Ordu.az xəbər verir ki, bunu BAEA-nın Baş direktoru Rafael Qrossi Yaponiyanın Milli Mətbuat Klubunda jurnalistlərə açıqlamasında bildirib.
Qrossi qeyd edib ki, əldə olunan anlaşma memorandumunda nüvə məsələlərinin BAEA-nin nəzarəti altında olacağı açıq şəkildə göstərilib.
“Bir məsələ mübahisəsizdir - anlaşma memorandumu mövcuddur. Orada birbaşa qeyd edilir ki, memorandumun nüvə hissəsi nəzarət altında olacaq. Bu nəzarəti BAEA həyata keçirir. Nəzarəti təmin etmək üçün isə yoxlamalar aparılmalıdır, başqa yol yoxdur. Texniki işlər artıq başlayıb və yaxın vaxtlarda yoxlamalara keçəcəyimizə ümid edirik”, - deyə o bildirib.
İranda yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının yerləşdiyi məkan barədə danışan Qrossi onların böyük ehtimalla 2025-ci ilin iyununda olduqları yerdə qaldığını bildirib.
Onun sözlərinə görə, ehtiyatların böyük hissəsi Fordo obyektində, bir hissəsi isə Natanzda yerləşir.
“Bu bizim qiymətləndirməmizdir. Lakin bunu təsdiqləmək üçün ilk növbədə həmin obyektlərə giriş əldə etməliyik”, - deyə BAEA rəhbəri vurğulayıb.
Qrossi xatırladıb ki, 2025-ci ilin iyununda agentliyin mütəxəssisləri son səfər zamanı bütün nüvə materiallarını ölçüb, çəkib və möhürləyiblər.
“Buna görə də hər hansı fəaliyyətə başlamazdan əvvəl geri qayıdaraq möhürlərimizin salamat qalıb-qalmadığını və materialın hər hansı hissəsinin itkin olub-olmadığını yoxlamalıyıq. Bu, bizim üçün prioritet məsələdir”, - deyə Rafael Qrossi əlavə edib.
Sevinc Əliyeva
Ordu.az