Ukrayna gecə saatlarında Rusiyaya rekord sayda PUA ilə hücum edib

2026/06/1782464201.jpg
Oxunub: 219     12:54     26 İyun 2026    
Ukrayna Silahlı Qüvvələri müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən genişmiqyaslı gecə hücumunu həyata keçirib.

Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 26-na keçən gecə hava hücumundan müdafiə sistemləri 12 region və ilhaq olunmuş Krım üzərində 660 Ukrayna Pilotsuz Uçuş Aparatını (PUA) “aşkar edərək məhv edib”.

Bundan əvvəl ən böyük gecə hücumu 2026-cı il mayın 17-də qeydə alınmışdı. Həmin vaxt Rusiya hərbi qurumu 556 PUA-nın vurulduğunu açıqlamışdı. Bu göstərici iyunun 18-nə keçən gecə demək olar ki, təkrarlanmış, hərbçilər 555 PUA-nın məhv edildiyini bildirmişdilər. Bundan əlavə, iyunun 18-də Ukrayna bir gün ərzində Rusiya istiqamətinə rekord sayda, 992 PUA buraxmışdı.

Ötən gecə Ukrayna Silahlı Qüvvələrinin əsas hədəflərindən biri Tula vilayəti olub. Vilayət qubernatoru Dmitri Milyayevin sözlərinə görə, burada 157 PUA vurulub. O, Novomoskovsk şəhərində sənaye müəssisəsinə və Şçyokino rayonunda fərdi yaşayış evinə ziyan dəydiyini, bir qadının yaralandığını bildirib.

“Astra”nın məlumatına görə, PUA-lar ammonyak və azot gübrələrinin Rusiyadakı ən iri istehsalçılarından biri olan, həmçinin “Reuters”in məlumatına əsasən partlayıcı maddələrin istehsalı üçün xammal tədarük edən “Azot” zavodunu vurub. Novomoskovsk şəhərində 115 mindən çox əhalinin yaşadığı yaşayış məntəqəsinin təxminən 60 faizini istilik və isti su ilə təmin edən İstilik Elektrik Mərkəzində də yanğın baş verib.

Ukraynanın digər əsas hədəflərindən biri Moskva olub. Şəhər meri Sergey Sobyaninin sözlərinə görə, gecə ərzində paytaxtın yaxınlığında azı 47 PUA vurulub. O, əlavə təfərrüatlar açıqlamayıb, yalnız fövqəladə xidmətlərin PUA qalıqlarının düşdüyü ərazilərdə işlədiyini bildirib. Yaralananlar barədə məlumat verilməyib.

Hücumlar fonunda Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

“The Wall Street Journal” yazır ki, Ukrayna getdikcə daha çox sayda PUA ilə Rusiya ərazisinə hücum edir ki, bu da Rusiya hava hücumundan müdafiə sistemlərinin həddindən artıq yüklənməsinə səbəb olur. Qəzetin hesablamalarına görə, Rusiya Müdafiə Nazirliyi may ayında 8 min 849 PUA-nın vurulduğunu açıqlayıb. Müqayisə üçün, bu göstərici yanvarda 3 min 676, ötən ilin mayında isə 2 min 504 olub.

Bunun nəticəsində hücumların effektivliyi artır. Janes müdafiə analitik şirkətinin məlumatına görə, bu il Ukraynanın Rusiya arxa cəbhəsinə endirdiyi uğurlu zərbələrin təxminən 35 faizi iyun ayının payına düşür.

Bundan bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti üçün Rusiyaya qarşı “40 günlük təsir əməliyyatı”nı təsdiqlədiyini açıqlayıb. O bildirib ki, məqsəd müharibənin dayandırılmasına nail olmaqdır, lakin əməliyyatın detalları barədə məlumat verməyib.

Bundan əvvəl isə Zelenski “uzaqmənzilli sanksiyalar planı”, “orta mənzilli sanksiyalar” və xüsusi təyinatlı “Alfa” mərkəzinin cəbhədəki fəaliyyəti ilə bağlı müzakirələr apardığını açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin