“The Insider”: “Beretta” sanksiyalardan yan keçərək Rusiyaya atıcı silah ixracını davam etdirir

2026/06/vbvbv-1782454412.jpg
Oxunub: 259     10:09     26 İyun 2026    
Avropanın “Beretta Holding” silah istehsalçısı qüvvədə olan sanksiyalardan yan keçərək Rusiyaya odlu silah tədarükünü davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə “The Insider” nəşrinin araşdırmasında bildirilib.

Araşdırmaya əsasən, jurnalistlər Rusiya təhlükəsizlik qurumlarına Avropa istehsalı olan silahların genişmiqyaslı idxalını təsdiqləyən sənədlər əldə ediblər.

Məlumata görə, “Beretta Holding”in baş direktoru Pyetro Qussaqli Beretta 2022-ci il ərzində Rusiyanın “Russkiy Orel” MMC idxal şirkətinin direktorlar şurasında şəxsən təmsil olunub. Ukraynaya qarşı genişmiqyaslı müharibə başladıqdan sonra belə bu şirkət Avropa istehsalı olan 3900-dən çox odlu silah qəbul edib.

Bildirilir ki, 2022-ci ilin martından 2024-cü ilin fevralınadək Rusiya idxalçıları ümumilikdə ən azı 15337 Qərb istehsalı silahı qeydiyyatdan keçiriblər. Onların 6064-ü, yəni təxminən 40%-i “Beretta Holding”ə daxil olan “Benelli Armi”, “Fabbrica D'Armi Pietro Beretta”, “Beretta Benelli Iberica”, “Sako Limited” və “Stoeger Silah Sanayi” müəssisələrində istehsal olunub.

2025-ci ildən etibarən “Russkiy Orel” tərəfindən idxal edilən İtaliya istehsalı “Benelli” yarımavtomatik tüfənglərindən Rusiya Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti istifadə edir. Rusiya hərbçiləri və xüsusi xidmət orqanları Ukraynanın FPV tipli pilotsuz uçuş aparatlarına qarşı müdafiə məqsədilə “Benelli M2”, “Benelli M3” və “Benelli M4” modellərindən istifadə edir, həmçinin taktiki atıcılıq yarışlarında bu silahlardan yararlanırlar.

Bundan başqa, Rusiya təhlükəsizlik qüvvələri və snayperləri “Beretta Group”a məxsus Finlandiya zavodunda istehsal olunan “Sako” və “Tikka” tüfənglərindən də geniş istifadə edirlər. Bu uzaqmənzilli yüksək dəqiqlikli silahlar Sterlitamak şəhərində keçirilən “Russian Sniping Cup” yarışlarında da müşahidə olunub.

Araşdırmada qeyd olunur ki, Avropa istehsalı olan odlu silahların Rusiya bazarına tədarükü 2026-cı ildə də “Beretta Holding”in mövcud tərəfdaşları vasitəsilə davam edib. Belə ki, holdinqin biznes tərəfdaşı Mixail Xubutiyaya məxsus “Kolçuqa” şirkəti 2026-cı ilin martında .308 Win və .30-06 Springfield çaplı “Benelli Argo-E” karabinlərinin yeni partiyasını qəbul edib.

ABŞ bu hadisələrə cavab olaraq 2024-cü ilin iyununda “Russkiy Orel” şirkətini sanksiyalar siyahısına daxil edib. ABŞ hüquq-mühafizə orqanları Qırğızıstan və ABŞ-də Rusiyaya saxta şirkətlər vasitəsilə silah və sursat göndərən vasitəçilərin saxlanılması ilə nəticələnən əməliyyatlar həyata keçiriblər.

Məlumata görə, İtaliya vətəndaşı Manfred Qruber Bruklində keçirilən məhkəmədə Rusiyaya 540 min ABŞ dollarından artıq dəyərdə sursat qaçaqmalçılığı etdiyini etiraf edib. Onun “Bignami S.p.a.” şirkəti uzun müddət Xubutiyanın tərəfdaşları ilə əməkdaşlıq edərək məhdudiyyətlərdən yan keçməklə logistikanı təmin edib.

Bununla belə, Avropa İttifaqı və İtaliya tənzimləyici qurumları hələ də silah qaçaqmalçılığı ilə bağlı rəsmi araşdırmaya başlamayıblar. İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Maliyyə Təhlükəsizliyi Komitəsi jurnalistlərin sorğusuna cavab olaraq silah embarqosuna nəzarət etmək səlahiyyətinə malik olmadığını bildirib.

Məsələ 2026-cı il fevralın 18-də İtaliya Deputatlar Palatasının Təhlükəsizlik Komitəsinin iclasında da müzakirə olunub. Dinləmələr zamanı “Beretta” rəhbərləri Franko Qussaqli Beretta və Karlo Ferlito genişmiqyaslı qaçaqmalçılıq ittihamlarını rədd edərək Rusiyaya cəmi 15 ov tüfənginin göndərildiyini iddia ediblər. Deputat Marko Pelleqrini istintaqın 6 min tüfəng və 1 milyon patronun ixracına dair rəsmi məlumatlarını açıqladıqdan sonra Komitənin sədri Antonino Minardo dinləmələri təcili şəkildə bağlayıb.

“Beretta Holding” jurnalistlərin rəsmi sorğusuna cavab olaraq bütün ittihamları rədd edib və şirkətin nüfuzuna xələl gətirmək cəhdlərinin olduğunu bildirib. Holdinq həmçinin “Russkiy Orel” MMC-nin konsolidasiya olunmuş maliyyə hesabatlarından çıxarıldığını, qeyd olunan uyğunluq sertifikatlarının isə saxta məhsullara aid ola biləcəyini iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beretta   Rusiya   Silah  


Bizi "telegram"da izləyin