Ermənistanın xeyrinə 131 milyon drama yaxın vəsait müsadirə ediləcək: Serj Sarkisyanın adı işdə keçir

2026/06/1780557225.jpg
Oxunub: 162     11:14     04 İyun 2026    
Ermənistanda dövlət maraqlarının qorunması ilə bağlı növbəti məhkəmə iddiası təmin edilib və nəticədə dövlət büdcəsinin xeyrinə 131 milyon 358 min dram məbləğində vəsaitin müsadirə olunmasına qərar verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, məhkəmə 2005-ci il aprelin 26-da Ermənistan adından həmin dövrdə müdafiə naziri olan Serj Sarkisyanın səlahiyyətli nümayəndəsi ilə “Ararat Motors” MMC arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edib.

Söhbət İrəvan şəhərinin Malatia-Sebastia rayonunda, Admiral İsakov küçəsi 16/4 ünvanında yerləşən 0,40935 hektar sahəsi olan torpaq sahəsinin satışı ilə bağlı müqavilədən gedir.

Qərarda qeyd olunub ki, həmin torpaq sahəsinin dövlətə qaytarılması artıq mümkün olmadığı üçün müqavilənin etibarsız sayılmasının nəticəsi olaraq “Ararat Motors” MMC-dən 131 milyon 358 min dram məbləğində vəsait tutulacaq.

Bildirilib ki, vəsait məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra Ermənistan Respublikasının xeyrinə müsadirə ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin