Rusiya FTX: Moskva Ermənistanın sərhədlərinin qorunması məsələsində hərtərəfli dəstəyi davam etdirir

2025/08/1754901125.jpg
Oxunub: 393     21:22     27 May 2026    
“Rusiya Ermənistanın sərhəd qurumlarının formalaşdırılması və sərhədlərin mühafizəsi istiqamətində dəstəyini davam etdirir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunun birinci müavini və sərhəd xidmətinin rəhbəri Vladimir Kulişov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

O qeyd edib ki, 1992-ci il sentyabrın 30-da imzalanmış “Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası Sərhəd Qoşunlarının hüquqi statusu və fəaliyyət şəraiti haqqında” sazişə əsasən, Ermənistan Türkiyə və İranla dövlət sərhədinin qorunması səlahiyyətlərini Rusiya sərhəd qoşunlarına həvalə edib.

Kulişov qeyd edib ki, həmin saziş Ermənistanın öz sərhəd strukturlarını formalaşdırması ilə paralel olaraq Türkiyə və İranla sərhədin müəyyən hissələrinin mərhələli şəkildə Ermənistan tərəfinin nəzarətinə verilməsini nəzərdə tutur.

Bu prosesin Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərliyi ilə razılaşdırılmış şəkildə və Rusiya sərhəd qurumları ilə sıx qarşılıqlı fəaliyyət əsasında həyata keçirildiyi vurğulanıb.

Kulişov bildirib ki, 2024-cü ildə Ermənistan tərəfi sərhəd keçid məntəqələrində məsələləri müstəqil şəkildə həll etmək imkanlarının artdığını əsas gətirərək sərhəd nəzarətinin erməni sərhədçilərinə verilməsi prosesinə dəstək istəyib.

Razılaşdırılmış qərarlara əsasən “Zvartnots” beynəlxalq hava limanında, eləcə də İran və Türkiyə sərhədindəki keçid məntəqələrində sərhəd nəzarəti funksiyaları mərhələli şəkildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına təhvil verilib.

“Bu kimi məsələlərin həlli yalnız praktiki xarakter daşıyır və mövcud Rusiya-Ermənistan dövlətlərarası razılaşmaları çərçivəsində həyata keçirilir. Biz Ermənistana öz sərhəd strukturlarının yaradılması və dövlət sərhədinin mühafizəsi sahəsində təhlükəsizliyin təmin olunması istiqamətində hərtərəfli dəstəyimizi davam etdiririk”, - deyə Kulişov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin