Litva avtomatik ələkeçirmə imkanına malik “Black Wasp” PUA-sını təqdim edib

2026/06/vcbcv-1782452840.jpg
Oxunub: 225     09:43     26 İyun 2026    
Litvanın “Granta Autonomy” şirkəti zərbə, kəşfiyyat və “gəzən sursat”lara qarşı istifadə üçün nəzərdə tutulan “Black Wasp” önləyici Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkət “Militarnyi” nəşrinə məlumat verib.

Bildirilib ki, PUA süni zəka və maşın öyrənməsi əsasında qurulmuş uçuş idarəetmə sistemi ilə təchiz edilib. Bu sistem avtomatlaşdırılmış uçuşu, hədəfin izlənilməsini və son mərhələdə hədəfə yönləndirilməni təmin edir.

Şirkətin məlumatına görə, “Black Wasp” radioelektron mübarizə vasitələrinə qarşı davamlıdır və NATO-nun əksər radar sistemləri ilə inteqrasiya edilə bilir. PUA-nın maksimal uçuş kütləsi təxminən 4 kiloqram, faydalı yükü isə 500 qrama qədərdir. Ölçüləri 600x450x450 mm təşkil edir.

Platforma S və C diapazonlu məlumat ötürmə kanalları ilə təchiz olunub. Onun üzərində gündüz və ya termal kamera quraşdırmaq mümkündür. PUA-nın kreyser sürəti saatda 160 km, maksimal sürəti isə saatda 320 km-dir. Uçuş məsafəsi 20 km, kreyser rejimində havada qalma müddəti 15 dəqiqəyə, maksimal sürətdə isə 6 dəqiqədən çoxa çatır. Maksimal əməliyyat hündürlüyü 7 min metrdir.

“Black Wasp” şirkətin digər məhsulları olan “X-Wing” “gəzən sursat”ı və kəşfiyyat tipli “Hornet XR” PUA-sı ilə inteqrasiya edilir. Bu platformalar ayrıca və ya vahid yerüstü idarəetmə stansiyası vasitəsilə birlikdə istifadə oluna bilir.

2015-ci ildə litvalı mühəndislər Gediminas Quoba və Laurinas Litvinas tərəfindən yaradılan “Granta Autonomy” şirkəti Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından etibarən məhsullarını tədarük edir.

Şirkət məhsullarını real döyüş şəraitinə uyğunlaşdırmaq məqsədilə sınaqları birbaşa döyüş bölgəsində həyata keçirir.

Hazırda şirkət hər il yüzlərlə “Hornet XR” kəşfiyyat PUA-sı, minlərlə GA-FPV kvadrokopteri və yeni “X-Wing” kamikadze PUA-ları tədarük edir.

Bundan əlavə, Ukraynanın “The Fourth Law” şirkəti ilə Litvanın RSI Europe şirkəti “Build with Ukraine” təşəbbüsü çərçivəsində Litvada birgə PUA istehsalına dair razılıq əldə ediblər. Razılaşmaya əsasən, RSI Europe istehsal sahələrini hazırlayacaq, “The Fourth Law” isə PUA istehsalı texnologiyaları və süni zəka həlləri ilə layihəyə dəstək verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Black-Wasp   PUA  


Bizi "telegram"da izləyin