Ermənistan KİV-i: Seçkilərin nəticələri “general” Suren Papikyan üçün sarsıdıcı zərbə oldu

2026/06/1781160520.jpg
Oxunub: 264     10:48     11 İyun 2026    
“Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının Papikyanın doğma bölgəsində qazandığı nəticələr hakimiyyət daxilində ciddi təəccüb yaradıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri “Seçkilərin nəticələri “general” Suren Papikyan üçün sarsıdıcı zərbə oldu” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri xüsusilə Ermənistanın müdafiə naziri Suren Papikyan üçün gözlənilməz və ağır siyasi siqnala çevrilib.

Məqalədə qeyd olunur ki, Papikyanın doğulduğu Lori vilayətində, xüsusilə də Stepanavan şəhərində Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası böyük üstünlüklə qalib gəlib.

“Hraparak” yazır ki, Stepanavan icmasının 25/31 saylı seçki məntəqəsində səsvermədə iştirak edən 757 seçicidən 744 nəfəri “Güclü Ermənistan” partiyasına səs verib. Hakim “Vətəndaş Müqaviləsi” partiyası isə həmin məntəqədə cəmi 8 səs toplayıb.

“Güclü Ermənistan” Stepanavandakı bütün 13 seçki məntəqəsində qalib gələrək digər siyasi qüvvələri əhəmiyyətli fərqlə geridə qoyub. Stepanavan uzun illərdir Suren Papikyanın əsas siyasi dayaqlarından biri hesab olunur. Şəhər və ətraf bölgələr Papikyanın və onun yaxın çevrəsinin ciddi təsiri altında olub.

Yerli idarəetmə strukturlarında və müxtəlif vəzifələrdə Papikyanın qohumları, dostları və yaxın tanışları təmsil olunurlar. Bölgədə bir çox mühüm və hətta ikinci dərəcəli vəzifələrə təyinat zamanı onun rəyi həlledici rol oynayıb”, - deyə məqalədə bildirilib.

Məqalə müəllifləri hesab edirlər ki, məhz belə bir bölgədə hakim partiyanın ağır məğlubiyyətə uğraması Suren Papikyanın real siyasi nüfuzu ilə bağlı ciddi suallar yaradıb.

Nəşrin iddiasına görə, seçkilərin nəticələri hakim “Vətəndaş Müqaviləsi” partiyasının daxilində də təəccüblə qarşılanıb.

“Partiya daxilində bəzi şəxslər Papikyana onun bölgədə faktiki olaraq nüfuzunun olmadığını açıq şəkildə hiss etdiriblər. Lori vilayətində və xüsusilə Stepanavanda qeydə alınan nəticələr təkcə seçki statistikası deyil, həm də hakimiyyət daxilində qüvvələr balansı baxımından mühüm siyasi göstəricidir və bu nəticələr gələcəkdə Papikyanın mövqelərinə təsir göstərə bilər”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan   Seçki  


Bizi "telegram"da izləyin