Rusiya KİV-ləri Rubionun Ermənistan səfəri barədə: Rubio həyat yoldaşı ilə birlikdə sözün əsl mənasında bir saatlıq İrəvana uçdu

2026/05/1779900029.jpg
Oxunub: 383     20:29     27 May 2026    
“ABŞ dövlət katibi Marko Rubio hətta “Zvartnots” hava limanının ərazisini belə tərk etməyib”.

Ordu.az xəbər verir ki, Rusiya mətbuatı ABŞ dövlət katibi Marko Rubionun Ermənistana etdiyi “qısamüddətli səfəri” diqqətdən kənarda qoymayıb.

Rusiya KİV-ləri qeyd edib ki, amerikalı siyasətçi həyat yoldaşı ilə birlikdə cəmi bir saatlıq İrəvana gəlib və paytaxtdakı “Zvartnots” hava limanını tərk etmədən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib.

“Kommersant” yazır ki, görüş hər mənada diqqətçəkən olub.

“Marko Rubio həyat yoldaşı ilə birlikdə sözün əsl mənasında bir saatlıq İrəvana uçdu və hətta paytaxtın “Zvartnots” hava limanını tərk etmədi. Cənab Mirzoyanla yarımsaatlıq söhbət hava limanının prezident zalında baş tutdu. Jurnalistlərlə qısa söhbətə də az vaxt sərf olundu və bundan sonra Rubio ayrıldı”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, fevral ayının sonundan etibarən ABŞ-nin “Tramp yolu” layihəsinə marağı, ən azı ictimai şəkildə nəzərəçarpacaq dərəcədə azalmışdı.

Qeyd olunur ki, mart ayında Ermənistanın baş naziri Nikol Paşinyan da bundan narazılığını ifadə etmiş və “TRIPP (Zəngəzur dəhlizi-red) ABŞ administrasiyasının prioritetləri sırasında deyil” açıqlamasını vermişdi.

Lakin bir ay sonra Paşinyan mövqeyini dəyişərək ABŞ-dən ən yüksək səviyyədə layihənin prioritet olaraq qaldığına dair təminat aldıqlarını bəyan etmişdi.

“Kommersant” yazır ki, İrəvanda baş tutan son yüksək səviyyəli müzakirələr ABŞ-nin layihəyə marağının davam etdiyini təsdiqləyib.

Nəşr vurğulayır ki, Ermənistan hakimiyyəti üçün ən vacib mesajı məhz Rubio verib. Dövlət katibi bildirib ki, Ermənistan hakimiyyəti ölkə üçün daha parlaq və daha müstəqil gələcəyə yol açır. “Biz bu baxışa, bu cəsarətə, sizin sadiqliyinizə və ölkənizin gələcəyi naminə göstərdiyiniz hazırlığa dəstəyimizi ifadə etməkdən məmnunuq. Biz bunun bir hissəsi olmaqdan qürur duyacağıq və birlikdə daha çox iş görməyə hazırıq”, - deyə Rubio bildirib.

“Kommersant” hesab edir ki, bu açıqlama ABŞ-nin iyunun 7-də keçiriləcək parlament seçkilərində kimi dəstəklədiyini açıq şəkildə göstərib.

Nəşr xatırladıb ki, hələ fevral ayında ABŞ vitse-prezidenti Cey Di Vens İrəvana səfəri zamanı Nikol Paşinyanın “şübhəsiz dəstəyə layiq olduğunu” bildirmişdi.

Məqalədə qeyd olunur ki, parlament seçkiləri öncəsi Paşinyan və onun “Vətəndaş Müqaviləsi” partiyası artıq may ayının əvvəlində İrəvana səfər edən Avropa liderlərinin dəstəyini almışdı.

“İzvestiya” isə yazır ki, Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərində qalib gəlmək üçün Qərbin dəstəyini almağa çalışır.

Nəşr qeyd edir ki, Avropa liderlərindən sonra 10 ildən artıq müddətdə ilk dəfə ABŞ dövlət katibi də İrəvana gəlib və Ermənistanla üç əsas saziş imzalayıb.

“Vaşinqton Moskva ilə İrəvan arasındakı münasibətlərin soyuması fonunda Cənubi Qafqazda təsirini artırmağa çalışır”, - deyə “İzvestiya” vurğulayıb.

Məqalədə qeyd olunur ki, Rubio ilə görüş səbəbindən Paşinyan Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitini buraxacaq.

Bundan başqa, Ermənistanın KTMT-də iştirakını dondurduğu və parlamentlərarası əlaqələrin də dayandırıldığı bildirilib.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Vadim Muxanov bildirib ki, Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafı iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq.

Onun sözlərinə görə, əgər Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası çoxluq əldə etsə, Moskva ilə İrəvan arasındakı münasibətlərin daha da pisləşəcəyini gözləmək lazımdır.

“Vedomosti” isə yazır ki, Rubio Ararat Mirzoyanla hava limanındakı qısa görüş zamanı ABŞ-Ermənistan əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş üç sənəd imzalayıb.

Bunlar TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq üzrə çərçivə sazişi, nadir faydalı qazıntıların tədarükü üzrə çərçivə sazişi və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyası olub.

Nəşr bildirir ki, sənədlərdə müdafiə sahəsində əməkdaşlığın, o cümlədən Ermənistan tərəfindən ABŞ hərbi məhsullarının alınmasının və “müdafiə məsləhətləşmələrinin” inkişaf etdirilməsi nəzərdə tutulur.

“İndustrial Kod” fondunun müşaviri Maksim Şapoşnikov “Vedomosti”yə bildirib ki, Ermənistanda nadir torpaq metalları ehtiyatları dəqiq müəyyən edilməyib və bu sahədə ciddi araşdırmalar aparılmayıb.

Onun sözlərinə görə, vəziyyət ABŞ ilə Ukrayna arasında 2025-ci ildə imzalanmış resurs sazişini xatırladır.

“ABŞ bu istiqamətdə Ermənistanın qızıl və molibden yataqları ilə maraqlanır. Beləliklə, Vaşinqton Rusiya, Türkiyə və İranın həmin resurslara çıxış imkanlarını məhdudlaşdırmağa çalışır”, - deyə Şapoşnikov qeyd edib.

O əlavə edib ki, nadir torpaq metalları məsələsində Ermənistanla razılaşma ABŞ-yə real baxımdan az fayda verir və ABŞ-Ermənistan münasibətlərindəki hazırkı istiləşmə daha çox siyasi xarakter daşıyır.

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Araşdırmaları İnstitutunun baş elmi işçisi Pavel Koşkin isə Rubionun səfərini ABŞ-nin Ermənistana siyasi dəstəyinin simvolik jesti adlandırıb.

Onun fikrincə, bu addım Rusiyaya mesaj xarakteri daşıyır və Vaşinqtonun postsovet məkanından çəkilmək niyyətində olmadığını göstərir.

“ABŞ prezidenti Ukrayna məsələsində Moskva ilə dialoqu bərpa etsə də, çəkindirmə siyasətindən imtina etməyib. Bu isə ABŞ milli təhlükəsizlik strategiyasına zidd deyil. Orada Rusiya hələ də təhdid kimi göstərilir və onunla həm danışmaq, həm də mübarizə aparmaq lazım olduğu vurğulanır”, - deyə Koşkin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rubio   Ermənistan  


Bizi "telegram"da izləyin