“Bloomberg”: Pentaqon süni zəkanın hərbi hədəflərin seçilməsində rolunun artırılmasını mümkün hesab edir

2026/06/1780570133.jpg
Oxunub: 252     12:57     26 İyun 2026    
ABŞ Müharibə Nazirliyi hədəflərin müəyyənləşdirilməsi doktrinasını yeniləyib və gələcəkdə bu prosesdə süni zəkanın daha geniş rol oynaya biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Pentaqonun daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni prinsiplər “süni zəkanın insan nəzarəti altında əməliyyatları başlatdığı sistemlərə” keçid imkanını nəzərdə tutur. Agentlik qeyd edib ki, hazırkı qaydalara əsasən əməliyyatların başlanmasına dair qərarı insan verir.

Sənəddə bildirilib ki, gələcəkdə döyüş əməliyyatlarının sürəti və ABŞ-nin rəqiblərinin süni zəka sahəsində əldə etdiyi nailiyyətlər ABŞ Silahlı Qüvvələrini tam avtonom sistemlərdən istifadəyə başlamağa vadar edə bilər.

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin nümayəndəsi Bloomberg-ə bildirib ki, hədəflərin müəyyənləşdirilməsi doktrinasına edilən dəyişikliklər uzun illər davam edən hərtərəfli prosesin nəticəsidir və müxtəlif əməliyyatlardan əldə edilən təcrübəyə əsaslanır.

Pentaqon rəsmisi isə vurğulayıb ki, Müharibə Nazirliyinin istifadə etdiyi süni zəka texnologiyaları avtonom rejimdə hədəf seçmir və onları məhv etmir. Onun sözlərinə görə, bütün qərarlar üzərində nəzarət komandanlıq tərəfindən saxlanılır.

Daha əvvəl ABŞ mətbuatı xəbər vermişdi ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatın planlaşdırılması zamanı hədəflərin seçilməsi üçün Claude süni zəka modeli əsasında işləyən Maven Smart System uçuş idarəetmə platformasından istifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin