KİV: Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması hansı təhlükələri yarada bilər?

2026/04/1775489688.jpg
Oxunub: 217     12:41     04 İyun 2026    
“Ermənistanın Avrasiya İqtisadi Birliyindən uzaqlaşması məsələsi yenidən gündəmə gəlib. Belə bir addım ölkə üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi nəticələrə səbəb ola bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri “Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması hansı təhlükələri yarada bilər?” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, Nikol Paşinyan son aylarda dəfələrlə Rusiyanı Ermənistanın dost ölkəsi adlandırıb və Moskvanın maraqlarına zərər vurmağın rəsmi İrəvanın gündəmində olmadığını bildirib.

“Rusiyaya və ya Rusiyanın maraqlarına zərər vurmaq bizim gündəmimizdə olmayıb, yoxdur və olmayacaq. Bu, istisna olunur”, - deyə Paşinyan bildirib.

Nəşr yazır ki, mayın 28-də keçirilən Avrasiya İqtisadi Birliyi sammitindən sonra Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın birlikdəki gələcək rolu ilə bağlı müzakirələrin aparılması barədə qərar qəbul ediblər.

Məqalədə vurğulanır ki, artıq söhbət Rusiyanın ayrı-ayrı məhsullara tətbiq etdiyi müvəqqəti məhdudiyyətlərdən deyil, iqtisadiyyatın bütöv sahələrini əhatə edə biləcək sistemli məhdudiyyətlərdən gedir.

Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Ermənistan birlikdən çıxacağı təqdirdə bir sıra üstünlükləri itirə bilər.

Bunlara Avrasiya İqtisadi Birliyi ölkələri ilə azad ticarət imkanları, qaz və digər enerji resursları üzrə güzəştlər, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı üçün mövcud şərtlər, eləcə də Rusiyada çalışan erməni miqrantların əldə etdiyi imtiyazlar daxildir.

“İqtisadi inteqrasiya prosesləri ilə bağlı Ermənistanla həyata keçirdiyimiz işlərin demək olar ki, hamısı ixtisar edilməli olacaq”, - deyə Putin bildirib.

Müəllif yazıb ki, Rusiyadan gələn pul köçürmələri yüz minlərlə erməni ailəsinin gəlir mənbəyidir.

“Bundan başqa, kənd təsərrüfatı ixracı, rus kapitalının iştirak etdiyi müəssisələr, logistika və turizm sektoru da Rusiya ilə əlaqələrdən ciddi şəkildə asılıdır.

Enerji daşıyıcılarının qiymətlərinin bazar səviyyəsinə qaldırılması minlərlə ailənin sosial vəziyyətinə mənfi təsir göstərə bilər. Rusiya ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın zəifləməsi sərhədyanı bölgələrdə yaşayan əhali üçün əlavə risklər yarada bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin