ABŞ Dəniz Piyadaları Korpusu Okinavanı niyə möhkəmləndirir?

2026/06/Ekran-1782417179.jpg
Oxunub: 173     23:57     25 İyun 2026    
ABŞ Dəniz Piyadaları Korpusu adada NMESIS gəmi əleyhinə raket sistemləri və MADIS hava hücumundan müdafiə sistemlərini yerləşdirir. Bunun arxasında isə yalnız bir açıq hədəf görünür.

ABŞ Dəniz Piyadaları Korpusu Sakit okeanın ən mühüm adalarından birini, yəni Okinavanı möhkəmləndirir. Məqsəd gələcəkdə Çinin mümkün hərbi əməliyyatlarına qarşı hazırlığı artırmaqdır.

Okinavada yerləşən Dəniz Piyadaları bölmələri yaxın vaxtlarda müasir hava hücumundan müdafiə sistemləri və gəmi əleyhinə raket kompleksləri ilə təchiz olunub. Bu da ABŞ-nin Qərbi Sakit okeandakı hərbi mövcudluğunun əsas dayaqlarından hesab edilən adanı Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə (PLAN) qarşı mümkün gələcək döyüşlərə daha yaxşı hazırlayır.

Okinavadakı yeni hava hücumundan müdafiə sistemləri

İyun ayında Okinavadakı Dəniz Piyadaları bölmələri “Navy-Marine Expeditionary Ship Interdiction System” (NMESIS) və “Marine Air Defense Integrated System” (MADIS) komplekslərini qəbul ediblər.

NMESIS “Naval Strike Missile” raketindən istifadə edən quru əsaslı gəmi əleyhinə raket sistemidir. O, sahilyanı bölgələrdə düşmən gəmilərinin hərəkətini məhdudlaşdırmaq üçün hazırlanıb. Yüksək hərəkət qabiliyyətinə malik olduğu üçün ada müdafiəsi tapşırıqları üçün xüsusilə əlverişlidir. Sistem qısa müddətdə mövqeyini dəyişə və müxtəlif istiqamətlərdən yaranan təhlükələrə operativ reaksiya verə bilir.

MADIS isə qısa mənzilli quru əsaslı hava hücumundan müdafiə sistemidir. O, aşağı hündürlükdə uçan təyyarələri, helikopterləri və Pilotsuz Uçuş Aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulub. Sistem 30 millimetrlik avtomatik top və FIM-92 “Stinger” hava hücumundan müdafiə raketləri ilə silahlandırılıb. Bu silahların birgə tətbiqi vəziyyətdən asılı olaraq müxtəlif təhlükələrə, xüsusilə də müasir döyüş meydanında geniş yayılan PUA-lara qarşı effektiv mübarizə aparmağa imkan verir.

ABŞ Dəniz Piyadaları Korpusu bu iki silah sistemini 2024-cü ildə tam əməliyyat hazırlığına malik elan edib və korpusun digər bölmələri artıq onlardan istifadə edir.

Dəniz Piyadaları Korpusu Okinavaya bu silah sistemlərinin göndərilməsi ilə bağlı açıqlamasında bildirib: “Qüvvələrin Yenidən Qurulması təşəbbüsünün əsas elementlərindən biri olan NMESIS və MADIS sistemləri Dəniz Piyadaları Korpusunun modernləşmə prosesində mühüm addımdır. Bu sistemlər Okinavada yerləşən 3-cü Dəniz Piyada Diviziyasının şəxsi heyətinə mürəkkəb sahilyanı əməliyyat mühiti üçün hazırlanmış ən müasir quru əsaslı gəmi əleyhinə və PUA əleyhinə imkanlar təqdim edir.”

Hər iki yeni silah sistemi 3-cü Dəniz Piyada Diviziyasının tərkibində fəaliyyət göstərən 12-ci Sahilyanı Dəniz Piyada Alayında xidmət edəcək. Zərurət yaranarsa, hər iki sistem Sakit okeanın digər bölgələrinə də operativ şəkildə göndərilə bilər. Onlar taktiki nəqliyyat təyyarələri və amfibiya döyüş gəmiləri ilə daşına bilir.

ABŞ Dəniz Piyadaları Korpusu açıqlamasında əlavə edib: “3-cü Dəniz Piyada Diviziyası bölgədə çəkindirmə qabiliyyətini qorumaq, Sakit okeanda sülh və sabitliyin təmin olunmasına töhfə vermək məqsədilə yüksək döyüş hazırlığını və çevikliyini davam etdirir”.

Bu iki silah sisteminin Okinavaya yerləşdirilməsi ABŞ-nin regiondakı hərbi imkanlarının gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri də Okinavanın əsas aviabazası və regionun ən mühüm hərbi obyektlərindən biri olan Kadena aviabazasında kəşfiyyat, müşahidə və nəzarət (ISR) imkanlarını gücləndirmişdi.

ABŞ Okinavadakı müdafiəsini niyə gücləndirir?

Son on ildə bir çox analitik hesab edir ki, Hind-Sakit okean regionunda Çinlə hərbi qarşıdurma ehtimalı əhəmiyyətli dərəcədə artıb. Pekinin qlobal gücə çevrilmək ambisiyası və “Çin xalqının böyük dirçəlişi” məqsədi çərçivəsində Tayvanı, zərurət yaranarsa hərbi güclə öz nəzarətinə qaytarmaq niyyəti onu birbaşa ABŞ ilə qarşıdurma xəttinə gətirib çıxarır.

1949-cu ildə Çan Kayşekin rəhbərlik etdiyi hökumət Mao Tszedunun rəhbərlik etdiyi Kommunist Partiyasına vətəndaş müharibəsində məğlub olduqdan sonra Tayvan adasına çəkildi və o vaxtdan etibarən fəaliyyətini burada davam etdirir.

Son səksən il ərzində kommunist Çin Tayvanı diplomatik yollarla öz nəzarətinə qaytarmağa çalışıb. Uzun illər “Bir ölkə, iki sistem” prinsipi çərçivəsində Tayvanın Çinə qoşulması mümkün variant kimi müzakirə olunurdu. Lakin 1997-ci ildə Honq Konqun Çinin nəzarətinə qaytarılması və 2019-cu ildə həmin ərazidə demokratik institutların ciddi şəkildə məhdudlaşdırılması Tayvan cəmiyyətində bu modelə inamı xeyli zəiflədib.

Tayvan administrasiyasının hazırkı Prezidenti Uilyam Lay Çinq-te Pekinlə yenidən birləşməyə açıq şəkildə qarşı çıxır. O, özünü vaxtilə “Tayvanın müstəqilliyi uğrunda çalışan praqmatik siyasətçi” adlandırmışdı.

Çinin Tayvanı diplomatik yollarla öz nəzarətinə qaytarmaq cəhdləri nəticə vermədiyi üçün Pekin əks istiqamətdə hərəkət edərək ada ətrafında hava və dəniz hərbi təlimlərinin miqyasını əhəmiyyətli dərəcədə genişləndirib.

Bu vəziyyət ABŞ və onun Sakit okeandakı müttəfiqləri, o cümlədən Yaponiya arasında ciddi narahatlıq yaradıb. Müharibə qaçılmazdırmı? Əlbəttə ki, yox. Lakin sülhün də zəmanəti yoxdur. Məhz buna görə ABŞ Silahlı Qüvvələri zərurət yarandığı halda operativ reaksiya vermək üçün regiondakı hərbi imkanlarını ardıcıl şəkildə gücləndirməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dəniz-Piyadaları-Korpusu   Okinava  


Bizi "telegram"da izləyin