Tramp: “İran ABŞ kənd təsərrüfatı məhsullarının yeni ixrac bazarına çevriləcək”

2026/06/1782210444.jpg
Oxunub: 200     10:30     26 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında İran aktivlərinin dondurulmasının ləğvi ilə bağlı əldə olunan razılaşmalar fonunda İranın ABŞ kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarına çevriləcəyini bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin Qızılgül bağında amerikalı fermerlərlə keçirilən şam yeməyi zamanı danışıb.

“Bu bazar böyük olacaq. Düşünürəm ki, çox böyük olacaq”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp tədbirdə iştirak edən fermerlərdən İrana səfər etmək istəyən olub-olmadığını soruşsa da, Ağ Evin mətbuat xidmətinin jurnalistlərinin müşahidəsinə görə, heç kim əlini qaldırmayıb.

“The New York Post” qəzeti cümə axşamı yüksəkrütbəli ABŞ-li rəsmiyə istinadən yazıb ki, əldə olunan razılaşmaya əsasən, dondurulmuş İran vəsaitləri faktiki olaraq Tehranın birbaşa sərəncamına verilməyəcək.

Vaşinqtonun mövqeyinə görə, dondurulmuş vəsaitlər birbaşa İranın kənd təsərrüfatı məhsulları, tibbi avadanlıqlar və digər mallar ala biləcəyi şirkətlərə köçürüləcək.

İran KİV-i isə Tehranın iki tranş şəklində 12 milyard ABŞ dolları alacağını yazıb.

Donald Tramp çərşənbə günü ABŞ-nin indiyədək İrana heç bir vəsait ödəmədiyini və əvvəllər dondurulmuş aktivlərdən pul köçürmədiyini bəyan edib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə bildirib ki, İran aktivlərinin dondurulmasının ləğvi mümkündür, lakin həmin vəsaitlər İranın dəstəklədiyi qruplaşmaların maliyyələşdirilməsinə deyil, məsələn, ABŞ kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilməlidir.

Bununla belə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf cümə axşamı bəyan edib ki, Tehran aktivləri sərbəst buraxılacağı halda onları ABŞ məhsullarının alınmasına sərf etmək niyyətində deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin