effektiv məhv etmə zonasının daxilinə salır. Beləliklə, CH-4B platforması AR-2 raketinin buraxılma anından etibarən təxminən 35-40 saniyə müddətində sabit uçuş trayektoriyasını qorumağa məcbur olduğundan müasir HHM kompleksinin operatoru üçün ideal bir hədəf təşkil edir. Hərbi terminologiyada bu vəziyyət “özünü təhlükəyə atan döyüş profili” kimi qiymətləndirilir və müasir hava döyüşü doktrinasında qətiyyətlə qaçılması tələb olunan kritik bir haldır.


​İndi isə bu təhlildə diqqəti yerüstü idarəetmə stansiyalarına və onların strateji yerləşməsinə yönəltmək lazımdır, çünki CH-4B kompleksinin operativ effektivliyi birbaşa olaraq yerüstü idarəetmə infrastrukturlarının struktur bütövlüyünə və təhlükəsizliyinə bağlıdır. Açıq mənbələrdə dərc edilən peyk təsvirləri və hərbi analitik dövriyyəyə daxil olan məlumatlara görə, Ermənistanın əsas CH-4B idarəetmə mərkəzi və uçuş-enmə bazası Gümrü Hərbi Hava Bazasında, daha dəqiq desək, Şirak hava limanı kompleksinin daxilində yerləşdirilib. Bu seçimin strateji məntiqi aydındır: Gümrü Rusiya Federasiyasının 102-ci hərbi bazasının yaxınlığında, ölkənin şimal-qərb hissəsində, Azərbaycanla şərti sərhəddən və potensial cəbhə xəttindən kifayət qədər uzaqda yerləşir. Bu isə nəzəri olaraq bahalı PUA aktivlərini ani və qəfil zərbələrdən qorumalı, eyni zamanda rus hərbi çətirinin yaxınlığında onlara təhlükəsizlik təminatı verməlidir. Lakin bu strateji dislokasiya özü ilə birlikdə kritik bir paradoks gətirir: CH-4B-nin birbaşa radio-görünüş hüdudları daxilində (rabitə xəttinin birbaşa görünüşü – LOS) idarəetmə mənzili maksimum 250-300 km arasında dəyişir. Bu o deməkdir ki, əgər PUA Gümrüdən havaya qalxsa və idarəetmə stansiyası orada sabit qalsa, PUA-nın Azərbaycanın daxili rayonlarına, məsələn, Qarabağ iqtisadi rayonuna, Gəncə-Daşkəsən sənaye-müdafiə qovşaqlarına və ya Mil-Muğan ovalığına nüfuz etmək imkanı texniki olaraq son dərəcə məhduddur, çünki bu məsafələr birbaşa radio-görünüş rejiminin fiziki sərhədlərini aşır.

​Bu məhdudiyyəti aradan qaldırmaq üçün Ermənistan ordusu Çindən mobil idarəetmə stansiyaları da əldə edib, bu kompleks yük avtomobillərinin şassisi üzərinə quraşdırılmış səyyar idarəetmə modullarından ibarətdir və müharibə şəraitində Gümrüdən çıxarılaraq cəbhə xəttinə yaxın dağlıq zonalara, Zəngəzur regionuna, Dərələyəzə və ya Göyçə gölü ətrafına köçürülür. Lakin bu mobil dislokasiya özü ilə bərabər kritik bir təhlükə kompleksi gətirir, çünki həmin maşınlar PUA ilə davamlı əlaqəni saxlamaq üçün havaya güclü, yüksək tezlikli və davamlı şifrəli telemetriya siqnalları yaymağa məcburdur. Müasir radioelektron kəşfiyyat (REK) və siqnal kəşfiyyatı sistemləri bu cür güclü yayımların elektromaqnit izinə əsaslanaraq stansiyanın koordinatlarını yüksək dəqiqliklə təyin etməyə qadirdir. Müasir mobil REK/siqnal kəşfiyyatı kompleksləri (İsrail istehsalı “EL/K-7032 Elisra”, Türkiyə istehsalı REDET-II və müasir kommersiya səviyyəli passiv fazalaşdırılmış koordinat təyini (PCL) sistemləri) ərazidəki güclü radio yayımını 2-5 dəqiqə ərzində trianqulyasiya (naməlum bir nöqtənin yerini, həmin nöqtənin məlum olan iki və ya daha çox başqa nöqtə ilə əmələ gətirdiyi üçbucağın bucaqlarını və ya tərəflərini hesablamaqla təyin edən həndəsi və riyazi metoddur) yolu ilə aşkar edə və hədəf koordinatlarını birbaşa artilleriya/raket zərbə sistemlərinə ötürə bilir. Bu kontekstdə, Azərbaycan Silahlı Qüvvələrinin artıq 2023-cü ilin sentyabrında (antiteror tədbirləri zamanı) nümayiş etdirdiyi praktik təcrübə, yəni Ermənistanın bənzər bir mobil PUA idarəetmə platformasının cəbhə xəttində nöqtə zərbəsi ilə dərhal neytrallaşdırılması nümunəsi göstərir ki, bu zəiflik nəzəri fərziyyə olmaqdan çoxdan çıxaraq, amansız və real döyüş reallığına çevrilib.


Üstəlik, idarəetmə stansiyasının fiziki məhvi CH-4B platforması üçün “kaskad tipli qəza uğursuzluğu” effekti yaradır. Belə ki, PUA səmada uçduğu zaman yerüstü idarəetmə stansiyası məhv edilərsə, platforma anında “rabitə itkisi” vəziyyətinə düşür. Müasir Qərb və regional istehsalı olan PUA-larda (məsələn, ABŞ istehsalı “MQ-9 Reaper” və ya Türkiyə istehsalı “Bayraktar Akıncı”) bu cür hadisə zamanı PUA avtomatik olaraq əvvəlcədən proqramlaşdırılmış “bazaya qayıdış” marşrutu ilə geriyə dönür. Lakin Çin istehsalı CH-4B platformasının bu funksional səviyyəsi ya tam mövcud deyil, ya da son dərəcə ibtidai vəziyyətdədir. Nəticədə hər bir rabitə itkisi hadisəsi praktiki olaraq platformanın tam itkisi ilə eyniləşir. Beləliklə, cəmi bir mobil idarəetmə maşınının vurulması nəzəri olaraq səmada uçan bahalı bir CH-4B platformasının (vahid dəyəri 2-4 milyon ABŞ dolları arasında dəyişir) da itkisi ilə nəticələnə bilər ki, bu da Ermənistanın məhdud sayda PUA parkı üçün son dərəcə yüksək iqtisadi və operativ zərbə deməkdir.

​Peyk rabitəsi məhdudiyyəti isə bu kompleksin başqa bir strateji boşluğunu üzə çıxarır. Çin istehsalı CH-4B platforması nəzəri olaraq Pekinin “Beidou” hərbi peyk şəbəkəsi vasitəsilə minlərlə kilometr məsafədən idarə oluna bilər, lakin Pekin bu hərbi peyk idarəetmə kodlarını Ermənistana ötürməyib və bu, hərbi-strateji baxımdan tamamilə anlaşılan bir qərardır. Çin tərəfi Çin-Azərbaycan iqtisadi münasibətlərini, Orta Dəhliz layihəsini və “Bir Kəmər, Bir Yol” təşəbbüsünün regional perspektivlərini riskə atmaq istəmir. Eyni zamanda öz strateji peyk şəbəkəsinin hərbi kodlarını üçüncü bir ölkə ordusunun ixtiyarına vermək praktikası ümumiyyətlə Pekinin müdafiə sənayesi ixrac doktrinasında nadir hadisədir. Beləliklə, Ermənistan ordusu cəmi birbaşa radio-görünüş (LOS) rejimi ilə məhdudlaşır və bu, əməliyyat radiusu baxımından CH-4B platformasının nəzəri imkanlarının yalnız 5-8%-indən istifadə edə bilmək deməkdir.


​AR-2 raketinin əleyhinə Azərbaycanın hərbi sənayesinin və müttəfiqlik şəbəkələrinin malik olduğu çoxtəbəqəli əks-tədbir kompleksinə nəzər saldıqda, raketin praktiki effektivlik əmsalının son dərəcə aşağı olacağı aydın görünür. Bu əks-tədbirlər kompleksi bir neçə eşelonda qurulub: birinci eşelon lazer xəbərdarlıq sistemləridir ki, onlar da Azərbaycan ordusunun T-90S əsas döyüş tanklarına, modernləşdirilmiş T-72 modifikasiyalarına və zirehli texnika parkına standart şəkildə inteqrasiya edilib. Bu sistemlər lazer şüası tərəfindən işıqlandırılma faktını nanosaniyələr ərzində aşkar edir, ekipaja audio-vizual təhlükə siqnalı verir, tankın qülləsini avtomatik olaraq şüanın gəldiyi istiqamətə yönəldir və müdafiə əks-tədbir mexanizmlərini aktivləşdirir. İkinci eşelon aerozol və tüstü pərdəsi kompleksləridir (Rusiya istehsalı “Ştora-1”, müasir İsrail istehsalı sistemlər və yerli istehsal modifikasiyalar). Onlar tankın ətrafında saniyələr içində sıx çoxspektrli (multispektral) aerozol pərdəsi yaradır ki, bu pərdə həm vizual diapazonu, həm yaxın infraqırmızı, həm də 1.06 mikrometr lazer dalğa diapazonunu effektiv şəkildə bloklayır. Bu aerozol kompleksinin müasir variantlarında qrafit-metal kompozit aerozollar istifadə olunur ki, bunlar lazer enerjisinin 90-95%-ni rəsmən udur (absorbsiya edir).

​Üçüncü eşelonda Azərbaycan ordusunun arsenalında olan radioelektron mübarizə (REM) sistemləri dayanır. İsrail istehsalı REM modifikasiyaları və Türkiyə istehsalı sistemlər birbaşa CH-4B platformasının özünü hədəf alır. Bu sistemlər bir neçə fərqli mexanizmlə işləyir: PUA-nın yerüstü idarəetmə stansiyası ilə rabitə kanalının pozulması (yuxarı xəttin – uplink boğulması), PUA-nın yerə video-telemetriya ötürdüyü aşağı xətt kanalının blokada edilməsi, GPS və GLONASS naviqasiya siqnallarının aldadılması (spoofing) və koordinat hesablamasının pozulması, eyni zamanda Çin istehsalı şifrələmə protokollarının pozulması. CH-4B platformasının istifadə etdiyi şifrələmə standartı açıq mənbələrə görə AES-128 və ya ondan da aşağı səviyyədədir, halbuki müasir hərbi standartlar AES-256 və daha qabaqcıl kvant-dayanıqlı alqoritmlər tələb edir. Bu zəifliklər REM operatoru üçün CH-4B-ni nisbətən qısa vaxtda elektronik baxımdan neytrallaşdırmaq imkanı yaradır.

​Dördüncü eşelonda aktiv mühafizə sistemləri (AMS) yer alır. Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığı çərçivəsində AMS texnologiyalarının Azərbaycan zirehli texnika parkına inteqrasiyası aktiv mərhələdədir. Bu sistemlər zirehli platformalara yaxınlaşan idarəolunan raketləri millimetrlik dalğa radarları vasitəsilə avtomatik aşkar edir, hədəfin trayektoriyasını hesablayır və qarşılıqlı önləyici zərbə ilə raketi hədəfə çatmamış havada məhv edir. AR-2 raketinin 735 km/saat (təxminən 204 m/saniyə) sürətli, yəni səsdən aşağı sürətli profili AMS sistemləri üçün son dərəcə əlverişli bir hədəf parametrdir, çünki müasir aktiv mühafizə sistemlərinin reaksiya vaxtı 100-300 millisaniyə həddində dəyişir və bu, raketin tank platformasına çatmasından əvvəl onun vurulması üçün tam yetərli olur. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu sistemlər saniyədə 1500-2000 metr sürətlə uçan kinetik zirehdələn mərmiləri belə effektiv şəkildə önləyə bilir, beləliklə, cəmi 204 m/saniyə sürətli AR-2 üçün məhv edilmə əmsalı təxminən 85-95% həddində formalaşır.


​İndi konkret döyüş ssenarisinə baxdıqda, CH-4B + AR-2 kompleksinin müasir döyüş mühitində praktiki tətbiq dinamikasını izləyə bilərik. Ssenari belə qurulur: CH-4B platforması Gümrü bazasından havaya qalxır, mobil yerüstü idarəetmə stansiyası Zəngəzur regionunda Azərbaycan sərhədinə yaxın bir dağ vadisində mövqe alır. Platforma cəbhə xəttinə yaxınlaşdıqca dərhal Azərbaycan tərəfinin müasir radar şəbəkəsi tərəfindən təxminən 80-120 km məsafədən aşkar edilir. Eyni zamanda mobil yerüstü idarəetmə stansiyasının yaydığı güclü telemetriya siqnalı radioelektron kəşfiyyat sistemləri tərəfindən qeydə alınır və stansiyanın koordinatları 3-5 dəqiqə ərzində dəqiqliklə təyin edilir. Bu mərhələdə paralel olaraq iki müdafiə ssenarisi aktivləşir: birincisi, CH-4B platformasının özünə qarşı uzaqmənzilli HHM atışı və ya REM hücumu, ikincisi, mobil yerüstü idarəetmə stansiyasına qarşı artilleriya/raket və ya kamikadze PUA zərbəsi. CH-4B 8 km məsafədən AR-2 buraxmaq üçün sabit uçuş profilinə girdiyi anda HHM kompleksi onu rahat şəkildə hədəf götürə bilir. Hətta AR-2 raketi uğurla buraxılsa belə, hədəfdəki Azərbaycan zirehli texnikası lazer xəbərdarlıq sistemi vasitəsilə işıqlandırma faktını dərhal aşkar edir, “Ştora-1” tipli aerozol kompleksi tüstü pərdəsi yaradır, lazer şüası bloklanır, raket trayektoriyadan çıxır və ya AMS tərəfindən havada zərərsizləşdirilir. Beləliklə, hər bir CH-4B + AR-2 atış müddəti üçün ehtimal balansı belə formalaşır: hədəfə uğurla zərbə endirmək ehtimalı 10-20%, raketin əks-tədbirlər tərəfindən neytrallaşdırılması ehtimalı 60-70%, daşıyıcı PUA-nın özünün məhv edilməsi ehtimalı 30-50%, mobil idarəetmə stansiyasının vurulması ehtimalı 20-40% həddində dəyişə bilər.

​AR-2 raketinin qlobal döyüş tarixçəsi də bu təhlil çərçivəsində mühüm dərslər təqdim edir. Raketin ilk canlı atış sınaqları 2017-ci ilin fevralında Çinin şimal-qərbindəki Yumin poliqonunda keçirilib və daşıyıcı platforma kimi məhz CH-4 PUA-sından istifadə olunub. Sınaqlar zamanı Çin Aerodinamika Akademiyası raketin yerdəki yüngül zirehli hədəfləri uğurla vurduğunu rəsmən bəyan edib, lakin bu sınaqların poliqon şəraitində, ideal hava şəraitində, hərəkətsiz, stasionar hədəflərə qarşı və heç bir əks-tədbir mühitinin olmadığı mühitdə aparılması nəticələrin obyektiv qiymətləndirilməsini məhdudlaşdırır. Raketin real döyüş tətbiqi yalnız aşağı intensivlikli münaqişələrdə qeydə alınıb: İraq ordusu İŞİD-ə qarşı 2017-2019-cu illər ərzində bu raketləri terrorçuların pikap maşınlarına və yüngül sığınacaqlarına qarşı istifadə edib, Əlcəzair Sahara səhrasında qaçaqmalçı qruplara qarşı, Nigeriya isə “Boko Haram” silahlılarına qarşı tətbiq edib. Bütün bu hallarda raketin uğur statistikası ya tamamilə müdafiəsiz, ya da minimum səviyyədə müdafiə qabiliyyətinə malik düşmənə qarşı (nə lazer xəbərdarlıq sistemləri, nə aerozol kompleksləri, nə REM vasitələri və nə də AMS texnologiyaları olan asimetrik təhdidlərə qarşı) qazanılıb. AR-2 raketi indiyə qədər heç bir genişmiqyaslı dövlətlərarası nizami müharibədə tətbiq edilməyib, müasir HHM/REM çətirli rəqibə qarşı sınaqdan keçməyib və beləliklə real döyüş şəraitində nümayiş etdirə biləcəyi performans göstəriciləri əslində məlum deyil. Bu, hərbi-analitik kontekstdə “döyüşdə təsdiqlənməmiş” kimi qiymətləndirilir və silah sistemlərinin real dəyərinin müəyyənləşdirilməsində ən vacib göstəricilərdən biridir.


​İrəvanın bu kompleks ilə bağlı doktrinal niyyətlərinə baxdıqda, hərbi planlaşdırıcıların əsas hədəfləri kimi qarşı tərəfin mobil HHM avtomobillərinin, radar stansiyalarının, zirehli transportyorların (ZTR) və canlı qüvvə sığınacaqlarının nöqtə zərbələri ilə vurulması göstərilir. Lakin bu doktrinal sxem bir növ struktur problemi ilə üzləşir: birincisi, mobil HHM platformaları yalnız yüngül zirehli deyil, eyni zamanda özlərinin avtonom hava hücumundan müdafiə qabiliyyəti olan platformalardır, yəni CH-4B hələ AR-2 buraxmazdan əvvəl bu sistemlər tərəfindən vurula bilir. İkincisi, müasir radar stansiyaları “şüalanmaya nəzarət” (EMCON) prinsipi ilə işləyir, yəni yalnız zəruri anlarda işə düşür və yayım rejimini sürətlə dəyişir, bu isə AR-2 raketinin lazer kilidlənmə pəncərəsini son dərəcə daraldır. Üçüncüsü, canlı qüvvə sığınacaqları və komanda məntəqələri müasir hərbi infrastrukturda dərin, beton-armatur qoruyucu strukturlara malikdir və AR-2-nin 5 kq-lıq qəlpə yükü bu cür hədəflərə struktur zərəri vurmaqdan daha çox səth təsiri göstərə bilər.

​Bu kompleksin müasir əlavə-strateji məhdudiyyətlərindən biri də onun logistik dəstək sistemi ilə bağlıdır. Ermənistan ordusunda Çin texnoloji ekosisteminə inteqrasiya təcrübəsi praktiki olaraq sıfır səviyyəsindədir. Mövcud bütün hərbi sənaye infrastrukturu, texniki sənədləşmə, təlim doktrinası və idarəetmə protokolları sovet-rus məktəbinə əsaslanır. CH-4B + AR-2 kompleksinin texniki sənədləri Mandarin və ingilis dilində hazırlanıb, halbuki erməni hərbi personalının böyük əksəriyyəti rus və erməni dillərində ixtisaslaşıb. Bu linqvistik və doktrinal baryer kritik məqamlarda, texniki nasazlıq, proqram təminatı yeniləməsi, ehtiyat hissələrinin identifikasiyası və lokal təmir əməliyyatları zamanı böyük əməliyyat itkilərinə səbəb olacaq. İraqın CH-4 parkının 2017-2019-cu illərdə 90% sıradan çıxma statistikası məhz bu logistik və linqvistik baryerlərin nəticəsi olub və Ermənistanın da analoji ssenariləri yaşaması praktiki olaraq qaçılmazdır. Üstəlik, AR-2 raketinin lazer tuşlama başlığında istifadə edilən xüsusi optoelektronik komponentlər (Nd:YAG lazer alıcısı, fotodiod matrisləri və siqnal emalı modulları) yalnız Çində istehsal olunur və onların Ermənistana etibarlı tədarük zənciri çox kövrəkdir. Beynəlxalq geosiyasi gərginlik və ya regional böhran şəraitində bu tədarük zənciri sürətlə blokada olunacaq ki, bu da Ermənistan ordusunun raket ehtiyatlarını qısa müddətdə tükətməsinə səbəb ola bilər.

​Geosiyasi-strateji nəticə baxımından CH-4B + AR-2 kompleksinin İrəvan tərəfindən satınalınması Çin müdafiə sənayesinin Cənubi Qafqaz hərbi-strateji məkanına nüfuz etmə cəhdinin bir hissəsi olsa da, real hərbi-strateji dəyər baxımından bu kompleks Ermənistan ordusunun arsenalında ardıcıl və ölçülən nəticələr verə bilməyəcək. Ermənistan rəhbərliyinin bu satınalmadan əsas hədəfi (2020-ci il müharibəsində itirilən “asimetrik zərbə qabiliyyətinin” qismən bərpası və daxili siyasi auditoriyaya “hərbi yenilənmə” mesajının çatdırılması) simvolik səviyyədə qismən reallaşa bilər, lakin müasir döyüş şəraitində bu kompleks praktiki bir oyun dəyişdirici rolunu oynaya bilməyəcək. AR-2 raketinin lazer yönləndirməsinin atmosferik həssaslığı, “Nişan al və saxla” məhdudiyyəti, döyüş başlığının dar funksional spektri və 8 km-lik qısa atış məsafəsi, CH-4B platformasının yüksək radar imzası, aşağı manevr qabiliyyəti və radioelektron mübarizəyə qarşı yüksək həssaslığı, yerüstü idarəetmə stansiyalarının yayım izi ilə asanlıqla təyin edilmə təhlükəsi, peyk rabitəsinin olmaması səbəbindən radio-görünüş (LOS) məhdudiyyəti, lazer xəbərdarlıq sistemləri, aerozol pərdəsi kompleksləri, REM vasitələri və AMS texnologiyalarından ibarət çoxtəbəqəli əks-tədbir mühiti, eyni zamanda Çin texnologiyaları ilə bağlı logistik və linqvistik baryerlər – bütün bu amillər birlikdə CH-4B + AR-2 kompleksinin Cənubi Qafqaz hərbi balansını ciddi şəkildə dəyişdirə bilməyəcəyini açıq şəkildə göstərir. Sonuncu yekun analitik qeyd kimi qeyd etmək lazımdır ki, müasir hərb tarixində silah sistemləri yalnız öz texnoloji performansı ilə deyil, eyni zamanda onların inteqrasiya edildiyi hərbi doktrina, logistik dəstək zənciri, personal hazırlığı və ümumi hərbi arxitekturanın uyğunluğu ilə qiymətləndirilir və bütün bu meyarlar üzrə Ermənistanın CH-4B + AR-2 satınalması real taktiki güclənmə deyil, sadəcə ardıcıl olmayan bir simvolik addımdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah   CH-4B   AR-2  


Bizi "telegram"da izləyin