Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Ermənistan ilə Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin imzalandığını bildiririk”, - deyə açıqlamada qeyd olunub.
Məlumata görə, 2026-cı il mayın 26-da İrəvanda əldə olunmuş razılaşmanın həyata keçirilməsi məqsədilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio sənədi məsafədən imzalayıblar.
Qeyd olunub ki, saziş 2026-cı il iyunun 1-də Vaşinqtonda ABŞ dövlət katibi, iyunun 4-də isə İrəvanda Ermənistan xarici işlər naziri tərəfindən imzalanıb.
Ermənistan XİN bu addımın dinc, təhlükəsiz və firavan Ermənistan, eləcə də regionla bağlı Ermənistan-ABŞ baxışının həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.
Bildirilib ki, növbəti mərhələdə tərəflər sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərəcəklər. Məqsəd layihənin mümkün qədər qısa müddətdə reallaşdırılmasıdır.
Alpər Mövludoğlu
Ordu.az