Erməni ekspert: “Ermənistan artıq sadəcə odla oynamır, yanğının episentrindədir”

2026/05/1779907082.jpg
Oxunub: 373     22:35     27 May 2026    
“Ermənistan artıq sadəcə odla oynamır, yanğının episentrindədir”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Karen Adonts deyib.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatında təxminən 50 milyard dollar həcmində ümumi borc yığılıb.

“Bu məbləğin 15 milyard dolları dövlət borcu, 20 milyard dolları kreditlər, 15 milyard dolları isə biznes öhdəlikləridir. İqtisadiyyatda təxminən 20 milyard dollar həcmində vəsait mövcuddur və əgər əsas Rusiya bazarı ilə əlaqələr ciddi şəkildə zəifləsə, bu vəsait valyuta bazarına axaraq erməni dramının dəyərsizləşməsinə səbəb olacaq. Bizim həmin yanğını söndürmək üçün kifayət qədər resursumuz yoxdur”, - deyə erməni ekspert bildirib.

O vurğulayıb ki, dünyada geosiyasi proseslər baş verir və Rusiyanın bölgədə iqtisadi və kommunikasiya maraqları mövcuddur.

Adonts qeyd edib ki, Rusiya bununla kifayətlənməyəcək və öz maraqlarını qorumaqda davam edəcək.

Erməni ekspert hesab edir ki, həm Rusiyanın, həm də digər oyunçuların maraqları düzgün qiymətləndirilməli, iqtisadiyyat inkişaf etdirilməli və bazarlar itirilməməlidir.

“Mövcud vəziyyət sənaye sahəsinin inkişafına gətirib çıxarmır. Xidmət sektoruna əsaslanan iqtisadiyyat isə istənilən an çökə biləcək piramidadır. ÜDM ciddi şəkildə azalsa və dram kəskin dəyər itirsə, Ermənistanda qurulan “maliyyə-iqtisadi piramida” ölkəni məhv edəcək. Əgər dram şərti olaraq 50 faiz dəyər itirsə, bizim 30 milyard dollarlıq ÜDM 15 milyard dollara enəcək.

Bundan əlavə, biz artıq yanğını söndürmək üçün borc da ala bilməyəcəyik və çox ağır vəziyyətə düşəcəyik. Bu, 10 ballıq zəlzələdən daha ağır nəticələr verə bilər. Hadisələr hələ inkişaf mərhələsindədir, amma biz artıq bütün qırmızı xətləri keçirik. Əgər bu baş versə, bərpa olunmaq mümkün olmayacaq”, - deyə erməni iqtisadçı vurğulayıb.

O xatırladıb ki, əvvəllər çiçək ixracı ilə bağlı problemlər yarananda dramın məzənnəsində dalğalanma müşahidə olunmuşdu.

“Piramida tipli iqtisadi sistem şəraitində dramın möhkəmlənməsi də risk yaradır. Sənaye bu gün iflic vəziyyətindədir və təsvir olunan hadisələr baş verərsə, yalnız yerli xammal bazası üzərində işləyən emal sənayesi zərbəyə davam gətirə biləcək. Digər sahələr ciddi problemlərlə üzləşəcək. Buna Ermənistanda xammal bazarının olmaması da əlavə olunur”, - deyə Adonts yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Adonts  


Bizi "telegram"da izləyin