NATO Baş katibi: “ASELSAN Türkiyənin müdafiə sənayesi inqilabına liderlik edir”

2026/06/1782461012.jpg
Oxunub: 272     11:59     26 İyun 2026    
NATO-nun Baş katibi Mark Rütte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin NATO-nun ümumi müdafiə potensialına birbaşa töhfə verdiyini bildirərək, ASELSAN-ın bu dönüşüm prosesinə liderlik etdiyini deyib.

Ordu.az xəbər verir ki, Mark Rütte bu fikirləri Vaşinqtonda keçirilən Atlantik Şurasının tədbirində, 2026-cı il iyulun 7-8-də Ankarada baş tutacaq NATO Sammiti öncəsi çıxışı zamanı səsləndirib.

Rütte bildirib ki, yaz aylarında Türkiyəyə səfəri çərçivəsində ASELSAN-da gənc mühəndislərlə görüşüb.

“Türkiyənin ən böyük müdafiə elektronikası şirkəti olan ASELSAN alyansın bütün üzvlərinə fayda verəcək Türkiyənin müdafiə sənayesi inqilabına liderlik edir”, - deyə NATO Baş katibi vurğulayıb.

O qeyd edib ki, Ankarada keçiriləcək NATO Sammitində müdafiə sənayesi əsas gündəm mövzularından biri olacaq və sammit çərçivəsində genişmiqyaslı müdafiə sənayesi tədbiri təşkil ediləcək.

“Türkiyədə NATO üzrə fəaliyyət göstərən təxminən 3 min müdafiə sənayesi şirkəti var. Ankara sammitində böyük müdafiə sənayesi günü keçirəcəyik”, - deyə Rütte bildirib.

Onun sözlərinə görə, sammit zamanı on milyardlarla ABŞ dolları dəyərində yeni müdafiə sənayesi müqavilələrinin elan olunacağı gözlənilir.

Mark Rütte həmçinin vurğulayıb ki, transatlantik müdafiə sənayesi daha da gücləndirilməlidir və bu ekosistem yalnız Avropa ilə ABŞ-ni əhatə etmir.

“Biz buna həqiqətən transatlantik yanaşmalı və bu sənaye bazasının Kaliforniyadan Türkiyəyədək uzandığını anlamalıyıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ASELSAN  


Bizi "telegram"da izləyin