Hindistan supergüc kimi ABŞ-yə, yoxsa Çinə mane olacaq? – ANALİZ

2024/06/f9a49-3435994432.jpg
Oxunub: 640     14:28     10 İyun 2024    
Hindistanı gələcəyin supergücü kimi vurğulamaq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çini cilovlamaq cəhdləri ilə Hindistanın ABŞ-Çin rəqabətindən istifadə edərək, Asiya liderliyini Çinə verməmək niyyəti arasındakı üst-üstə düşmədən qaynaqlanan bir diskursdur.

XIX əsrin ikinci yarısında Çindən sonra ikinci ən böyük iqtisadiyyatı olan Hindistanın bu gün ciddi inkişaf potensialına malik olduğu aydın bir həqiqətdir. Bu gün dünyanın 5-ci ən böyük iqtisadiyyatı olan Hindistan həm də dünyanın ən çox əhalisinə malikdir. Hindistan həm Çində əmək xərclərinin artması, həm də ABŞ-nin Çini zəiflətmək cəhdləri, Qərb kapitalının investisiyalarını Cənubi Asiya ölkələrinə yönəltməsi səbəbindən qlobal kapital üçün mühüm investisiya məkanına çevrilib.

Bütün bu formasiyalar Hindistanın gələcəyin mühüm iqtisadi gücü kimi göründüyünə sübutlar ola bilər, lakin digər güclərdən üstün olan bir fövqəldövlət kimi potensialının göstəriciləri kimi nəzərdən keçirilə bilərmi? Bu suala ABŞ-nin deyil, Çin və Hindistanın Ümumi Daxili Məhsulu (ÜDM) və adambaşına düşən ÜDM göstəriciləri ilə cavab verilsə, hər iki göstərici üzrə iki ölkə arasında Çinin xeyrinə 4 dəfədən çox fərq olduğu bildirilməlidir.

Niyə ABŞ Asiya-Sakit Okean regionunda Hindistanı önə çəkir?

Hindistanın qlobal arenada tanıdılması onun iqtisadi-texnoloji göstəricilərində və demokratiyasındakı irəliləyişlərdən çox, ABŞ-nin diqqət mərkəzində olan Çinin zəiflədilməsi və təcrid edilməsində Hindistana verilən rolla bağlıdır. Hindistan ABŞ tərəfindən Asiya-Sakit Okean bölgəsində Çinə qarşı balanslaşdırıcı güc olaraq seçildi. Eyni zamanda, ABŞ Rusiya-Ukrayna müharibəsində bitərəf qalan, lakin Rusiya ilə müdafiə və enerji ticarətini davam etdirən Hindistanla münasibətlərini gücləndirərək, Rusiyanı təcrid etmək niyyətindədir.

ABŞ investisiyalarının Hindistana köçürülməsi, Hindistanın Baş naziri Narendra Modinin Vaşinqtonda xüsusi olaraq qəbul edilməsi və bir sıra iqtisadi-texnoloji sazişlərin imzalanması, Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) yaradılması, “Bir Kəmər, Bir Yol” Təşəbbüsünə qarşı Hindistan-Yaxın Şərq və Avropa İqtisadi Dəhlizinin (IMEC) elan edilməsi, Hind-Sakit Okean anlayışının Asiya-Sakit Okean anlayışı ilə əvəz edilməsi bu strategiyanın nümunələridir.

Bu strategiya Rusiya-Ukrayna müharibəsindan sonra Avropada genişlənən və Asiya-Sakit Okeana yönələn NATO-nu qlobal bir təhlükəsizlik təşkilatına çevirmə səyləri, Avropa ölkələrinin və Yaponiyanın silahlanma siyasətləri, Cənubi Çin dənizindəki gərginliklə bağlı ABŞ-Filippin-Yaponiya əməkdaşlığı və Çinin Tayvana hücum ssenariləri kimi Çini mühasirəyə almaq cəhdlərindən asılıdır. Bu kontekstdə “Bir Kəmər, Bir Yol” Təşəbbüsünün Şimal Dəhlizini sıradan çıxaran Ukrayna-Rusiya müharibəsi təkcə bu ölkələrin müharibəsi deyil. Tayvan və Çin arasında yaranan gərginlik təkcə bu iki ölkə arasındakı gərginlik deyil. Bütün bunlar fonda qlobal güc mübarizəsi sahələridir.

Əsl problem ABŞ-nin hegemonluğunu təhdid edən Çinin meydana çıxmasıdır. Əvvəlki sənaye inqilablarını qaçırdığı üçün bu inqilabların qabaqcıl ölkələrinin yarımmüstəmləkəsinə çevrildiyini düşünən Çin 4-cü Sənaye İnqilabının qabaqcılı olaraq əvvəlki qüdrətini bərpa etmək əzmindədir. ABŞ isə “həm beynəlxalq nizamı yenidən qurmaq niyyətindədir, həm də bunu edə biləcək yeganə rəqib olaraq” gördüyü Çini əngəlləyərək, status-kvonu qoruyub saxlamaqla məşğuldur.

ABŞ-nin fikrincə, Cənubi Çin dənizində Yaponiya və Filippinlə müharibə aparan, Hindistan və Vyetnamla sərhəd münaqişələri yaşayan, Tayvana qarşı güc tətbiq edərək, Rusiyanın vəziyyətinə düşən, Honq-Konqun müstəqillik tələbləri ilə məşğul olan Çinin inkişafını davam etdirməyə və özünü məcbur etməyə gücü çatmayacaq.

Hindistanın bu prosesdə rolu, ABŞ admiralının təbirincə desək, Çini iki cəbhəli problemlə qarşı-qarşıya qoymaqdır. Yəni Çini təkcə şərqə, Cənubi Çin dənizinə və Tayvan boğazına baxmağa deyil, həm də çiyinlərinin üzərindən Hindistana baxmağa məcbur etməkdir.

Hindistan nə edir?

Hindistan isə Çin-ABŞ rəqabətindən faydalanmağa çalışır. Hindistan çoxqütblü yeni dünya düzəninin müzakirəsində yer almaqla birlikdə, çoxqütblülüyün yalnız “çoxqütblü Asiya” ilə mümkün olacağını iddia edərək, Çinlə bağlı narahatlığını ifadə edir. Bir tərəfə söykənmədən tərəddüdlü xarici siyasət yürüdən Hindistan ABŞ ilə münasibətlərini gücləndirir, Rusiya ilə enerji və müdafiə əməkdaşlığını davam etdirir. O, həmçinin BRICS-də Çinlə yanaşı oturur. Bundan əlavə, Çinin güclənməsindən və Asiyanın liderinə çevrilməsindən narahat olan Hindistan Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsündən kənarda qaldığı kimi ABŞ-nin Çin əleyhinə hərəkətlərinin də bir hissəsi kimi qarşımıza çıxır.

Hindistanın əsas gözləntisi Asiyanın, yəni “qlobal cənubun” liderliyini Çinə buraxmamaqdır. Bu kontekstdə maraqları dövri olaraq üst-üstə düşən Hindistan və ABŞ fərqli motivlərlə birləşdikləri “Çini əngəlləmə” ortaq məxrəci ilə bir-birindən faydalanmağa çalışırlar. Lakin keçmişdə Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) qarşı Çindən, bu gün isə Hindistandan Çinə qarşı istifadə edən ABŞ-nin lazım gəldikdə Hindistana qarşı başqa dövlətlərdən də istifadə edəcəyi tarixi bir həqiqətdir.

Odur ki, yeri gələndə Çini əngəlləmə strategiyası kimi irəli sürülən “supergüc Hindistan” diskursunun reallığa çevrilməsinin qarşısındakı ən mühüm maneə yenə ABŞ olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ   Çin  


Bizi "telegram"da izləyin