YAP sədrinin müavini: "Müasir Azərbaycan reallığı Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır"

2024/06/Ekran-1718433400.jpg
Oxunub: 301     09:57     15 İyun 2024    
Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır.

Ordu.az-ın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyin ilk illərində iqtisadi tənəzzül və siyasi xaos ilə üzləşmiş, qonşu Ermənistan mövcud geosiyasi şəraitdən və ölkəmizin böhran vəziyyətində olmasından istifadə edərək torpaqlarımızı işğal etmişdi: “Belə bir ağır vəziyyətdə - 1993-cü ildə Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası naminə respublikaya rəhbərlik etməsi üçün qətiyyətli çağırış etmişdi. Ümummilli Liderin xalqın çağırışına səs verərək 1993-cü il iyunun 9-da Bakıya qayıtması, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın Qurtuluşunu təmin etdi. Müdrik dövlət xadimi mürəkkəb tarixi mərhələdə liderlik missiyası yerinə yetirməklə milli həmrəyliyin təmin olunmasına, ölkənin inkişafına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər gördü, böyük tarixi nailiyyətlərə imza ataraq Azərbaycan üçün aydın perspektivləri müəyyən etdi”.

YAP sədrinin müavini bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli-siyasi sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş edib və ölkəmizin yüksəlişi təmin olunub.

T.Budaqov söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında da xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır və olduqca yüksək dəyərləndirilir:

“O, istər fərqli siyasi-ideoloji mühitin, o cümlədən sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çoxsaylı çağırışlarla üzləşdiyi müstəqillik dövründə Türk dünyasında birlik və həmrəyliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin