Trampın iki cəbhəsi: Yaxın Şərq sakitləşdi, Ukrayna səhnəyə qayıdır

2025/06/1750834668.jpg
Oxunub: 729     12:31     25 İyun 2025    
Şübhəsiz ki, İsrail-İran müharibəsinin dayandırılmasından sonra vəziyyət nə hərbi-texniki, nə də siyasi mənada əvvəlki “başlanğıc nöqtəsinə” qayıtmayacaq. Müharibə dayandırılıb və ümid etmək lazımdır ki, bu atəşkəs davamlı və uzunmüddətli olacaq. Əlbəttə, bu heç bir halda İsrail-İran qarşıdurmasının həll olunduğu demək deyil. Hətta bu, İranın nüvə proqramı məsələsinin də həllini ifadə etmir. Qarşıdurma və digər problemlər qalacaq, sadəcə onlara yanaşma və mövqe formalaşdırma mühiti dəyişir.

Bu mühitin necə dəyişəcəyini isə hələlik tam söyləmək mümkün deyil, çünki bu, zamanla – əsas oyunçuların davranışı fonunda – daha aydın görünəcək. Burada çox xarakterik bir detal var: müharibə Haaqada başlayacaq NATO sammiti ərəfəsində dayandırıldı. Şübhəsizdir ki, əgər müharibə davam etsəydi, NATO sammitinin əsas mövzularından biri məhz İsrail-İran qarşıdurması olacaqdı.

İndi qəti şəkildə demək olmaz ki, diqqət yenidən Ukraynanın üzərinə yönələcək, lakin böyük ehtimalla ikili bir vəziyyət yaranacaq. Ukrayna özü diqqət mərkəzində qalmağa çalışacaq. Bu məqsədlə müəyyən gözlənilməz və diqqətçəkici addımlar da atıla bilər. Hərçənd İranla müharibənin dayandırılması fonunda informasiya mühiti hələ də bu mövzu ətrafında qalır. Bu isə Kiyev üçün bir problem yaradır. Bu məsələdə əsas məqam nədir?

Ukrayna mövzusunun önə çıxmasında başlıca maraqlı tərəflər Avropa İttifaqı ölkələri və Böyük Britaniyadır. Onlar bu mövzunu Tramp ilə qarşıdurmalarında irəli sürməyə çalışırlar, xüsusilə Avropanın təhlükəsizlik arxitekturası və bu arxitekturada NATO-nun rolu ilə bağlı məsələlərdə. Burada vacib bir məqamı da qeyd etmək lazımdır: Tramp İsrail-İran müharibəsində atəşkəsə nail olmaqla NATO sammitinə daha özünəinamlı şəkildə gəldi. Bunu onun “müharibəni dayandırdım” tipli bəyanatları da göstərir. Tramp sammitə “qalib” obrazında çıxmağa çalışır.

Avropalılar isə ona qarşı Ukrayna kartını irəli sürürlər. Hərçənd Tramp, ehtimal ki, İsrail-İran istiqamətində hansısa “sürprizlərdən” də ehtiyat edir. Məhz bu səbəbdəndir ki, atəşkəsin pozulduğu ilə bağlı xəbərlərin fonunda o, İsrailə İrana hücum etməmək üçün sərt çağırış etdi. Tramp bəyan etdi ki, həm İrandan, həm də İsraildən narazıdır – lakin İsraildən daha çox. ABŞ prezidentinin narahatlığı, görünür, ondan ibarətdir ki, Haaqadakı NATO sammitində öz “siyasi döyüşündə” arxadan zərbə almasın. Bu vəziyyətdə isə Trampın belə “iki arxa cəbhəsi” var – Yaxın Şərq və Ukrayna.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin