Ordu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Milyayev məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində 154 uçuş aparatını məhv edib.
“PUA hücumu nəticəsində elektrik ötürücü xətlərə və Novomoskovsk şəhərində yerləşən sənaye müəssisəsinə ziyan dəyib. Hadisə yerində fövqəladə xidmət əməkdaşları işləyirlər”, - deyə Milyayev “Telegram” kanalında yazıb.
Qubernator həmçinin Şçokino rayonunda yerləşən yaşayış məntəqəsində fərdi evin zədələndiyini və bir qadının yaralandığını bildirib.
“Astra” nəşrinin yerli sakinlərin foto və videoları əsasında apardığı təhlilə görə, PUA-ların əsas hədəfi Novomoskovskdakı “Azot” kimya zavodu olub. “EuroChem” holdinqinə daxil olan müəssisəyə hücumdan sonra ərazidə qara tüstü sütunu müşahidə olunub.
Zavodun rəsmi məlumatına əsasən, müəssisə ammonyak və azot gübrələrinin Rusiyada ən iri istehsalçılarından biridir. Daha əvvəl “Reuters” yazmışdı ki, zavod 2022-2024-cü illərdə artilleriya mərmilərində istifadə olunan oktogen və heksogen partlayıcı maddələrinin istehsalı üçün Dzerjinski adına Sverdlov zavoduna sirkə və azot turşusu tədarük edib.
“Azot” zavodu bundan əvvəl də iyunun 8-də və mayın 24-də PUA hücumuna məruz qalmışdı.
Bundan başqa, NASA-nın yanğın monitorinqi sisteminin məlumatına görə, hücumdan sonra Novomoskovsk İstilik Elektrik Mərkəzində də yanğın baş verib. Bu müəssisə 115 mindən çox əhalisi olan şəhərin yaşayış məntəqələrinin təxminən 60 faizini istilik və isti su ilə təmin edir.
Ukrayna PUA-ları ötən gecə Moskvaya da hücum edib. Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan 47 PUA-nın vurulduğunu açıqlayıb.
“Fövqəladə xidmət əməkdaşları PUA qalıqlarının düşdüyü ərazilərdə işləyirlər”, - deyə Sobyanin bildirib. O, yerdə baş vermiş nəticələr və zərərçəkənlər barədə məlumat verməyib.
Hücum fonunda Moskvanın “Domodedovo”, “Vnukovo” və “Şeremetyevo” hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində hava hücumundan müdafiə qüvvələri ölkənin 12 vilayətində və işğal olunmuş Krımda ümumilikdə 660 Ukrayna PUA-sını aşkarlayaraq məhv edib.
Məlumata əsasən, PUA-lar Belqorod, Bryansk, Kursk, Oryol, Kaluqa, Lipetsk, Rostov, Voronej, Tula, Ryazan və Həştərxan vilayətləri üzərində qeydə alınıb.
“Rosaviasiya” Moskva hava limanları ilə yanaşı, Kaluqa, Nijni Novqorod, Saratov, Penza, Pskov, İvanovo və Yaroslavl hava limanlarının fəaliyyətinə də müvəqqəti məhdudiyyət tətbiq edib.
Sevinc Əliyeva
Ordu.az