Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, investisiya artan raket tələbatının ödənilməsinə və ABŞ-nin hava və raketdən müdafiə sənayesi infrastrukturunun gücləndirilməsinə xidmət edəcək.
Yeni müəssisələr “L3Harris”in Arkanzas ştatının Kamden şəhərində yerləşən “Arkansas Advanced Propulsion Facilities” (AAPF) kompleksində inşa olunacaq. Layihə şirkətin bərk yanacaqlı raket mühərrikləri və raket hərəkətverici sistemlərinin istehsal gücünü artırmağa yönəlmiş uzunmüddətli investisiya proqramının tərkib hissəsidir.
“L3Harris”in Direktorlar Şurasının sədri və baş icraçı direktoru Kristofer Kubasik bildirib ki, investisiya tamamilə şirkətin daxili vəsaiti hesabına maliyyələşdirilir.
“Qarşıya qoyulan vəzifələrin tələb etdiyi sürətlə irəliləmək üçün Arkanzasdakı yeni müəssisələri öz vəsaitimiz hesabına tikirik. Bu investisiya PAC-3 hərəkətverici sistemlərini daha sürətli və daha böyük həcmdə istehsal etmək imkanlarımızı artıracaq, eyni zamanda ordunun hazırlıq səviyyəsini gücləndirəcək”, - deyə Kubasik bildirib.
Şirkət PAC-3 MSE önləyici raketi üçün ikirejimli bərk yanacaqlı raket mühərriki, “Attitude Control Motor” (ACM) və “Lethality Enhancer” komponentlərini istehsal edir.
Yeni layihə çərçivəsində təxminən 7 min kvadratmetr sahədə tökmə, bərkitmə və yekun montaj müəssisəsi, həmçinin 6500 kvadratmetrlik korpus hazırlıq müəssisəsi tikiləcək.
“L3Harris” bildirib ki, istehsalda süni zəka dəstəyi ilə işləyən avtomatik rentgen yoxlama sistemləri, tam avtomatlaşdırılmış tökmə xətləri və artırılmış bərkitmə imkanları kimi qabaqcıl texnologiyalar tətbiq olunacaq.
Bu texnologiyalar hesabına istehsal prosesinin sürətləndirilməsi və keyfiyyətə nəzarətin daha səmərəli həyata keçirilməsi planlaşdırılır.
Şirkət qeyd edib ki, AAPF kompleksi orta və iri çaplı bərk yanacaqlı raket mühərriklərinin istehsalı üzrə ixtisaslaşacaq. Burada istehsal ediləcək mühərriklər taktiki raketlərdə, hava hücumundan müdafiə sistemlərində, raket əleyhinə müdafiə vasitələrində, hipersəs platformalarında və yeni nəsil raketdən müdafiə proqramlarında istifadə olunacaq.
“L3Harris” həmçinin Alabama, Arkanzas və Virciniya ştatlarında həyata keçirdiyi investisiya proqramı çərçivəsində ümumilikdə 60-a yaxın yeni istehsal obyektinin tikildiyini və ya mövcud müəssisələrin genişləndirildiyini açıqlayıb.
Şirkət bu investisiyalar sayəsində ABŞ üzrə istehsal sahələrini təxminən 1 milyon kvadratfut artıraraq raket və sursatlara artan tələbatı qarşılamağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az