Aİ namizəd ölkələrin mərhələli inteqrasiyası planını hazırlayır

2025/10/1759499569.jpg
Oxunub: 231     13:09     26 İyun 2026    
Avropa Komissiyası Avropa İttifaqına üzvlüyə namizəd ölkələrə birliyə tam üzv olmamışdan əvvəl iqtisadi güzəştlərin verilməsini nəzərdə tutan yeni proqram hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri iki rəsmi şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Avropa İttifaqı ölkələrinin hökumətləri üzvlük üçün tələbləri yumşaltmadan genişlənmə prosesini sürətləndirməyin yollarını axtarırlar.

Rəsmilərin sözlərinə görə, təkliflər Avropa Komissiyasının namizəd ölkələrin “mərhələli inteqrasiyası” strategiyasının tərkib hissəsidir. Bu yanaşmaya əsasən, namizəd dövlətlər islahatları həyata keçirdikcə və üzvlüklə bağlı müraciətlərinə baxıldığı müddətdə daha geniş hüquqlardan yararlana biləcəklər.

“Politico”nun məlumatına görə, müzakirə olunan güzəştlər sırasına Avropa İttifaqının bəzi maliyyə proqramlarında iştirak, güzəştli ticarət sazişləri və tam üzvlükdən əvvəl vahid bazara qismən çıxış imkanları daxildir.

Bununla yanaşı, hər bir namizəd ölkə üçün nəzərdə tutulacaq güzəştlər paketi fərqli olacaq. Rəsmilərdən birinin sözlərinə görə, təqdim olunacaq imkanlar hər bir ölkənin Avropa İttifaqı qaydalarına nə dərəcədə uyğunlaşmasından və həyata keçirdiyi islahatlardan asılı olacaq.

Qeyd olunur ki, bu yanaşmanın əsas məqsədi namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya yolunda qalmasını təmin etmək və eyni zamanda onlara islahatların davam etdirilməsi üçün əlavə stimul yaratmaqdır.

Nəşr yazır ki, mərhələli inteqrasiya modeli namizəd ölkələrə tam üzvlük olmadan da üzvlüyə bərabər iqtisadi üstünlüklər təqdim edə bilər. Bildirilir ki, bu təşəbbüs əvvəlki oxşar proqramlarla müqayisədə daha geniş siyasi dəstək qazanıb.

Avropa Parlamentinin genişlənmə strategiyasını hazırlayan litvalı deputat Pyatras Auştryaviçyus bildirib: “Müəyyən paralel, lakin zəruri iqtisadi inteqrasiyaya ehtiyac var. “Daha çox islahat - daha çox üstünlük” prinsipi özünü doğruldub və digər namizədlərlə müqayisədə daha uğurlu nəticələr əldə edən ölkələrin dəstəklənməsi üçün qəbul edilməlidir”.

“Politico”nun məlumatına görə, Avropa Komissiyası bu təşəbbüsə Aİ üzvü olan ölkələrin paytaxtlarının dəstəyini qazanmağa çalışır. Rəsmilər ümid edirlər ki, Avropa Şurasının oktyabr və ya dekabr iclasında liderlər daha geniş proqram üzrə işlərin başlanmasına razılıq verəcəklər.

Nəşr qeyd edir ki, bu yanaşma Ukrayna kimi ölkələrin də prosesə tam cəlb olunmasını təmin etməyə hesablanıb. Çünki Ukraynanın Avropa İttifaqına üzvlüyü güclü siyasi dəstəyə baxmayaraq, sürətli üzvlük vədləri olmadan uzun illər tələb edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin