ABŞ KAAN üçün F110 mühərriklərinin satışını rəsmi olaraq Konqresə təqdim edib

2026/06/1782461086.jpg
Oxunub: 332     12:03     26 İyun 2026    
ABŞ administrasiyası Türkiyənin KAAN milli döyüş təyyarəsi proqramında istifadə ediləcək, dəyəri 700 milyon ABŞ dollarından çox olan “General Electric” istehsalı F110 mühərriklərinin satışını rəsmi şəkildə Konqresə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi bildiriş sənədinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti 2026-cı il iyunun 24-də Konqresi satış barədə rəsmi şəkildə məlumatlandırıb. Bununla da Donald Tramp administrasiyası bəzi Konqres üzvlərinin etirazlarına baxmayaraq satış prosedurunu rəsmən başladıb.

Bildirilib ki, satışı nəzərdə tutulan onlarla F110 mühərriki Türkiyənin ilk milli döyüş təyyarəsi olan KAAN-da istifadə ediləcək.

KAAN proqramı Türkiyənin müdafiə sahəsində xaricdən asılılığını azaltmaq məqsədilə 2016-cı ildə başladılıb. Yerli mühərrikin hazırlanması istiqamətində işlər davam etsə də, ilk seriya təyyarələrdə F110 mühərriklərindən istifadə nəzərdə tutulur.

ABŞ qanunvericiliyinə əsasən, Konqresin satışa qarşı birgə rədd qərarı qəbul etməsi üçün 15 günlük müddət var. Belə qərarın qüvvəyə minməsi üçün həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməsi tələb olunur. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp həmin qərara veto qoymaq səlahiyyətinə malikdir.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksəkvəzifəli demokrat üzvü Qreqori Miks satışa etirazını davam etdirərək administrasiyanın onları kifayət qədər məlumatlandırmadığını bildirib.

“Bu avadanlıqlar uzun illər ərzində təhvil verilməyəcək. Administrasiya ABŞ siyasətinə dair əsas məsələlərlə bağlı məlumat tələblərimizi davamlı şəkildə nəzərə almayıb”, - deyə Miks bildirib.

Donald Tramp isə F110 mühərrikləri, F-35 “Lightning II” proqramı və Ankarada keçiriləcək NATO Sammiti ilə bağlı suala cavab olaraq, “Yəqin ki, onları çox sevindirəcək bir addım atacağam”, - deyə bildirib.

ABŞ administrasiyasının mühərrik satışını NATO Sammiti öncəsində rəsmi olaraq Konqresə təqdim etməsi Vaşinqtonun Ankara ilə müdafiə əməkdaşlığını inkişaf etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.

Xatırladaq ki, Türkiyənin 2019-cu ildə S-400 “Prometheus” hava hücumundan müdafiə sistemlərini almasının ardından ABŞ Ankaranı F-35 “Lightning II” proqramından çıxarmış və CAATSA sanksiyalarını tətbiq etmişdi.

ABŞ Konqresi həmçinin Türkiyə S-400 sistemlərinə sahib olduğu müddətdə F-35 “Lightning II” qırıcılarının satışını qadağan edən qanunu qəbul etmişdi.

F110 mühərriklərinin satışının Konqresə təqdim edilməsindən sonra bəzi demokrat konqresmenlər Türkiyəyə F-35 “Lightning II” satışına qarşı olduqlarını yenidən bəyan ediblər.

Nyu-Hempşir ştatını təmsil edən Kris Pappas bildirib: “Ərdoğan hökuməti ABŞ qanunlarını pozmağa və etibarlı demokratik müttəfiqlərimizi təhdid etməyə davam etdiyi müddətdə mükafatlandırıla bilməz. Türkiyəyə qətiyyən F-35 verilməməlidir”.

Nevada ştatını təmsil edən Dina Titus isə Tramp administrasiyası bu istiqamətdə irəliləyəcəyi təqdirdə satışın qarşısını almaq üçün Konqresə birgə rədd qərarı təqdim edəcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KAAN   Türkiyə  


Bizi "telegram"da izləyin