Ən mühüm detallardan biri – Pakistanın da İranı dəstəkləyəcəyini bəyan etməsidir. Bu bəyanat Tehran-Ankara-İslamabad xəttində potensial strateji yaxınlaşmanın siqnalıdır. Regional güc balansında bu cür yeni üçbucaqların yaranması, xüsusilə İranın daxilində müxtəlif etnik qrupların yerləşdiyi regionların, o cümlədən türk, kürd və bəluç bölgələrinin böyük güclər tərəfindən siyasi və ya hərbi alət kimi istifadəyə cəlb oluna biləcəyini göstərir.
Türkiyənin İrana dair narahatlığının mərkəzində isə yalnız atom proqramı və ya İsrailin zərbələrinə cavab deyil, həm də İran daxilindəki etnik konfiqurasiya dayanır. “Turkiye gazetesi” tərəfindən gündəmə gətirilən Urmiya və ətraf ərazilərə İsrailə məxsus PUA və raketlərlə edilən hücumların analizi məsələnin geosiyasi sərhədləri aşaraq artıq “etnik ərazilər üzərindən nüfuz zonasına çevrilməsi” aspektində şərh olunduğunu göstərir.
Qərbin Suriyada PYD/YPG-ni dəstəkləməsi ilə eyni mexanizmin İranda da mümkün ola biləcəyi ehtimalı artıq açıq şəkildə səsləndirilir. Bu isə o deməkdir ki, Ankara yalnız şimal Suriya və İraqın şimalı deyil, artıq İran ərazisində də bu faktoru strateji təhlükə kimi qiymətləndirməyə başlayıb. Xüsusilə PKK-nın lideri Abdullah Öcalanın “mübarizəni dayandırmaq” çağırışına İran qolunun reaksiya verməməsi Ankarada bu narahatlığı daha da artırıb. Belə vəziyyətdə Türkiyə hökumətinə yaxın media orqanlarının İsrailin İran kürdlərinə “50 km-lik irəliləmə koridoru açdığı” yönündə təhlilləri rəsmi Ankara ilə Təl-Əviv arasında münasibətlərin gələcəkdə daha da gərginləşəcəyinin xəbərçisidir.
Əslində, Ankara bir tərəfdən İranın daxilindəki türkdilli ərazilərdə mümkün təsir imkanlarını qorumağa çalışır, digər tərəfdən həmin ərazilərin sabah İsrail və ya kürd silahlı dəstələri tərəfindən ələ keçirilməməsi üçün proaktiv müdafiə strategiyası qurur. Bu yanaşma təkcə Türkiyənin İrana dair narahatlığı deyil, eyni zamanda öz sərhədlərində ikinci bir “Kürd dövləti”nin formalaşmasının qarşısını almağa yönəlib. Bu isə onu göstərir ki, bölgədə yalnız dövlətlərarası yox, həm də etnik əsaslı geosiyasi qütbləşmə dövrünə girilir.
Ərdoğanın çağırdığı müşavirənin bir digər əhəmiyyəti isə İranın sabitliyi sarsılacağı təqdirdə regionda yaranacaq boşluğu hansı aktorun dolduracağı ilə bağlıdır. Məlumdur ki, İranın zəifləməsi yalnız ABŞ və İsrailin deyil, eləcə də Rusiya, Çin və Türkiyənin planlarında fərqli istiqamətlərdə əks olunur. Belə bir konfiqurasiyada Ankara özünün “İran sonrası” dövrə dair ehtiyat planlarını sürətlə işə salmaq niyyətindədir.
Son mərhələdə isə Türkiyənin istənilən halda Qərbin regionda etnik xətt üzrə yaratdığı yeni konfiqurasiyalara qarşı olacağı aydındır. Bu həm strateji, həm də ideoloji baxımdan Ankaranın qırmızı xəttidir. Məhz bu səbəbdən türk bölgələri ilə bağlı Türkiyənin artan diqqəti, yalnız etnik həmrəylik deyil, həm də geosiyasi qarşılıqlı zərurətin məhsuludur.
Asif Cəfərov
Ordu.az