Türkiyə Prezidentinin üç prinsipial bəyanatı – Azərbaycanın gücü önəmlidir!

2024/06/1718272083.jpg
Oxunub: 818     13:44     13 İyun 2024    
İyunun 10-da Ankarada keçirilən Rəcəb Tayyib Ərdoğan-İlham Əliyev danışıqları ilə bağlı detallar bir çox ölkə tərəfindən diqqətlə izlənilir, təhlil edilir.

Türkiyə Prezidentinin Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi və Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı fikirləri böyük əhəmiyyət daşıyır. Habelə Ərdoğan deyib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı beynəlxalq ictimaiyyət İsrailə təzyiq etməlidir. Bir gün əvvəl İlham Əliyevin Qahirədə ilk dəfə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə etdiyini nəzərə alsaq, Ərdoğanın yuxarıdakı bəyanatını da eyni məntiq çərçivəsində nəzərdən keçirməliyik.

Ərdoğan dünya ölkələrinə çağırış edir ki, sözdən hərəkətə keçmək lazımdır. Türkiyə Prezidentinin ikinci mühüm fikri odur ki, Ankara Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını diqqətlə izləyir. Beləliklə, Ankara bəyan edir ki, Rusiya kontingentinin tam getmədiyini yaxşı bilir və proses razılaşdırıldığı kimi tamamlanmalıdır.

Ərdoğanın üçüncü bəyanatı da vacibdir. O, Milli Məclisdə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamenti ilə parlamentlərarası əməkdaşlıq qrupunun yaradılmasını alqışlayıb və əlavə edib ki, TDT-nin Şuşadakı sammitinə ŞKTC Prezidenti də dəvət olunub.

Türkiyə Prezidenti bunun Kipr probleminin həllinə böyük töhfə olacağını bildirib. Ötən ilin noyabrında TDT-nin zirvə toplantısına ŞKTC Prezidenti dəvət edilməli idi. Lakin məlumatlara görə, ev sahibi Qazaxıstan Avropa İttifaqı və ümumilikdə beynəlxalq ictimaiyyətlə siyasi qarşıdurmadan çəkinib. Faktiki olaraq Türkiyə Prezidenti Kipr məsələsinin tam həllinə Azərbaycanın yardımı ilə nail olmağa çalışır.

Türkiyə Prezidentinin hər üç prinsipial bəyanatı önəmlidir. Azərbaycanın İsrail və Rusiya ilə münasibətlərinin strateji xarakter alması Türkiyə üçün də müsbətdir, böhranlı vəziyyətlərdə geniş koordinasiya imkanları təklif edir. ŞKTC-nin tanınması və ya Kipr məsələsinin həlli də Türk Dünyası üçün Aralıq dənizi sahillərində genişlənmə konsepsiyası baxımından önəmlidir.

Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqorodda keçirilən Sergey Lavrov-Hakan Fidan danışıqları ilə bağlı yaydığı açıqlama isə sözügedən məsələlər baxımından ciddi ipucları verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Ərdoğan   Türkiyə-Azərbaycan  


Bizi "telegram"da izləyin